Gələcək zamanın yumurtası

“Həmişə sənə elə gəlir ki, əldə etmədiklərin əlində olanlardan daha yaxşıdır. İnsan həyatının romantika və idiotizmi elə bundadır”

(E.M.Remark)

Avropa Birliyi ölkələri qərara gəliblər ki, indən belə yay-qış vaxtına keçmək, saatları dala-qabağa çəkmək kimi mənasız hərəkətə son qoysunlar. İnsanovun sözü olmasın, bizim Avropaya birləşməyimiz uzun çəkdi, Avropa özü gəldi bizə birləşdi. Nöşün ki, biz bu saat fırlatmaq işini hələ 4-5 il qabaqdan rədd eləmişik, çıxıb gedibdir. Məhəmmədhüseyn Şəhriyarın yazdığı “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar” beyti də qüvvədən düşmüş sayıla bilər. İş bilən bizik.

Özü də bu yay-qış vaxtına keçməyi niyə ləğv eləmişdik? Çünki zamanı artıq özümüzə tabe etmişdik. Keçmişə getmək, gələcəkdə olmaq, indini istədiyimiz formada fırlatmaq bizdə ümummilli səviyyəyə qalxmışdı. Keçmiş xoşumuza gəlməyəndə, Tarix İnstitutundan Yaqub müəllimə deyirik, götürür təzədən yazır. Yazıya da pozu yoxdur. Necə yazıbsa, deməli, o cür yaşamışıq. Uzaqgörənliyimiz, gələcəyə baxışımız isə çoxdan məlumdur. Bütün dünya əvvəl-axır bizim yaşayış sisteminə keçəcəkdir, çünki biz bunun projesini gələcəkdən gətirmişik. Fantastik filmlərdəki zaman maşınını düzəltmişik, biləsiniz. Nə olsun fərli maşın zavodumuz yoxdur? Qoy belə xırda projelərlə nemeslər, yaponlar, koreyalılar məşğul olsun.

Bu yaxında bir vətəndaş dükandan aldığı yumurtanın şəklini çəkib şikayət yazmışdı, deyir, mən yumurtanı ayın 12-də almışam, lakin bunun üstündə istehsal tarixi ayın 14-ü yazılıbdır. Guya ticari saxtakarlığın üstünü açmışdır. Rəhmətliyin oğlu, sənə gələcəkdən gələn yumurta verirlər, sən isə mızıldanır, donquldanırsan. Millətə yaxşılıq yoxdur. Toyuğun dünən, bu gün, bu an yumurtladığı yumurtanı bütün dünya yeyir, biz isə gələcəyə baxmalıyıq. Başqa xalqlar keçmişini, indiki qazancını yeyir, biz isə gələcəyimizi yeyirik. Buna görə Binəqədi rayon JEK işçiləri adından dərin minnətdarlığımı bildirirəm. Kimə – bunu gələcək göstərər, hələ əyan olmamışdır.

Deyir bir nəfər də bu gələcək-keçmiş zaman temasında məzələnmək üçün yaxınlaşır Şəkidə qəzet köşkünə, sabahkı qəzeti istəyir. Şəkili heç əhvalını pozmadan deyir: “Qardaş, sabahkı qəzet dünəndən satılıb qurtarıb”. Elə bəzi hörmətli, əziz oxucular dünən maraqlanırdılar, soruşurdular niyə mənim yazım olmadı, nə üçün “Diqlas” ticarət mərkəzinin yanmasından heç zad cızmaqara etməmişəm. Əslində yazım var idi, o da mərkəzlə birgə yandı. İndi icra hakimi ümid edirəm onun qonorarını ödəməyə yardım əlini uzadacaqdır. Yoxsa bizim də sığortamız yoxdur, hər dəfə neçə işarə yazımız yanır.

Qaldı “Diqlas” niyə yanıb, bunun səbəbi dilimizlə bağlıdır. Gərək obyektin adını milli dildə qoyasan. Yoxsa bu nədir? Duqlasdır, Dəclədir, ya başqa sözdür – kimsə bilmir. AMEA dil komissiyası gərək oranı çoxdan yandıraydı. Adam dükanın adını milli dəyərlərimizə uyğun qoymalıdır. Misal üçün, “Binə”, “Sədərək”, “Nəsimi bazarı”, lap elə “Bazarstore” və “Bravo” dükanları niyə yanmır? Çünki adı millidir. Anlaşılandır.

Sözgəlişi, bu «Diqlas»ın adını internetdə axtarışa verəndə ilk çıxan “Diqlas yanğın”la yanaşı “Diqlas gəlinlik” sözləri olur. Sən demə, orda bütün Qafqazın ən böyük gəlinlik paltarı salonu varmış. Bu da millətimizin gəlin məsələsinə necə önəm verdiyini göstərir. Bəlkə də oranı qaçan gəlinlərdən hansısa yandırıbdır. Ancaq indən belə gəlinlərimiz haradan paltar alıb geyinəcək, bunun üzərində düşünməliyik. Dövlət proqramı olsa pis olmazdı.

Bir də həmişəki kimi yanan obyektin yiyəsini tapa bilmirik, bu isə bizim Avropadan başqa fərqimizdir. Oralarda hər qarış yerin, hər dükan piştaxtasının, hər tərəzinin yiyəsi var, bizdə isə yiyəsizlikdir. Pis mənada yox. Ümummilli əmlakdır, ona görə! Millətimizə məxsusdur. Xəzər dənizi, Göygöl, Şahdağ, Kür-Araz, Azəri-Çıraq-Günəşli-dən biri də Diqlas idi. Bax bu dəqiqə avropalılar müəllif hüququ məsələsində də interneti ciddi tənzimləmək qərarına gəliblər. Ancaq bizdə heç bir müəllif hüququ yoxdur. Yaradılan bütün yazı-pozu, əsərlər xalqa məxsusdur. Ona görə axırda adama xalq şairi, xalq artisti adı verirlər, xaricdə isə heç zad verilmir.

Azərbaycanımızın qədrini bilək, onu yanmağa qoymayaq!

Загрузка...