Deputata qarşı trol həmləsi

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, son zamanlar sosial şəbəkələrdə saxta profillər vasitəsilə demədiyi sözləri adına çıxarırlar.

Deputat misal gətirib: “Guya mən demişəm ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu, amma indi belə deyil və yaxud da dövlət bayrağının üzərindəki ulduz və gerb götürülsün, Heydər Əliyevin şəkli qoyulsun”.

Doğrudan da sosial şəbəkələrdə tez-tez onun adından belə fikirlər yayırlar. Bir də görürsən, Nəsirovun şəklini veriblər, qırmızı fonda isə bu cür sitatlarını iqtibas ediblər.

Ən pisi odur ki, hər dəfə buna yüzlərlə sosial şəbəkə istifadəçisi inanır və şərh bölümündə deputatı söyür, itdən alıb, itə verirlər. Əgər kimsə “xeyr, o belə söz deməyib, harada deyib, mənbə göstərin” deyə şərh yazırsa, o adamı da deputata qatıb söyürlər.

Əsl həqiqət necədir, adıçəkilən adam bu sözü həqiqətən deyibmi, deməyibmi, çox adam araşdırmır, öyrənmir, amma onun “söz”ünü tirajlaya-tirajlaya gedir.

Bu, bir texnologiyadır. İstənilən adamı bu sayaq fəndə məruz qoyaraq, gözdən salmaq, ələ salmaq və vəzifədən salmaq mümkündür.

Elman Nəsirov bu “fənd”ə məruz qalan ilk tanınmış adam deyil və sonuncu da olmayacaq.

Uzun illər öncə baş nazir Pənah Hüseynin də adından belə fikir səslənirdi ki, guya o, “xalqın 95 faizi əleyhimizə olsa da, hakimiyyətdən getməyəcəyik” deyə bir fikir bildirib. Onu həzm eləməyən qüvvələrə məxsus qəzetlərdə bu söz min dəfələrlə təkrarlandı.

Halbuki Pənah Hüseyn belə demişdi: “Hakimiyyət məsələsi seçki yolu ilə həll olunur. Prinsipcə, bu gün kimsə xalqın 95 faizi sizin əleyhinizədir deyirsə, biz seçkidən öncə hakimiyyətdən getməli deyilik. Seçkini gözləməliyik” (sözlərin sırası fərqli, yaxud da bir-iki söz artıq-əskik ola bilər, amma fikir bundan ibarət idi).

İsa Qəmbərin dilindən səslənən və tirajlanan bir fikir vardı, guya parlamentin o vaxtkı sədri deputat Maksim Musayevə belə deyib: “Gedin, siz də hakimiyyətə bizim kimi silahla, tankla gəlin”.

Halbuki Maksim Musayevlə polemika zamanı işlədilən cümlədə “silahla, tankla” sözləri olmamışdı.

Sirus Təbrizlinin adından yayılan aşağıdakı fikir isə bu günə qədər də tirajlanır. Adətən, heç kəsdən çəkinməyən, sözünü qırmızı deyən, YAP-ın qurucularından biri olan S.Təbrizli hansısa jurnalistin sualına cavab verərkən belə demişdi: “İndi hakimiyyətdə YAP deyil ki. Simasız quldurlar partiyasıdır”.

Amma çoxları bu fikri təhrif edərək, “Sirus Təbrizlinin ”simasız quldurlar partiyası” deyərkən YAP-ı nəzərdə tutduğunu yazır və tirajlayırdılar. Söhbət isə politologiyada geniş yayılmış “sülh partiyası”, “müharibə partiyası” kimi terminlərə keçmiş publisistin obrazlı şəkildə yeni epitet əlavə etməsindən gedirdi. O, YAP-ın üzvü olmayan, ancaq yüksək vəzifələrə daraşıb dövləti və xalqı talayanları nəzərdə tuturdu (o zaman bir xeyli bu cür məmur vardı, əvvəlcədən YAP üzvü olmamış, heç bir fədakarlıq etməmişdilər, sonradan yaxşı vəzifələr tutmuşdular).

Axtarsan, ölkədə elə bir siyasətçi yoxdur ki, onun hansısa bir sözü qəsdən təhrif edilməsin, bilə-bilə kontekstdən çıxarılmasın, yanlış yozumlara məruz qoyulmasın.

Bunu effektiv siyasi mübarizə vasitəsi hesab edənlər var. Onlara “axı bu həqiqət deyil, o adam elə söz deməyib” deyəndə cavab verirlər: “Ən yaxşı müdafiə hücumdur”.

Hələ çox zaman başqa ibarələrdən də yararlananlar olur: “Ağ divara palçıq atarsan, yapışmasa da, qopub düşsə də, izi qalacaq”.

Elədir, böhtanın izi də uzun müddət qalır, söhbəti-sözü də…

Ancaq deputat E.Nəsriovu, özü dediyi kimi, qaralamağı, ləkələməyi kimin sifariş verdiyi, eləcə də bu sifarişin motivi bəlli deyil.

Nədən onu hədəf seçiblər?

Axı bir çox deputatlar tez-tez ictimail fəalların, jurnalistlərin, “radikal müxalif”lərin “polemika-skrinşot-kampaniya” bazarını heç vaxt boş qoymurlar, vaxtaşırı nəsə bir söz deyirlər və “stəkanda fırtına”, “nəlbəkidə sunami” başlanır. Bəzən hətta onlardfan biri düz söz deyəndə də eyni proses gedir.

Ola bilər ki, E.Nəsirov son aylar bir qədər fəallaşdığına görə hədəfə gəlib, ya da ona qarşı şəxsi antipatiyası olan birinin əlinin altında çox trol var.

Hər halda, cənab deputat hazırda qəti olaraq bu fikirdədir: “Bu, kişilikdən tamamilə uzaq məsələdir”.

Təəssüf ki, siyasətdə bu kimi dəyərlər keçərli deyil. Əsas məqsədi siyasi rəqibini nəyin bahasına olursa-olsun, gözdən salmaq, diskreditasiya etmək, susdurmaq, bezdirərək mübarizə meydanından qovmaq olanlar mərdlik, kişilik, dürüstlük hayında deyillər.

Загрузка...