Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

Novruz bayramını sevən azərbaycanlılar təkcə ölkə hüdudlarında deyillər. Bayramı qeyd edən gənclər arasında indi ölkə xaricində yaşayanlar var.

Təhsil, iş həyatının uzaqlara apardığı gənclər Oxu.Az-a Novruz bayramını həmin ölkələrdə necə qeyd etdikləri haqda danışdılar.

Gənclərin əksəriyyəti sadəcə Novruz şirniyyatları üçün çox darıxdıqlarını bildirdilər. Bəziləri isə mövzuya qarşı daha həssasdır.

Romada yaşayan Nərgiz Ramazanova orada bayramı hər il iranlıların yüksək səviyyədə keçirdiyini deyir və Novruzun onun üçün nə məna kəsb etdiyini belə izah edir:

“Azərbaycan üçün ən çox Novruz zamanı darıxıram. Novruz deyəndə uşaqlıq illərim göz önünə gəlir. O zamanlar həm uşaqlığın verdiyi saflıq, sevinclə bayramı gözləmə vardı, həm də bayram daha maraqlı keçirdi. Nənələrim sağ idi, yığılıb bayram şirniləri bişirərdik, Novruz adətlərini (tonqal, papaqatma və s.) edərdik. Son illər nə uşaqlar həyətimizdə tonqal qalayırlar, nə də əvvəlki qədər papaq atılmır”.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

Bunun səbəbini isə o, belə izah edir:

“Mən uşaq olanda ağıllı telefonlar, sosial şəbəkələr yox idi. Böyüklərin qeyd etməyində elə çox fərq yoxdur, hələ də şirniyyatlar bişirilir, xonça bəzənib süfrə açılır”.

Müsahibimiz bayramı piknik edərək qeyd edəcəklərini bildirib.

Macarıstanda təhsil alan Rəsul Musayev Novruz deyəndə ağlına gələnləri belə ifadə edir:

“Milli bayram deyəndə ilk ağıla gələn Novruz bayramıdır. Keçirməyə gəldikdə adətlər, atributlar çox önəmli deyil, əsas olan yaxınlarla bir araya gəlmək üçün bəhanənin olmasıdır”.

O, səfirliyin tədbirlər təşkil etdiyini və bayramın qeyd olunduğunu bildirib.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

İstanbulda yaşayan Almaz Akif Novruz axşamlarını bu cür təsvir edir:

“Novruz uşaqlığımdan qalan, içimdəki o kiçik qızla böyüməyəcək olan tək dəyərdir. Papaq atmaq, məhləmizdəki o böyük tonqallar, Novruz ənənələri, yaşadıqlarım, tonqallarım yaddaşımdan silinməz. Heyf ki, Türkiyədə bu bayram qeyd olunmur.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

Kaş bayramda evimdə ailəmlə milli yeməklərimizi yeyə biləydim. Nənəm axşam plov dəmləyəcək, şəkərbura, paxlava, ləpə… İndi hamısı süfrəyə düzülüb. Uşaqlar papaq atacaq. Həyətdə böyük tonqal qalanacaq, onun işığı evin içinə düşəcək. Yeməkdən sonra xonçadakı şamları yandıracaqlar. Hərənin adına bir şam var o xonçada. Əminəm ki, anam mən orada olmasam da mənim üçün bir şam yandıracaq”, – A.Akif deyir.

O, özü üçün bayramı kiçik də olsa qeyd etməyə çalışır:

“Anamın göndərdikləri ilə xonça düzəltmişəm, plov da dəmləyəcəyəm”.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

Latviyada yaşayan Samir Əziz də səfirliyin Novruz bayramı üçün tədbir təşkil etdiyini vurğulayıb. Novruz bayramı deyəndə ağlına uşaqlıqla bağlı xatirələr gələn gənc onları belə xatırlayır:

“Yadıma uşaqlıqda binalara girib taxta oğurlamaq, Novruz tonqalında üzümü yandırmağım gəlir, şəkərbura gəlir. Bir də əfv sərəncamları…”, – deyə o bildirib.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

Gənc son illərdə isə Novruzu dağlarda qeyd etdiyini deyib.

“Bayram ərəfələrində iş olmadığı üçün dağa getməyə şərait olur, fürsəti dəyərləndiririk”.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

Gürcüstanda təhsil alan Vəfa Mövlayeva azərbaycanlılar yaşayan Marneuli kimi şəhərlərdə Novruzun yüksək səviyyədə, adət-ənənələrə uyğun, şirniyyatları da unutmadan keçirildiyini deyir. O, Novruzun ən sevimli bayramlarından biri olduğunu qeyd edib səbəblərini belə izah edir:

“Mən balaca olanda Novruzu xüsusi qeyd edirdik: məhlədə ən böyük tonqal bizim tonqal olurdu, qapı-qapı düşüb papaq atıb çantalarımıza sovqat yığırdıq, atam bizi Novruz şənliklərinə aparardı”.

O, Bakıda olanda bayram əhval-ruhiyyəsinin hələ də hiss olunduğunu deyir.

Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO
Mayamidə yaşayan Zaur Nəbiyev isə orada hər zaman günəşli hava olsa da, bayramı qeyd edəcək heç kimin olmadığını və ABŞ-da uzun zamandan bəri yeyə bilmədiyi Novruz şirniyyatları üçün darıxdığını deyir.

ABŞ-ın Kolorado ştatında yaşayan Elvin Şahverdiyev bir neçə dostu ilə restoranda Novruzu qeyd etməyi planlaşdırır.

Birlik və milli bayramı qeyd etmə istəyinə bəhanə yoxdur.

Загрузка...