Dünən Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində 10-12 yaşlı bir uşaq şəkli paylaşılmışdı.
Uşaq adi uşaq deyildi, erməni dığası (dığa – oğlan) idi və onu sıradan biri etməyən fakt o idi ki, bu uşağın çiynində Ermənistanın dövlət bayrağı salınmışdı.
Daha ötəsi də vardı: dığanın ayağının altına isə Türkiyə və Azərbaycanın dövlət bayrağı atılmışdı. Uşaq məhz bu bayraqların üstündə durmuş və onun şəklini çəkən adama poza vermişdi.
Əlbəttə, bu, uşaq hərəkəti, uşaq ağlının məhsulu deyil, necə deyərlər, “Züleyxaya dil verən var”.
Bu da kim və ya kimlər olasıdır? O uşağın atası, əmisi, dayısı, anası, nəsli-nəcabəti, müəllimləri, istənilən biri və ya növbə ilə hamısı ona bayraqları yerə atılmış dövlətlərin düşmən olduğunu təlqin ediblər.
Bu, sirr deyil. Hələ sovet vaxtında, SSRİ-yə daxil olan 15 respublikanın hamısının dost-qardaş büsatında yaşadıqları dönəmdə erməni uşaqlarının fərqli böyüdüldüyü, onlara azərbaycanlıların düşmən olduğu barədə fikrin aşılandığı aşkar idi.
Ermənilər bu cür düşüncələrini maksimum pərdələsələr də, sonra qədər ört-basdır edə bilmirdilər və övladlarını şovinist ruhda böyütdüklərinə dair faktlar bir yerdən pırtlayıb çıxırdı.
Bunun bariz nümunəsinə 1986-cı ilin avqustunda Gəncədə şahid olmuşam. O zaman biz Şəmkirdə hərbi toplanışda idik və həftə sonunda Gəncənin “ikinci hissə” adlanın yerində, gərək ki, Avakyan küçəsində bir erməni qadının evində kirayədə qalan tələbə yoldaşımgilə gəlmişdik. Həmin ərəfədə erməni qarının Krasnodarda yaşayan qızı və iki nəvəsi onlara qonaq gəlmişdi. Qızın 12-13, oğlanın isə 8-9 yaşı olardı. Dığa bizi – əsgər geyimindəki tələbələri görən kimi ermənicə söyməyə başladı. Biz onun nə kimi söyüşlər söydüyünü anlayırdıq. Ev sahibəsinə irad bildirdik. O, nəvəsinə təpindi. Amma uşağı kiritmək mümkün olmadı, o, pis-pis hırıldaya-hırıldaya otaqdan-otağa keçir, söyməkdə davam edirdi. Qapını bağladıq, xeyri olmadı, uşaq gedib bayır tərəfdən, açıq pəncərədən söyməyə başladı. Uşağın anası da, hətta bacısı da onu susdurmağa cəhd elədi, amma uşaq susmadı. Tələbə yoldaşımıza dedim ki, axı biz bu uşağa bir söz demədik, bir şey eləmədik, bu niyə belə edir. O zaman bizdən daha təcrübəli olan, Ermənistanın Amasiya rayonunda yaşayan tələbə yoldaşımız dedi ki, bunların tumu kəsilsin, uşaq dil açandan bizə nifrətlə böyüdürlər, “hayes-türkes” fərqi öyrədirlər, indi bu da ömründə ilk dəfə türk görür, özünü saxlaya bilmir.
Yüz faiz eləydi. Yoxsa 8-9 yaşlı oğlan birdən-birə, ömründə ilk dəfə gördüyü dörd böyük adama niyə bu qədər qızğın şəkildə, kəsib-kirimədən söysün ki? Bizim o yaşda uşaqlar yad adam görəndə başqa otağa keçir, üzə çıxmırdılar, amma erməni dığası nəyi var, dirəşmişdi.
Ermənistan və Azərbaycan arasında müharibə başlayandan sonra hər iki ölkədə aparılan təbliğat isə başqa söhbətdir. Biz də artıq istər-istəməz dostumuzun-düşmənimizin kim olduğunu övladlarımıza deməliydik. Onları sovet dövrünün saxta beynəlmiləlçilik ovqatında böyütmək faciə demək olardı.
Ancaq yenə də biz bu xüsusda ermənilərə çata bilməzdik. Çünki onların bu sahədə zəngin təcrübəsi var, söhbətə haradan girəcəklərini də 100 ildir bilirlər. Biz, sadəcə, övladlara 20 Yanvar, 26 Fevral, 20 Noyabr faciələrinin səbəbləri, detalları barədə məlumat verdik, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğalından danışdıq, övladlar məsələnin nə yerdə olduğunu anladılar.
Bu, övladlara yönəlik xüsusi faşist təbliğatı deyildi. Biz sadəcə, millət olaraq başımıza gətirilən faciələrin müəlliflərini göstərdik və göstəririk, həqiqətləri danışdıq və danışırıq. Uşaqlar isə bu xüsusda məlumatlanırlar. Bunları deməmək, danışmamaq qəbahət olardı.
Ona görə də hüquq müdafiəçisi Leyla Yunus beynəlxalq tədbirdə “azərbaycanlılar övladlarına ermənilərə və xristianlara qarşı nifrət aşılayır” deyərkən çox haqsızdır. Zatən, bütün xristianlar erməni deyil. İkincisi, bu ölkədə indiyədək publik şəkildə “xristianlar bizim düşmənimizdir” deyən olmayıb. Üçüncüsü, ölkəmizin bir çox xristian dinli ölkələrlə gözəl dostluq münasibətləri var.
Ermənilərlə məsələ isə çox başqadır. Bu, indilikdə, ölüm-dirim məsələsidir. Bu millətin öz müqəddaratını həll edərək qurduğu dövlət on minlərlə vətəndaşımızı öldürüb, ərazimizin 20 faizini işğal edib. Bu faktları kənara qoyaq, deyək ki, erməni xalqı bizə dostdur və biz onları sevməliyik?
Heç düşməni sevməyi öyrədən həzrəti İsanı müqəddəs sayan xristianlar da belə etmirlər, “dosta dost, düşmənə düşmən olmaq” variantını seçirlər, bəs biz necə pasifist olaq? Pasifist olaq, yox olaq? Budur məsələ.