İnternet resurslarında çox vərə-vurd edənlərin qarşısına mühəqqəq çıxmış olar, Çində çəkilmiş maraqlı bir şəkil var: səkkiz zolaqlı avtobanın düz ortasında bir həyət evi görünür, sağından da magistral yol yüngülvari qövs cızaraq keçir, solundan da. Müdhiş mənzərədir.
Bir ara o şəkli müşayiət edən xəbər də yayılmışdı. Guya Çinin yol təsərrüafatı idarəsi bu mülk yiyəsini öz evini dövlətə satmağa razı sala bilməyib, adam höcətlik edib, nəticədə yolu onun evinin sağından və solundan çəkiblər, ev qalıb ortada.
Bu, əlbəttə, inandırıcı söhbət deyil. Harda-harda, özü də Çində. O Çindəki dövlətin sözünə qarşı çıxmağa görə hökumət bir neçə milyon insanı bir-iki ayın içində qırıb-çatmışdı. İndinin özündə də bir kəlmə o yan-bu yan eləyəni gecəylə götürür, ilim-ilim itirirlər.
Bəs necə olub ki, dövlətin o boyda layihəsini sabotaj edənin nazıyla oynayıblar, düz yolu əyri çəkiblər ki, evə sədəmə toxunmasın?
Bu, göstərmədir. Allah qoymasa, dünyaya göstərmək istəyirlər ki, bax, Çində özəl mülkiyyət belə toxunulmazdır, qanunun aliliyi-zad…
Amma bu sayaq simvolik, şou xarakteri daşıyan toxunulmazlıq olaylarını bizdə ciddiyə alanlar da var.
Dünən belə xəbərlər vardı ki, bir tikinti şirkəti bir yaşayış massivində yeni bina tikmək üçün istismar müddəti başa çatmış evlərin hamısını alıb, amma bir nəfər dirəşib, evini ikiqat qiymətə də satmır, 56 kvadratmetrlik mənzilə 300 min manat (arada 350 min də deyir) tələb edir. 56 kvadratmetrlik mənzil şəhərin ən mərkəzi hissəsində yerləşmiş olsa, 85-100 min qiyməti var. Adam 150 min tələb edə bilər, amma 300 min istəyir, deyir, mülk mənimdir, qiyməti budur. Axırıncı dəfə acığa düşüb, hətta 1 milyon istəyib.
Belə baxanda, əlbəttə, adam haqlıdır, mülk onundur, orda onun daha qiymətli xatirələri var, iş yerinə, övladlarının məktəbinə yaxındır və sair və ilaxır səbəbdən satmır.
Təbii ki, xatirələr, mərkəzdə yaşamanın rahatlığı-filan boş şeydir, əslində hörmətli sakin əlinə düşən həyati şansdan maksimum yararlanmaq, daha çox pul qazanmaq istəyir. Ona görə də evinin kvadratmetrini tikinti şirkətinə təxminən 5300 manatdan təklif edir. Əgər şirkət 56 kvadratmetrlik mənzilə 300-350 min versə, bu, mənzil bazarında rekord olacaq və həmin şəxsin qonşuları da tökülüşüb ərizə verəcək, eyni qiyməti tələb edəcəklər, nəticədə şirkət iflas edəcək. Mənzil satılmasa isə layihə bərbad olacaq, şirkət o qədər xərc çəkib, o biri mənzilləri babat qiymətə alıb.
Bəs bu münaqişədə çıxış yolu varmı? Əl-əlbət var. Amma bu barədə lap axırda.
İndilikdə onu deyək ki, bu şəhərdə belə şeylər çox olub. Bir ay əvvəl 20 min dollara satışa çıxardığı yastı-yapalaq, iki göz otaqdan ibarət mənzili (kənd yerlərində elə evə “xosu”, şəhər yerlərində təşər-təşər “kvartira” deyirlər) sata bilməyən adamlar olub ki, bir-iki aydan sonra həmin mənzilin quruca yerinı tikinti şirkətinə 200 minə satmaq istəməyiblər. Axırda kimsə başa salıb ki, bundan artıq verməzlər, satın, köçün, bir gün görün. Onlar elə də ediblər, o pula şəhərin kənarında iki ev, bir dükan, iki-üç də avtomobil (hər övlada birini) alıblar, indi bəy kefində yaşayırlar. Amma onlardan 50 metr o tərəfdəki mənzil sahibləri “250 mindən bir qəpik aşağı vermərik” deyə höcətlik etdikləri üçün tikinti şirkətləri də acıq edib gediblər, bir daha o tərəfə yaxın gəlməyiblər. Ona görə də bəzən müasir göydələnlərin arasında yastı-yapalaq evlərdən, dar-düdük küçədən ibarət balaca məhəllə görsəniz, bilin ki, onlar həmin o höcət adamlardır, hələ də oturub gözləyirlər ki, kimsə gətirib 2 sot sahəyə 250-300 min verəcək.
Bura Avropanın xüsusi mülkiyyəti toxunulmaz elan edən ölkələri deyil. Burada çox höcətlərin evlərini gecəylə yandırıb, sonradan dəyər-dəyməzinə alıblar… Bəzən heç yandırmayıblar da, ekskavatoru, buldozeri gətirib söküb-daıdıblar. Nəymiş? Mənzilin istismar müddəti başa çatıb, qəzalı binadır, həyat üçün təhlükəlidir, təcili sökülməldir, vəssalam. Al, bu da ekspert rəyləri…
Ona görə də ağıllı olmaq lazımdır. Müştəri çıxıb, mənzilin real qiymətinin iki qatını verirsə, satın getsin, 5 manat qabağa düşəcəyiniz yerdə, geri düşməyin.