Son iki ayda iqtidar-müxalifət-ictimaiyyət-media münasibətləri müstəvisində elə bir durum yaranıb ki, obyektiv şərhçi, neytral publisist, tənqidçi jurnalist cizgisindən sapmaq istəməyənlər naqolay durumda qalıblar.
Bu durumun yaranmasının səbəbi dövlət başçısının imzaladığı fərmanlar, verdiyi qərarlardır. Onlar əhəmiyyətli olduğu qədər də gözlənilməzdir. İllərlə tənqidçi jurnalist mövqeyində durmuş (əslində jurnalistlər daima tənqidçi mövqedə olmalıdırlar, təbliğat üçün mətbuat xidmətləri var) yazarlar həmin addımları birmənalı qiymətləndirə bilmirlər – tənqid etsələr, cığallıq kimi görünəcək, tərifləsələr, tənqidi səpkili yazılarına alışmış oxucuları məyus olacaq, “bu da belə getdi” rəyi yaranacaq, saray təbliğatçılarına qoşulmuş olacaqlar.
Təkcə bu faktın özü göstərir ki, ölkədə nə baş verir-versin, hansı addım atılırsa-atılsın, ictimai-siyasi fəalların ona münasibəti öncədən hazırdır. Tənqidçi mütləq tənqid edəcək, təbliğatçı mütləq piar işinə başlayacaq.
Dövlət başçısının son qərarları, sərəncamları, addımları isə hələlik təbliğatçıların, necə deyərlər, çörəyinə yağ sürtür.
Məsələ belədir: prinsipcə, problemli kreditləri məsələsinin xalqın xeyrinə həll olunmasına dair verilmiş fərmanı tutarlı şəkildə tənqid etmək mümkün deyil. Bəlkə pəsdən “niyə gec verildi” iradıyla çıxış etmək olar. Amma onun da ruscadan tərcümə olunmuş bəlli bir cavabı var: “Heç vaxt olmamasındansa, gec olması yaxşıdır” (“Luçşe pozdno, çem nikoqda”).
Düzdür, 4 il öncəki devalvasiya hakimiyyətin gözlənilməz qərarı üzündən baş vermişdi, amma bunun yetərli iqtisadi səbəbləri vardı, 4 il əvvəlki qaydada davam etmək mümkün deyildi. Yoxsa hansı dövlət, hökumət durduq yerdə öz valyutasının qəflətən dəyərsizləşməsinə razı olardı?
Ancaq üstündən 4 il keçəndən sonra həmin devalvasiyadan daha çox ziyan çəkənlərin (əslində o hadisədə hər kəs bu və ya digər şəkildə ziyan çəkmişdi) məruz qaldığı maddi itkinin kompensasiya edilməsi ziyanın yarısından qayıtmaq deməkdir və dövlət bu ziyanı öz boynuna götürür.
Zatən, indiyədək bu tələb müxalifətçilərin də dilindən tez-tez səslənirdi, ictimaiyyət nümayəndələri də bu arzuda idi.
Deyilənlər oldu, o iş baş verdi. İndi bu addımı təqdir, təbliğ edənlərin səsi gur gəlir, amma tənqidçilər də var.
Açığı, təqdirçilərə qoşulmaq istəməyənlər belə durumlarda taym-aut götürsələr, daha məqsəduyğun olar, çünki danışdıqca, cığal durumunda qala və ictimai dəstəkdən məhrum ola bilərlər. Xalqda “eh, bunlar da heç nəyi bəyənmir, mütləq nəsə tapıb danışırlar” qənaəti yarana bilər.
Daha yaxşısı, bir az çevik olmaq, təqdir olunası addım atılıbsa, təqdir etmək, tənqidi fikirləri isə kəm-kəsirli, problemli olan sahələrə yönəltmək ola bilər.
Hazırda atılmış müsbət addımları, gələcəyə doğru ümid yaradan dəyişmələri qiymətləndirən bir çox adamların dilindən tez-tez belə fikirlər səslənir: “Mitinqlərin qorxusundan etdilər”; “Biz təzyiq etdik, elədilər”; “Bu, məcburi yumşalmaqdır” və s.
Belə bir mövqe. Yaxşı, 25 ildir zaman-zaman xeyli sərtləşən, zaman-zaman bir az yumşalan rejimdə yaşayırıq, nə kimi dəyişiklik olur? Əksinə, yumşalma mərhələlərində bu kimi rəylər kütləviləşir, bəziləri eyforiyaya qapılır, yanlış gümanlara düşür, o zaman yuxarıdakılar boşalmış vintləri sıxırlar, hər şey yerinə oturur, sərtlik bərpa olunur, məsələ bitir.
20 il öncə ölkədə bir yumşalma ab-havası vardı, müxalifət partiyaları parlamentdə təmsil olunurdu, fəaliyyətləri daha güclüydü, hamısının öz mətbu orqanları (həm də daha tirajlı) vardı, TV ekranlarından xalqla ünsiyyətə girirdilər, gündən-günə sıraları sıxlaşırdı, yaxşı təşkilatlanırdılar.
Amma sonra nə oldu? Vintlər sıxıldı, qapılar bağlandı, pəncərələr örtüldü, nəfəsliklər qapadıldı, TV-lər müxalifət liderlərini özlərinə yaxın qoymadılar, qəzetlər sıradan çıxdı, parlamentə müxalifətdən heç kəs buraxılmadı və s. və i.a.
Yaxşı oldumu? Olmadı. Xoşbəxt gələcəyə, sürətli dəyişikliklərə bəslənən ümidlər puç oldu, ölkədə gedən tədrici demokratikləşmə prosesinə güclü zərbə dəydi, hər kəsin öz gücünü biləcəyi, dəyərini alacağı ideal seçkilərin keçirilməsi planının reallaşması məchul dövrlərə qaldı.
Bu baxımdan müsbət dəyişiklikləri izləmək, yaxşı halda təqdir etmək, pis halda “yerdən-yerə vurmamaq” lazımdır ki, davamı gəlsin.
Bu xalqın nicatı və xoşbəxt gələcəyi hər şeyin zamanla normal relslər üzərində oturmasındadır.