Hadı müəllim nəyi düz deyir, nəyi düz demir?

Bu ölkədə elə adamlar var ki, artıq nə desələr, pis yozulur, ictimai fəalların sərt və təhqiramiz reaksiyası ilə üzləşirlər.

Onlardan biri də deputat Hadı Rəcəblidir. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir deyə təmsilçisi olduğu iqtidar komandasının yeritdiyi sosial siyasətə görə cavabdeh şəxslərdən biri sayılır.

Jurnalistlər vaxtaşırı olaraq iqtidarın sosial siyasətinin aspektləri barədə Hadi Rəcəbliyə sual verirlər, o da bacardığı qədər izahedici cavablar, şərhlər verməyə çalışır, nəticədə sosial siyasəti birbaşa yeridənlər kənarda qalır, yaxası ələ keçən, sürəkli şəkildə təhqir olunan Hadı Rəcəbli olur.

Əlbəttə, o, suallara diplomatik cavablar da verə bilər, bəzən səmimi cavablar verməkdən yayınar, bəzən bu qədər qeyri-səmimi cavablar verməz, axır ki, elə edər, başqaları kimi özünü hədəfə çıxarmaz.

Amma Hadı Rəcəbli elə etmir, o mediaya açıq adam olduğundan və beyninə gələn fikirləri deməkdən çəkinmədiyindən tez-tez hədəfə gəlir.

Artıq cənab deputat adının bu cür mənfi planda hallandırılmasına vərdiş edib. Elə ictimai fəallar da adamı pisləməyə, qınamağa, söyməyə vərdişkar olublar.

Ancaq Hadı Rəcəblinin açıqladığı fikirlərin heç də hamısı tənqidə, hətta təhqirə səbəb verəcək türdən deyil.

O, bir vaxtlar “müəllim işdən sonra bənnalıq eləsin, pul qazansın, yaxşı yaşasın” deyəndə bu, ictimaiyyət arasında böyük etirazla qarşılanmışdı. O zaman xalq haqlıydı. Çünki neft ölkəsinin müəllimi elə maaş almalıdır ki, işdən sonra fiziki işdə çalışmağa ehtiyacı olmasın.

Belə olanda ortaya başqa sual çıxırdı: “Bəs ümumi sayı ölkə üzrə 100 min nəfərdən çox olan müəllim ordusunu yaxşı maaşla təmin etmək üçün əlavə vəsait hardan alınmalıdır?”

Bu suala Hadı Rəcəbli cavab verə bilmir. Ancaq o sualın asan bir cavabı var: Dövlət büdcəsindən edilən oğurluqlar bu şiddətdə olmasa, milyardlar vergidən yayındırılmasa, müəllimlərin maaşını da artırmaq olardı, təqaüdçülərin və tələbələrin təqaüdünü də.

Yoxsa birbaşa həqiqəti demək əvəzinə, “camaat az yeyib-içsə, ailədə iki nəfər hərəyə ayda 180 manat alsa, dolana bilər” kimi fikir bildirəndə, adamı amansız tənqidə məruz qoyarlar.

Bununla belə, deputat Hadı Rəcəbli çoxuşaqlı ailələrin məsuliyyətindən danışarkən, onun sözünü qəribçiliyə salmaq olmaz.

Deputat bu mövzuda belə deyib: “Əhalinin sağlam olması daha önəmlidir, daha yaxşıdır. Ona görə biz kəmiyyətdən çox keyfiyyətə üstünlük verməliyik, sağlam uşaq dünyaya gətirməliyik. O uşaqların sağlamlığını qorumağa, o uşaqların təhsili ilə məşğul olmağa üstünlük verməliyik”.

Bu xüsusda cənab deputat haqlıdır: Təcrübə göstərir ki, bir və ya iki uşağı dünyaya gətirib, rifahını təmin etmək, sağlam böyütmək, yaxşı təhsil vermək, faydalı biri kimi azad cəmiyyətə qazandırmaq ömürdən ömür alır, ən azı 25 ilə başa gəlir. Uşaqların sayı çox olanda isə onların hamısını sağlam böyütmək, hamısına yaxşı təhsil vermək, hamısını hər şeylə təmin etmək mümkünsüz bir işə çevrilir.

Bu üzdəndir ki, rayon yerlərində 75-80 yaşlı valideynlər hələ də çalışıb-vuruşurlar ki, ailənin kiçik övladlarını yerbəyer eləsinlər, evləndirsinlər, iş tapsınlar, ev tiksinlər.

Gözümüzün önündə Avropa təcrübəsi var. Avropalı ailələrin tam əksəriyyəti ailənin tək övladını 18-20 il boyunca himayə edir, oxudur, sonra öz həyatlarını qurmaq üçün sərbəst buraxır. Əgər ailədə ikinci övlad varsa belə, avropalı ata 50 yaşının tamamında “uşaqların gələcəyi” üçün çalışıb-vuruşmasına son qoyur, öz asudə həyatını yaşayır.

“Çoxuşaqlı ailələr” fenomeni sovet dövlətinin ideoloji uydurması idi. Dövlətə ucuz işçi qüvvəsi, əsgərlər, pambıq tarlasında işləyən kölələr, ucsuz-bucaqsız Sibiri məskunlaşdırmaq üçün “könüllülər” lazım idi, bu üzdən çoxuşaqlılığı stimullaşdırırdı. O kampaniyaya həvəslə qoşulanlar isə Orta Asiya respublikalarıvə biz idik. Ruslar, ukraynalılar, beloruslar, latışlar, estonlar bu işdə həvəsli deyildilər, bilirdilər ki, çox uşaq çox da problem deməkdir.

Ona görə də Hadı Rəcəbli düz deyir ki, kəmiyyət ardınca qaçmalı deyilik, keyfiyyətə fikir verməliyik. Bu da ondan ibarətdir ki, hər bir doğulan uşaq sağlam böyüyəcək, ailə qayğısı ilə tam əhatə olunacaq, yaxşı savad alacaq, faydalı peşə öyrənəcək, cəmiyyətdə öz yerini tutacaq.

Загрузка...