Deputatlar da islah olunmalıdır

“Kirşəsinə at əvəzinə yırtıcı canavar qoşulmuş qəhrəmanı görmək üçün Peterburq əhalisi heyrət içində dəstə-dəstə küçəyə çıxırdı”

(Erix Raspe, “Baron Münhauzenin sərgüzəştləri”)

Dövlət başçısı müşavirə keçirdi, bir çox sosial ödənişləri artırdı, eyni zamanda belə ödənişlərin daha da artırılacağını bildirdi. Bu da onu göstərir ki, rəhbərliyin ölkədəki durumdan, camaatın dolanışıq çətinliklərindən, qiymətlərin artımından, inflyasiyadan çox yaxşı xəbəri vardır. Eyni zamanda bəzi deputatlar, misal üçün, sosial siyasətə cavabdeh Hadı Rəcəbli kimiləri camaatı yersiz qızışdırmaq, kasıbların çörəyi ilə oynamaq fikrindədir. Deyir ailədə iki nəfər hərəsi 180 manat pul alsa bununla dəf kimi yaşayarlar. Məncə, artıq belə ağzının danışığını bilməyən əski deputat korpusundan qurtulmaq iqtidarın özünə də xeyirdir. Hadı müəllim milləti dolamaqla məşğuldur. Ya da riyaziyyatdan anlayışı sıfırdır. Yoxsa 2 nəfərin hərəsi 180 manat, ümumilikdə 360 manat almaqla yaxşı yaşayacağını zənn eləmək, yumşaq yazsam, idiotizmdir. Belə çıxır 3 nəfər hərəsi 180 manat alsa, lap hər tində dükanı olan deputat kimi yaşayarlar. 4 nəfər də oliqarx-nazir kimi. Axı say artıb ümumi məbləğ artırsa da, bunu sonra adambaşına bölmürük. Kefimiz belə istəyir. Bölmək nəyə lazım? Qoy məbləğ artsın. Şair də təxminən bu temada yazıbdır: “Maaşı bölməkdən elə qorxmuşam, İndi çöpü də iki bölmürəm”. Nəsə belə bir şey olmalıdır.

Necə ki, bir çox idarəyə cavan uşaqları, çirkaba bulaşmamış kadrları müdir qoymuşuq və millət razılıq edir, mahnı oxuyur, eynilə deputatlar təzələnməli, düymə basmağı da rüşvətlə edən bu əski kadrlardan qurtulmalıyıq. Özü də gələn ilki seçkini gözləməyə ehtiyac yoxdur, bizdə iradə var ki, seçkini elə mart ayında eləyək, çıxsın getsin. Doğrudur, bu il bələdiyyə seçkisi də var, ancaq bələdiyyə kimə lazımdır? Ya onun yerinə, ya da əlavə olaraq deputat seçkisi edək, təzə, cavan uşaqlardan çevik parlament düzəldək (Zahid Orucdan siyahını götürmək olar). Yanılmıramsa, builki dövlət büdcəsində seçkilərə ayrılan vəsaitin miqdarında xeyli artım da tapılmışdı. Pul var, gənclər var, bina var, daha nə lazımdır? Məzahir müəllim də yerindədir (dəli şeytan deyir seçki keçirməyi də nəsə təzə kadra tapşıraq, ancaq sanki islahatın bu qədəri şit olardı).

Baxın, Hadı müəllim kimi raykomdan gəlmə deputatlar hər şeyi malalamaq, xalqın gözünə kül üfürmək, nəticədə islahatları aldatmaq fikrində olsa da, Qüdrət Həsənquliyev kimi gənc deputatlar həqiqətlərdən çəkinmir, dövlət başçısına doğru məlumatlar çatdırmağa çalışırlar. Qüdrət müəllimin Naxçıvandakı vəziyyəti tənqid eləməsi bu sıradandır. Deyir orada kəndlər boşalır, iqtisadi problemlər var, məmurlar tənqidə dözmür və sairə. Hətta əsəbləşib Naxçıvanın muxtar respublika statusunu ləğv eləməyi istəyir. Haqlı deyilmi? Əlbəttə, haqlıdır. Nə qədər inkişafdan danışsan da, rəqəmlər başqa şey göstərir. Misal üçün, Naxçıvanda yeni iqtisadi obyektlərin yaranması, işsizliyin ləğvi, super abadlaşma və sairə hər yerdə deyilir. Eyni zamanda, Naxçıvan Azərbaycan büdcəsindən ən çox dotasiya alan bölgədir. Bəs o artım hardadır ki, bölgə özünü dolandıra bilmir? Hanı o artımın büdcədəki vergiləri?

Sonda bir soydaşımızın Rusiyada, Peterburqda maşınla camaatı qırmasına da münasibətimizi yazaq. Heç sağ olmasın, yenə adımızı “dastan” edibdir. Hərçənd Rusiyada hökm sürən şovinizm, faşizm, irqçilik bu hadisədə bir daha üzə çıxdı. Əksər rusdilli forumlarda onun azərbaycanlı olması xüsusi vurğulanır, halbuki Rusiya vətəndaşıdırsa, bunun zibilini bizə yükləməyin mənası nədir? Yoxsa ruslar hesab edir ki, Azərbaycana da həmişə lermontovları göndəriblər? (Hələ Mixail Yuryeviç-in də bura xoş məqsədlə deyil, işğalçı ordunun zabiti kimi gəlməsini yazmıram). Özləri dünyanın az qala yarısında hərbi münaqişə ocaqları körükləyib millətləri ayaqlayırlar, hansısa başqa xalqın səfeh törəməsi cinayət törədəndə həmin xalqa dil uzadırlar. Bu, ədalətli deyil, yoldaşlar. Molla Nəsrəddin demişkən, “Adamı adam yanına göndərdilər, məni də sənin yanına”. İnsaf yaxşı şeydir, ancaq bir gün bizdə, bir gün sizdə.

Hirslənsək Hadı müəllimi Peterburqa konsul göndərərik, o da maşınla iki nəfəri öldürməyin əslində iqtisadi uğur, taleyin bəxşişi olduğunu sizə isbat edər.

Загрузка...