Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Onu Çikaqoda yaşayan azərbaycanlıların hamısı yaxşı tanıyır, nüfuzlu soydaşlarımızdandır. Heç vaxt cəmiyyət yaratmaq fikrində də olmayıb, amma necə deyərlər, yüz cəmiyyətin, min icmanın işini görür. Haqqında söhbət açdığım Emin Səfərov 1974-cü ildə Bakıda dünyaya gəlib. 1991-ci ildə 152 nömrəli məktəbdə orta təhsilini başa vuraraq indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1996-cı ildə oranı ingilis, fransız dilləri müəllimi ixtisası ilə bitirib. Tələbə olarkən 1994-1995-ci illərdə baş ofisi Belçkada yerləşən “Sərhədsiz həkimlər” təşkilatının xətti ilə dəfələrlə Qarabağ bölgəsində olub, tərcüməçi kimi fəaliyyət göstərib. 1995-1997-ci illərdə Azərbaycanda ilk beşulduzlu oteldə – “Hyatt Regensy”də menecer işləyib. 1997-ci ildən 1998-ci ilin ortalarınadək “Hollandiya Kral Hava Yolları”nın Azərbaycandakı ofisinin satış üzrə meneceri olub. 1998-ci ilin sentyabr ayından Amerikadadır. Əvvəlcə beş il Pensilvaniya ştatının Ridinq şəhərində məskunlaşıb. 2003-cü ildən İllinoys ştatının Çikaqo şəhərində yaşayır. Uzun illərdir ki, “Western & Southern Financial Group” sığorta şirkətində çalışır. O, burada satış üzrə agentdən satış üzrə menecer vəzifəsinədək yüksələ bilib…

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

…Atası Vaqif kişi təqaüdə çıxana qədər diş texniki işləyib, 75 yaşı var. Yeri gəlmişkən, Eminin əmiləri tanınan ziyalılardır. Bir əmisi Firudin Səfərov “Özbəkistanın Xalq Artisti” fəxri adına layiq görülüb, Nəvai adına Özbəkistan Dövlət Dram Teatrının quruluşçu regissorudur. Digər əmisi isə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Aydın Səfərovdur…

Anası Zülfiyyə xanım isə “Bakı Gəmi Limanı”nın iqtisadçısı olub, 70 yaşındadır. Yeganə bacısı Diana xanım “AZAL”ın ABŞ üzrə meneceridir, Nyu Yorkda yaşayır…

Deyir ki, arzuları çoxdur: “Övladlarıma yüksək təhsil vermək, onları xoşbəxt və əsl azərbaycanlı kimi görmək istəyirəm. Amma ən böyük arzularımdan biri də odur ki, azərbaycanlılar bir olsunlar”…

Çikaqoda vətənimizlə bağlı iki təşkilat var. Bu təşkilatların bütün tədbirlərində fərq qoymadan yaxından iştirak edir. Məsələn, ötən il Əhməd Obalının rəhbərlik etdiyi cəmiyyət Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri təşkil etmişdi. Tədbirin təşkilat komitəsinin üzvü kimi Eminin müxtəlif ştatlarda yaşayan soydaşlarımızın həmin tədbirə qatılmasında böyük rolu olub…

2008-ci ildən “Facebook”da “AzeriChicago” qrupuna rəhbərlik edir. Qrupun 1500-ə yaxın fəal üzvü var və Çikaqoda yaşayan 500-dən yuxarı azərbaycanlının böyük əksəriyyəti də həmin qrupdadır. Çikaqoda, eləcə də ABŞ-ın digər bölgələrində və Azərbaycanda yaşayan soydaşlarımız bu qrup vasitəsi ilə lazım olan məlumatları ala bilirlər…

…Ömür-gün yoldaşı Sevinc xanım ixtisasca ingilis dili müəllimidir. Emin bəyin işlədiyi şirkətdə ofis meneceri vəzifəsində çalışır. İki oğlu var, böyük oğlu Dəniz 11, ikinci oğlu Tamerlan isə 6 yaşındadılar…

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Hazırda yaşadığı və o vaxt yolu tez-tez düşdüyü Çikaqonun Skoki qəsəbəsində bayraq meydanı var. Burada bir çox ölkələrin, o cümlədən Ermənistanın da bayrağı dalğalanır. Azərbaycan bayrağının həmin meydanda olmadığını görən Emin qəsəbə rəhbərliyinə müraciət edir. Məlum olur ki, Skokidə hər ilin may ayında keçirilən beynəlxalq mədəniyyət festivalında iştirak edən insanların təmsil etdiyi ölkələrin bayraqlarıdır. Emin Səfərov 2014-cü ildə ilk dəfə ölkəmizin də həmin tədbirdə təmsil olunmasına nail olur. Çadırlardan biri azərbaycanlılar üçün ayrılır. Çikaqodakı ictimai fəallar Əli Əzimov, Yavuz Əlili və Teymur Mehmandarovla birlikdə çadırı elə bəzəyirlər ki, Azərbaycan həmin festivalın qalibi olur. Və elə o vaxtdan da üçrəngli bayrağımız 6 ildir ki, Skokidə dalğalanır…

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

O, həm də soydaşlarımız arasında bir canlı körpü rolunu oynayır. Həmfikirlərini bir araya gətirərək müxtəlif ştatlara səfər edirlər. Həmin səfərlərdə internetlə axtarıb tapdıqları azərbaycanlılarla yaxından tanış olur, dostluq əlaqələri qururlar. Məsələn, bu günlərdə “Azerbaijanis in Minnesota” icmasının rəhbəri Günel Musəvinin təşkil etdiyi Novruz şənliyində onun səyi nəticəsində Çikaqodan təxminən 30 soydaşımız iştirak edib.

Hər yay “AzeriChicago” qrupunda elan verərək Çikaqoda yaşayan azərbaycanlı ailələrini kempinqə səsləyir. Çağırışa qoşulan ailələr bir neçə gün təbiət qoynunda, çadırlarda qalaraq istirahət edirlər. Bunadan əlavə, tenis oynamağı xoşlayır və hər bazar günü gənclər arasında futbol turu düzənləyir.

Nə isə, bu insanın bir amalı var: Nəyin bahasına başa gəlirsə gəlsin, amma azərbaycanlılar arasında mehriban münasibət və birlik olsun…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Загрузка...