Hər zaman tarixi zəfərləri və rəhbərlik etdiyi savaşlarla yaddaşlarda qalan Musatafa Kamal Atatürkün bir neçə eşq həyatı haqqında da məlumatlar var. Atatürkün Bolqar generalın qızı ilə olan eşq həyatı haqqında maraqlı bilgilər var. Bu haqda türkiyəli yazar İpek Çalışların “Mustafa Kemal Atatürk Mücadelesi ve Özel Hayatı” adlı kitabında ətraflı məlumatlar yer alıb.
Musavat.com sizə kitabda yer alan məlumatlar əsasında Atatürkün Bolqar generalının qızı ilə olan maraqlı eşq həyatı haqqında bəzi detalları təqdim edir.
O, 27 oktyabr 1913-cü ildə Sofiya hərbi ataşeliyinə təyin edilərək yaxın dostu, Sofiya səfiri Fəthi bəyin əmrində vəzifəsini icra etməyə başlamışdı. Təyin edildiyi bu önəmli vəzifə onun üçün özünü siyasi cəhətdən göstərməkdə böyük bir fürsət idi.
Lakin təyin olduğu yerdə Atatürkü gözləyən bir eşq, qovuşa bilməyən sevgililərin hekayəsi var idi.
Dimitrina Koçareva Bolqarıstanın məşhur generallarından sayılan Stilyan Koçarev ilə Anna Koveçevanın qızı idi. Dimitrina Koçareva eyni zamanda yaxşı səviyyədə pianoda ifa etməsi və gözəl qadın olması ilə də xatırlanır.
Tez-tez şənliklərə və xeyirxah tədbirlərə qatılan gənc qadının Mustafa Kamal Atatürk ilə tanış olması da bu vəsilə ilə olub. Onlar ortaq dostları olan Dima Açkovun vasitəsilə yaxından tanış olurlar. Qatıldıqları bir şənlikdə Atatürk tərəfindən rəqsə dəvət edilən Dimitrina Koçareva ilə münasibətlər daha da irəliləyir.
Mustafa Kamal Atatürk Koçarev ailəsi ilə yaxından tanış olmağa başlayır, hətta onların evlərinə də tez tez gedib-gəlir. Ailələr arasında dostluq bağları qurulur. Bir müddət sonra da Dimitrina Koçareva Atatürkdən evlilik təklifi alır.
Hətta eyni dönəmdə Sofiyada səfir olaraq işləyən Fəthi bəy də Bolqarıstanın keçmiş baş naziri Raço Petrovun qızına aşiq olur. Onlar birlikdə qızlara elçi düşürlər. Lakin istəkləri gözlədikləri kimi baş tutmur. Çünki Fəthi bəy ilə Mustafa Kamal Atatürk Bolayırda bolqar generallara qarşı vuruşmuş iki qəhrəman zabit kimi tanınırdı. Bu vəziyyəti qəbul edə bilməyəcəklərini söyləyən general və keçmiş baş nazir qızları verməkdən imtina etmişdi.
Bolqar yazar Paruşevin bir kitabında qeyd etdiklərinə görə, Mustafa Kamal Atatürk Çanaqqalaya təyin edildiyini bildikdən sonra Sofiyaya gələrək Dimitrina Koçareva ilə vidalaşıb.
Dimitrinanın bacısının dediyinə görə isə ölmədən bir gün öncə o, “dünən axşam yuxumda Kamalı gördüm” deyib.
İki aşiq heç vaxt qovuşmasalar da bir-birilərində dərin izlər buraxdılar. Mustafa Kamal üçün Dimitrina modern qadın idealının vücud tapmış halı idi. Dimitrina üçün isə Mustafa Kamal eşqin və heyranlığın özü idi.
Son olaraq Mustafa Kamal Atatürkün fransızcadan tərcümə etdiyi və Dimitrina ilə qovuşa bilmədikləri sevgilərinə istinadən yazdığı şeiri sizlərə təqdim edirik.
Qeyd edək ki, şeiri Türk rok musiqisinin məşhur sənətçilərindən olan Fikret Kızılok səsləndirir.
Turan Oruc,
Musavat.com