Babası Mahmud Əhmədov Azərbaycan Xaıq Cümhuriyyəti (AXC) Ordusunun Lənkəran bölgəsi üzrə komandanı olub. Sonradan “Zaqafqaziya Dəmir Yolçuları Həmkarlar Təşkilatı”na rəhbərlik edib. 1938-ci ildə repressiyaya məruz qalıb, Hüseyn Cavidlə sürgündə bir yerdə olublar. Atası Rüstəm Əhmədov ticarət sahəsində işləyib, onun beş yaşı olanda dünyasını dəyişib. Anası Balacaxanım Məmmədova isə Novxanıda nüfuz sahiblərindən biri olmuş məşhədi Qəmbəralının qızıdır. Hazırda 85 yaşı var…

Haqqında söhbət açdığım Tərlan Əhmədov bir başqa aləmdir. Danışdıqca, şirin Bakı ləhcəsisi ilə məni sehirləmişdi. Elə bilirdim ki, hardasa Novxanıda dəniz sahilində, istirahət guşələrindən birində əyləşib dərdləşirdik. Başına gələnlərdən, gəzdiyi ölkələrdən, qazandığı uğurlardan elə maraqla danışırdı ki, bu soydaşımızın varlığından qürur hissi keçiridim…

O, 1972-ci ildə Bakıda dünyaya gəlib. 1989-cu ildə 248 nömrəli məktəbdə orta təhsilini başa vuraraq, Sanitariya-epidemioloji mərkəzdə işə düzəlib. 1991-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olunanadək orada çalışıb. 1997-ci ilədək həmin universitetin Tarix fakÜltəsinin axşam şöbəsində ali təhsil alıb. Eyni zamanda Binəqədi rayon Təhsil şöbəsində, sonradan orta məktəblərdən birində tarix müəllimi işləyib. 1999-2003-cü illərdə özəl sektorda tərcüməçi-məsləhətçi kimi fəaliyyət göstərib.

2003-cü ildən ABŞ-ın Men ştatının Portland şəhərində yaşayır. İngilis, fars, rus, tacik, türk dillərində səlis danışır…

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR
Deyir ki, ABŞ böyük ölkədir. Gəlmək istəyənlər buyurub gələ bilərlər: “ Əvvəl çətinlikləri olsa da, sonradan həyat öz axarına düşəcək. Amma bir şeyi unutmasınlar ki, burada heç kim heç kimi gözləmir. Hər şeyi özün əldə etməlisən”…

Amerikaya gələndən sonra bir müddət Cənubi Men Universitetində oxuyaraq ingilis dilinə mükəmməl yiyələnib. 2003-cü ildən 2016-cı ilədək “Qaçqınlar və İmiqrasiya İdarəsi”ndə sıravi işçidən şöbə rəhbəri vəzifəsinədək yüksəlib. 2017-ci ildən Men ştatının “Qaçqınların Məskunlaşması Federal Proqramı”nın kordenatoru vəzifəsində işləyir. Həm də “Men Azərbaycanlıları İcması”nın rəhbəridir…

Onu başqa ştatlarda ölkəmizlə bağlı fəaliyyət göstərən cəmiyyətlərdən fərqləndirən bir cəhət var. Həyata keçirdiyi bütün tədbirləri yerli hökumət səviyyəsində edir. Məsələn, həmin gün rəsmən bəyan edilir ki, Novruz bayramı keçiriləcək və beləliklə bütün imiqrant, qeyri-imiqrant icmaların nümayəndələri tədbirə qoşulurlar. Bundan əlavə, məhz onun sayəsində Men ştatının hər iki palatası Xocalı soyqrımı ilə əlaqədar qətnamə qəbul edib. Ştatda baş tutan rəsmi tədbirlərin əksəriyyətinə icma rəhbəri kimi dəvət olunur, ona çıxış üçün şərait yaradılır. Ştatın qubernatoru Cənet xanım Milslə şəxsən tanışdır, dostluq əlaqələri də var. Aşağıda gördüyünüz şəkillərdən biri Cənet xanımın Əhmədovlar ailəsi ilə birlikdə olduğu zamanı əks edir.

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR

Ştatın baş prokuroru, polis rəisləri, universitet rəhbərləri ilə gözəl işgüzar münasibəti var. Bir sözlə yeganə azərbaycanlıdır ki, ştat rəsmiləri arasında böyük nüfuz sahibidir…

…Ömür-gün yoldaşı Zemfira xanım Əhmədova BDU-nun Coğrafiya fakültəsini bitirib. Hazırda sığorta şirkətlərindən birində çalışır. İki övladı var – bir oğlan, bir qız. Oğlu Rüstəm 15, qızı Cəmilə 13 yaşındadılar…

On altı ildir ki, Amerikadadır. Ötən bu müddətdə çox adamlara əl tutub, aralarında azərbaycanlılar da az olmayıb. Soydaşlarımızın Men ştatında məskunlaşmasında, iş, yaşayış yeri tapmasında danılmaz xidmətləri var. Azərbaycandan gələn tələbələrə ata qayğısı göstərib, maddi-mənəvi dəstək olub…

Səyahəti xoşlayır. Demək olar ki, Qərbi və Şərqi Avropanın bütün ölkələrini gəzib. Avstraliyada, Yeni Zelandiya, İsrail ,Ərəb Əmirliyi, Oman onun səyahət etdiyi ölkələr sırasındadır. Bir qaydası var, getdiyi ölkələrdə hökmən muzeyləri ziyarət edir…

Muğamın, xalq mahnılarımızın vurğunu olan bu mehriban, işgüzar eloğlumuzdan ayrılarkən- bəs xalqımıza arzunuz nədir- deyə, soruşdum. O isə cavabında “Bu gün ilaxır çərşənbədir, qarşıdan Novruz bayramı gəlir. Harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı bu gözəl bayram münasibəti ilə təbrik edir, hər birinə möhkəm can sağlığı, firəvan həyat arzulayıram” dedi…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Загрузка...