AQTA energetik içkilərin satışına və reklamına müəyyən məhdudiyyətlər qoyulmasını təklif edir
Əhali arasında enerji içkilərindən istifadə halları artmaqdadır. Xüsusən azyaşlıların energetik içkilərdən istifadəsi ən təhlükəli hallardan biridir. Bir müddət öncə gömrük rüsumlarının qalxması səbəbindən bu məhsulların qiyməti artdı və ehtimal olundu ki, artıq kütləvi istifadə hallarına da son qoyulacaq. Lakin sonra yenidən qiymətlər əvvəlki səviyyəyə endi. İndi marketlərdə 1 manat civarında satılan müxtəlif növ enerji içkiləri var ki, məktəblilər gündəlik xərcliklərindən istifadə edərək onu ala bilirlər.
Baku.ws xəbər verir ki, Azərbaycanda Aydan Vəliyeva adlı gənc aparıcı qız enerji içkilərinin qurbanı olub. O, energetik içkiləri hədsiz çox içdiyindən sağlamlığında ciddi problemlər yaranıb, sonra da komaya düşüb və keçinib.
Tələbə yoldaşları sosial şəbəkədə yazırlar ki, energetik içki Aydanın əlindən düşmürmüş. Buna görə də onu redbullu qız kimi tanıyırdılar.
Qiymətin ucuz olması enerji içkilərinin yeniyetmə və uşaqlar tərəfindən də çox istehlak edilməsinə gətirib çıxarır. Bu içkilərdən istifadə edənlər arasında ölüm hallarının olması da heç kimə sirr deyil. Bəs görəsən, problemdən çıxış yolu nədir?
Tanınmış pediatr Vaqif Qarayev bildirdi ki, bu içkilər uşaqların səhhətinə ciddi ziyan vura bilər: “Energetik içkilərin tərkibi ilk baxışdan cəlbedicidir ki, enerji potensialını artırır. Ancaq uşaqlar davamlı olaraq ondan istifadə edirsə, xoşagəlməz problemlər ortaya çıxır. Energetik içkilərin ziyan vermədiyi orqan yoxdur. Mərkəzi sinir sistemi, ürək-damar sistemi, mədə-bağırsaq sisteminə fiziki ziyanları olur. Psixoloji ziyanı da kifayət qədərdir, bu içkilər asılılıq yaradır. Bu içkilər öncə əlavə enerji yaradır, ancaq sonra orqanizmin həyat fəaliyyəti üçün lazım olan enerji də yeyilir. Energetik içkilərin tərkibində kafein var, o, ürək döyüntülərinin sayını artırır, təngnəfəslik və boğulma yaranır, arterial təzyiq dəyişir. İnsanda ya həddindən artıq oyanıqlıq olur, ya da depressiya yaranır. Bu içkilər asılılıq yaradır, insan başqa heç bir qida qəbul etmək istəmir, vaxtı gələndə mütləq bu içkidən istifadə etmək istəyir. Ölüm halları daha çox energetik içkilərin ürək-qan damar sisteminə olan təsirindən baş verir. Bəzən 5-6 yaşlı uşaqlar, hətta daha kiçik uşaqlarda da görürəm ki, marketlərdə anaları alıb verir, elə oradaca açıb içməyə başlayırlar. Bu zaman ürək döyüntüləri kəskin artır, artıq ürək fəaliyyətini idarə edə bilmir, bu zaman qəfləti dayanma ola bilər. Ən çox orta məktəbin son sinfində oxuyan şagirdlər və tələbələr istifadə edirlər. Ölüm faktı da məhz bu yaş kateqoriyasında olur”.
Pediatr bu məhsulların televiziyalarda kütləvi şəkildə reklam olunmasını tənqid etdi: “Avropanın bir çox ölkələrində o içkilərin istehsalı və istehlakı qadağan olunub. Təəssüf ki, bizim yerli telekanallarımızda bu enerji içkiləri təbliğ olunur, bu fonda bizim təbliğatımız, xəbərdarlıqlarımız kölgədə qalır. Yaxşı olar ki, enerji içkilərinin zərəri ilə bağlı televiziyalarda da yarım dəqiqəlik sosial çarxlar verilsin”.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığında müəyyən fəsadlar törədə bilər: “Kofein, fiziki olaraq ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində 400 mq-dan az kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilər. Enerji içkilərinin tərkibində əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bu içkiləri qəbul etmək insanlarda, xüsusilə da kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənməyə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqları və sair səbəb ola bilər”.
A.Fərziyeva vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Şöbəsinin 2014-cü ildə açıqladığı hesabata əsasən, enerji içkiləri gənclərin sağlamlığında müəyyən problemlər yarada bilər: “Bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür. Bütün bunları nəzərə alaraq agentlik tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə enerji içkilərinin 18 yaşına çatmamış şəxslərə, hamilə qadınlara satılmasının, məktəblər və xəstəxanalarda satışının təşkili və reklamının qadağan olunması ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib”.
Agentlik sözçüsü bildirdi ki, bir daha 18 yaşına çatmamış yeniyetmələri, hamilə qadınları, süd verən anaları, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanları enerji içkilərindən istifadə etməməyə çağırırlar.
Qeyd edək ki, xarici ölkələrdə də bu cür məhdudiyyət və qadağalar var. Almaniya enerji içkilərinin yaratdığı mümkün fəsadları 2002-ci ildən izləyir. Hesabatın nəticələrinə görə, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, tənəffüs pozğunluğu, psixi gərginlik, ruhi sarsıntı, taxikardiya, ürək disritmiyası, yüksək təzyiq, ürək çatışmazlığı və ölüm daxildir.
İrlandiyanın Toksikologiya Mərkəzinin verdiyi məlumata görə, 1999-2005-ci illər ərzində enerji içkilərinin istifadəsi taxikardiya, qıcolma və iki ölüm faktı ilə nəticələnib.
Yeni Zelandiya Toksikologiya mərkəzi bu içkilərin törətdiyi fəsadlarla bağlı 2005-2009-cu illər ərzində 20 xoşagəlməz fakt qeyd alıb.
ABŞ Səhiyyə Nazirliyi nəzdində Qida və Dərman Təşkilatının hesabatına görə 2004-2012-ci illərdə ABŞ-da 18 nəfər enerji içkiləri səbəbindən dünyasını dəyişib, 150 nəfər isə ölüm təhlükəsi ilə üzləşib.
Artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən tədbirlər də görülüb. Belə ki, İsveçdə uşaqlara bəzi enerji içkilərinin satışı qadağan olunub, Macarıstanda isə satışına əlavə vergilər tətbiq olunub. Norveçdə apteklərdə satışına icazə verilir, Danimarka və Uruqvayda bütün enerji içki növlərinin satışı qadağandır. Avropa Birliyi ölkələrində enerji içkilərinin qutularında “kofein miqdarı” yazısı olmalıdır. Türkiyədə isə içkilərin 18 yaşından kiçik insanlara satılmasına, eyni zamanda idman mərkəzləri, məktəblər və xəstəxanalarda satışının təşkilinə və reklam edilməsinə icazə verilmir.