39 il yatan günahsız dustaq

“Eh, nə deyim, əgər cənubda yeganə yalançı varsa, o da Günəşdir! O toxunduğu hər şeyi böyüdür”

(Alfons Dode, “Taraskonlu Tartarenin qeyri-adi macəraları”)

Camaatın banklardan aldığı borclar gündəmdən çıxmır. Bəzi iqtisadçılar 5-10 min manata qədər kreditləri dövlətin öz öhdəsinə götürüb ödəməsini təklif edirlər. Açığı, bu rəqəm bir az mənasız kimi görünür, çünki beynəlxalq təcrübə var. Misal üçün, elə bu həftə Birləşmiş Ərəb Əmirliyi – həm dövlət quruluşu, həm iqtisadi sistemi baxımından Azərbaycana çox bənzər ərazi – əhalisinin kreditlərini bağlamaq üçün banklarla danışıq apardı, nəticədə 100 milyon dollarlıq krediti ləğv elədilər getdi işinin dalıyca. 3 min ərəb də dərindən nəfəs alıb hökumətə, uca şeyx Xəlifə İbn Zəyd əl Nahayyan müəllimə dərin minnətdarlıq etdilər. Bağışlanan borcların ayrılıqda məbləği isə bizim üçün lap fantastik idi: təsəvvür edin, elə adam var hökumət onun 270 min dollar borcunu bağlayıbdır. Daha doğrusu, bağışlanan borclarda yuxarı hədd bu rəqəm götürülübdür. Özü də, xatırladım ki, bu, dost və qardaş əmirlikdə ilk belə tədbir deyildir. Şeyx Nahayyan 2012-ci ildə də camaatın 540 milyon dollarlıq bank borclarını bağışlamışdı.

Əlbəttə, problemli bank borclarını bağışlamaq əslində iqtisadi baxımdan problem yaradan yanlış addımdır. Adamlarda arxayınçılıq yaranır, fikirləşirlər yenə kredit alım, verməyim, onsuz hökumət mənim əvəzimə haçansa ödəyəcəkdir. Bank-maliyyə sistemi üçün böyük ziyanlar yaradır. Kredit faizlərini vaxtında ödəyən vətəndaşlar isə özlərini bir növ, qaz kimi hiss edirlər. Eyni zamanda bağışlanan kreditlər üçün vəsait xalqın ümumi cibindən – dövlət büdcəsindən götürülürsə (buna Neft Fondu, Prezidentin ehtiyat fondu və sairə istənilən adı qoysan da məna və məzmun dəyişmir), burada “xalqın borcunu bağladıq” teması bir qədər gülməli alınır. Həmçinin xalq niyə ayrı-ayrı fərdlərinin maliyyə problemlərini həll etməlidir ki? Misal üçün, mən bankdan kredit götürüb özümə bahalı maşın almışamsa, indi qonşum dolayısı ilə niyə mənim kreditimi ödəməlidir? Belə çıxır sosial ədalət adı altında əslində sosial ədalətsizliklə məşğul oluruq.

Ancaq əlbəttə, biz sosial dövlət olduğumuzu elan etmişik, bizi çürüməkdə olan Qərb imperialist dairələrindən fərqləndirən həm də budur. O Amerikadır ki, orada Kaliforniyada zəlzələ olanda camaat tökülür yarığa, bir adam gəlib çıxartmır. Meşə yanır, söndürən olmur. Bizdə isə, maşallah, istənilən yerdə divarın suvağı çatlasın, dərhal dövlət komissiyası yaradılır, kompensasiya ödənilir, ev tikilir, hətta zərərçəkənin uşağı sünnət edilir. Meşə yanğınına gələndə, bizdə o da həll olunub – meşələrin hamısı hasara alınıb, konkret yiyəsi var. Bircə hərdən paytaxt meşəsində binalar yanır, onları da söndürürük, uzağı 15-20 nəfər problemli vətəndaş ölür.

Mövzu açılmışkən, Amerikada insan haqlarının pozulması üzrə növbəti fakta diqqət çəkmək istəyirəm. Məncə, bizim deputatlar buna münasibət bildirməli, ABŞ-da insan haqlarının kobud pozulmasını pisləməlidir. Öncə gəlin yadımıza salaq, bizdə hansısa siyasi dustaq 10-15 ildən çox türmədə saxlanılıbmı? Yoxdur belə hallar. Əksinə, son illər türmə trendimizdə sutkalıqlar artmaqdadır. Hərəyə 10-15, uzağı 30 sutka həbs veririk. Çünki adamı tutmaqla iş bitmir, ona gərək kamerada yemək verək, sosial şəraitini yaxşılaşdıraq, bank kreditlərini ödəyək, çoxuşaqlı ailədəndirsə müavinət ödəyək və sairə. Qayıdaq Amerikaya. Orada bir kişini 39 il türmədə günahsız yatandan sonra azad ediblər və dövlət ona kompensasiya kimi 21 milyon dollar ödəməyə razılaşıb. Kişini 1977-ci ildə iki nəfəri öldürmək üstündə tutmuşdular, ancaq istintaq və məhkəmə biabırçı səhvlərlə aparılıb, nəhayət, 2017-ci ildə günahsız olması isbata yetib, azadlığa çıxıb. İndi onun 70 yaşı var, bu yaşdan sonra 21 milyon dolları nəyə xərcləyəcək, bunun özü kədərlidir və bizə 1 milyon dollar udub bütün uduşu ictimai ayaqyolu tikməyə sərf edəcəyini açıqlayan 80 yaşlı qoca haqda saqqallı lətifəni yadımıza salır.

Bax belə bir dövlət bizdə insan haqlarını qorumağı tələb edəndə hökumət haqlı olaraq əsəbləşir. Gəlin biz belə dövlətlərə üstümüzə gəlməyə əsas verməyək, bütün siyasi dustaqları buraxaq. O yetmiş yaşlı günahsız kişini isə tapıb intervü almaq, AzTV-yə çəkmək lazımdır.

Загрузка...