Bu günlər media qurumlarında ard-arda belə xəbərlər yayılır: “Filan ölkə ”Boeing 737 Max-8″ təyyarələrinin uçuşunu dayandırıb”.
Bu sırada böyük ölkələr də var, hətta dünya xəritəsində qum dənəsi boyda görünən Fici də. O da “Boeing 737 Max-8″dən (bundan sonra qısaca – ”Max-8″) imtina edir.
Buna səbəb odur ki, o gün Efiopiyada “Max-8″ markalı təyyarə qəzaya uğrayıb və 157 sərnişin və ekipaj üzvü həlak olub.
Bundan sonra aeroportlarının anqarında eyni markalı təyyarələr olan ölkələr həyəcanlanıblar və sözləşibmişlər kimi, ard-arda həmin təyyarə markasından imtina bəyanatları verirlər.
Qorxu pis şeydir, həyəcan, təşviş, təlaş yaradır.
Heç demə, “Max-8″ üç ildir istismardadır və bu üç ildə bu nəsildən olan təyyarələr üç dəfə, türkün sözü, düşüb – ilə biri düşür.
Bu qəzalardan biri ötən ilin oktyabr ayının 29-da İndoneziyada, Cakarta şəhərində olub. “Max-8″ göyə pərvazlanandan bir az sonra dənizə düşüb. Deyilənə görə, spidometri sürəti düz göstərməyib, layner ona görə qəzaya uğrayıb. Hər halda təyyarənin ”qara qutu”ları belə göstərib. Bu qəzada 189 adam həlak olub.
İkinci hadisə yenə ötən il, dekabrın 14-də baş verib – “Max-8″-in mühərriki xarab olub və birtəhər İranda, Şiraz şəhərində eniş edib. Xoşbəxtlikdən, təyyarənin bortunda olan 192 nəfərin heç biri ölməyib, eləcə möhkəm qorxublar. Təyyarə düz 2 ay aeroportda qalıb – ABŞ-ın İrana sanksiya tələb etməsilə bağlı.
“Max-8″-in üçüncü qəzası dünən-srağagün, daha dəqiq desək, martın 10-da Əddis-Əbəbə ətrafında qəzaya uğrayıb, 157 nəfərin hamısı həlak olub. Bu dəfə də təyyarə havaya qalxandan bir az sonra qəzaya uğrayıb. Bu, nə işdirsə, həmişə təyyarə göyə qalxan vaxt olur.
Bəli, son beş ayda eyni markalı təyyarə 3 dəfə qəzaya uğrayıb deyə indi o markanın adı pisə çıxıb. 3-4 günün içində “Boeing” şirkəti 26,6 milyard dollar itirib.
Çünki insanlar artıq o şirkətin təyyarələrinə minmək istəmirlər. O boyda şirkətin təyyarələri Müşviqabad, Sumqayıt taksilərinə dönüb – camaat qəzaya düşməkdən qorxur. (Bu yaşayış məntəqələrinin tasisevər sərnişinləri taksiyə minərkən sürücünün suratına və maşınının markasına baxıb seçim etməyə məcburdurlar. Əgər sürücü gənc, avtomobil isə “07″-dirsə, canını çox istəyən sərnişin bir az gözləyib başqa avtomobilə minməyi üstün tutur).
İndi hava yolu şirkətləri də qorxurlar ki, sərnişinlər kütləvi şəkildə “Max-8″-ə minməkdən imtina etsələr, şirkətlər iflas edə bilərlər. Ona görə də hələlik ”Max-8″-in əvəzinə göyə başqa markalı sərnişinlər buraxırlar.
15-20 il öncə belə bir pəstəha “Konkord” markalı təyyarə işlədən şirkətlərin başına gəldi. Əzəmətli görünüşü və səsdən iti uçmasıyla ad çıxarmış “Konkord” reaktiv təyyarəydi, amma ard-arda iki dəfə qəzaya uğradı, ondan sonra xəlayiq ona minməkdən qorxdu. Nəticədə “Konkord” istismardan çıxarıldı.
Kapitalist dünyası belədir, ziyana düşəcəklərindən qorxan kimi, nəyi dəyişmək lazımdırsa, hamısını dəyişirlər, təki zərərə düşməsinlər.
Sovet dövründə o qədər qəza olurdu, amma heç kəs heç nəyi dəyişmirdi. Heç sovet sərnişinləri də heç nədən qorxmurdu. Bunun əsas səbəbi o idi ki, o vaxtlar təyyarə və gəmi qəzaları haqqında xalqa məlumat verilimirdi. SİTA (indiki TASS) da susurdu, “Vremya” da. Xalq elə bilirdi ki, o cür qəzalar yalnız xarici ölkələrdə olur, bizdə olmur.
Məsələn, ötən əsrin 80-ci illərində Daşkəndin “Paxtakor” futbol klubunun 20-yə yaxın futbolçusunin mindiyi təyyarə başqa bir təyyarə ilə toqquşmuşdu, bütün sərnişinlər ölmüşdü. Amma sovet xalqı bu faciəvi qəzadan yalnız ağızdan-ağıza gəzən söhbətlər sayəsində xəbər tutdu.
Bu kimi xəbərləri xalqdan gözəlcə gizlədirdilər, camaat da təlaşlanmırdı, elə bilirdi, dünyanın ən əmin-amanlıq olan, qəzasız-bəlasız ölkəsi SSRİ-dir.
İndi deyirlər ki, “Max-8″-i layihələşdirən mühəndislər xətaya yol veriblər, bir də laynerin mühərriki az benzin işlətsin deyə nəsə bir əməl ediblərmiş, qəzalar ona görə olur.
Ta heç zad. Allahdan təyyarə sərnişinlərinin yüzdə 98-i uçuş zamanı səksəkədə olur, indən belə, təyyarə hər turbulansa girəndə biabırçılıq olacaq.