Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Musavat.com xəbər verir ki, Fərmanda nəzərdə tutulan məqamları açıqlayan iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub:
– “Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;
– Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.
– Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün – 2019-cu ilin 28 fevralı götürülür.
– Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir.
– 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir;
– 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən
ödənilir.
– Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.
– Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək – yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir;
– Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bankın da banklara illik 0.1 faizlə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur”.