O gün bir toyda həmişəki kimi gur musiqinin əlindən qaçıb, kəndçilərimiz demişkən, bir hovur (hour- saat) dincəlmək üçün foyeyə çıxarkən bir köhnə tanışımla rastlaşdım. Çoxdan görüşmürdük. Xoş-beş, on beş, ordan-burdan göft-gu etməkdəykən, bir ümumi tanışımız da gəldi. Aramızda yeni bir xoş-beş proseduru, hal-əhval tutmaq kampaniyası başladı.
Bu heynədə şəhərli dostumuz kənddə yaşayan tanışımızdan bir simsarını, hər ikisinə qohumluğu çatan birini xəbər aldı, “necədir, nə edir” deyə soruşdu. Kənddə yaşayan dostumuz səsinin tonunu bir az yavaşıtdı, qohumuna görə xəcalət çəkirmiş kimi bir görkəm aldı və dedi: “Allah onun başına daş salsın… infarkt olub”.
Mən bu tona və bu sözə, xüsusilə də bu viraja mat qaldım. Baxdım ki, şəhərli dostumuz da mat qalıb. Necə yəni, infarkt olan adama bu nə münasibətdir? Onun halına yanmaqdan, şəfa diləməkdənsə, bu nə sözdür? Yaxşı ki, eloğlu bizi çox intizarda qoymadı, sözünün mabədini gətirdi: “60 yaşında gedib təzə arvad almamışdımı? Bir həftə çəkdi…”
Məsələ aydın oldu, belə çıxdı ki, sözügedən ağsaqqal yeni evliliyin həyəcanına dayana bilməyib, necə deyərlər, ürək eşq cazibəsinə tab eləməyib. Dedim, olan şeydir, belə hadisələr olur. O biri həmsöhbətimiz hətta qımışdı, dedi, o yaşda gərək belə məsuliyyətli işlərə qol qoymayasan.
Ancaq xəbəri verən eloğlu dedi, bildiyiniz kimi deyil ey, bu başıbatmış gedib baytar aptekindən kələ viaqrası alıb içib, o da pis təsir göstərib…
Ta nə olacaqdı? Heç nə… Eloğlumuz bir az itoynadan adam olduğu üçün elə bildik, zarafat edir, amma o, ciddi şəkildə əlavə etdi ki, vəziyyət belədir, hazırda təzəbəyin vəziyyəti yaxşıdır, kritik durumdan çıxıb.
Beləcə, əziz oxucular, leksikona yenə termin daxil olur: “Kələ viaqrası”.
Əslində bu yeni termin deyil. Hələ 40-50 il öncədən fermalarda damazlıq kələlərə cinsi həvəs oyadan preparatlar verərdilər ki, onlar kənd təsərrüafı müəssisələrində aparılan döl kampaniyasına öz töhfələrini versinlər, düyələr qısır qalmasın.
Sadəcə, o vaxtlar onun adı “dərman” idi, ancaq insanlar da bu dərmandan istifadəyə başlayandan və onu möhtəşəm səslənişli “viaqra” adlandırandan sonra termin üçün dağa-daşa düşməyə ehtiyac qalmır. Bu da olsun “kələ viaqrası”.
İntəhası, kişi olan bəndə də gərək sinninin o çağında yardımçı qidalar və preparatlar hesabına kələlik etmək fikrinə düşməsin. Çünki böyüklərimiz demişkən, “bu dərmanlar elə şeydir ki, bir şeyə xeyir eləyəndə, o biri şeyə də ziyan eləyir”.
Bəli, müasir tibbin belə işləri var, ürəyi tam şəkildə qoruya bilmir.
Bu üzdəndir ki, hazırda infarkt çox biabırçı xəstəlik sayılır. Amma infarktın vaxtı vardı, elitar xəstəlik idi, hər adama qismət olmurdu, ona yalnız böyük vəzifə, məsuliyyətli post yiyələri yaxalanırdılar. İndi vəziyyət dəyişib, bir də görürsən, elə adamı infarkt vurur ki, prinsipcə, onu elektrik cərəyanı, ya da elektrovoz vura bilərdi.
Çünki indiki kişilər dinc durmurlar, ötüb keçən gənclikləriylə barışmırlar, bu da əli dəryazlı məxluqun xoşuna gəlmir, deyir, a kişi, ey, bir bu tərəfə gəl, görüm, niyyətin nədir…
Ən pisi odur ki, hazırda gerçəkdən infarkt olanlar da istəyirlər faktı gizlətsinlər, dilə-dişə düşməkdən qorxurlar. 6-7 ay öncə bir yüksək vəzifəli şəxs qəflətən ölmüşdü, bütün saytlar, qəzetlər bu xəbəri yaymışdı. Biz də vermişdik və qeyd etmişdik ki, filankəs ürək çatışmazlığından qəflətən ölüb. Bir həmkarımız zəng elədi ki, bəs mərhumun ailəsi istəmir ki, xəbərdə ürək söhbəti olsun.
Əvvəlcə başa düşmədik: niyə axı, burada nə var ki?Adam israrla xahiş edəndən sonra anladıq ki, mərhumun övladı bundan əvvəl hoteldə ürək çatışmazlığından ölən deputatın adının pis-pis hallandırılmasını nəzərə alır və atasının barəsində belə söhbətlərin başlanacağından qorxur.
Əlbəttə, təhlükəli söhbətdir. Biri ortaya bir söz atar, sonra gəl altından çıx. 100 il keçsə də, unudulmaz. Bir də görərsən, sinif yoldaşları adamın yeniyetmə nəvəsini lağa qoyurlar: “Heç bilirsiniz, bunun babası nədən ölüb? Kələ viaqrası içibmiş”…