“İnsanlar dövlətin rəsmi mövqeyini qəbul ediblər. O da ondan ibarətdir ki, ”Qarabağ bizimdir, heç kimə qaytarmayacağıq, mövqeyimiz qətidir”. Onlar hesab edirlər ki, Ermənistan güzəştə getməyəcək, getməməlidir”. Bunu Ermənistandan qayıtmış “Turan” Agentliyinin redaktoru Şahin Hacıyev “BBC News Azərbaycanca”ya deyib.
İşğalçı Ermənistana ən sonuncu getmiş azərbaycanlının müşahidələri və açıqlamaları onu deyir ki, düşmən nəinki 5 rayonu, heç 5 kəndi də geri qaytarmaq niyyətində deyil.
Əslində bu, çoxdan bəlli olan reallıqdır. 2016-cı ilin aprelində Azərbaycan ordusu Lələ təpə yüksəkliyini geri qaytarandan sonra Serj Sərkisyan havalanmamışdımı? Əraziləri “geri qaytarmaq” (?!) üçün sentyabradək Bakıya vaxt verməmişdimi? Yaxud keçən il ordumuz Naxçıvan tərəfdən mühüm yüksəkliyi geri aldı, Nikol Paşinyan yarım il sonra faktı etiraf etdi. Amma iddia elədi ki, əməliyyat o hakimiyyətə gəlməzdən əvvəl keçirilib.
Bu faktlar göstərir ki, Ermənistan hakimiyyəti xalqdan vasitə kimi istifadə edən qüvvələrin qəzəbindən qorxur. Üstəlik, on illərdir beyinləri “yuyulanlar”, saxta iddialarla doldurulanlar da güzəşti qəbul etmirlər. Belə olan təqdirdə Paşinyanın başına atmı təpib, güzəştə getsin?
Jurnalist Şahin Hacıyev Ermənistan prezidentinin müşaviri Tevan Poqosyandan müsahibə almışdı. Müsahibədə güzəştlərə yönəlik kiçicik bir məqam var idi, həmin müşaviri yarandığına peşman etdilər. O da özəl açıqlama ilə çıxış edib özünü “təmizə” çıxartmağa vadar oldu.
Ermənilər hətta “Dağlıq Qarabağın müstəqilliyinin əvəzində” ətraf rayonların azad olunmasını qəbul etmirlərsə, danışıqların mənası qalmır. Təbii ki, “müstəqillik” təklifi Azərbaycana yox, vasitəçilərə məxsusdur, rəsmi Bakı bunu rədd edir. Amma söhbət işğalçı ölkədəki əhval-ruhiyyədən gedir.
Belə vəziyyətdə Minsk Qrupu həmsədrlərinin İrəvana və Bakıya gəlmələri sual doğurur. Şahin Hacıyevin timsalında bir jurnalist Ermənistandakı ictimai rəyi dəqiqliklə öyrənə bilibsə, deməli, vəziyyət həmsədrlərə çoxdan məlumdur. Çox güman ki, Paris görüşündə “xalqların sülhə hazırlanması” barədə anlaşmanın əldə olunmasından məhz buna görə çox sevincək olmuşdular. Amma “Turan”ın jurnalisti məhz həmsədrlərin sevincək yaydıqları bəyanatdan sonra İrəvana getmişdi. Hətta ermənilər Davos görüşündən sonra şübhələndikləri Paşinyanın “pişiyini ağaca dırmaşdırırdılar” və erməni baş nazir bəyanatlarındakı aqressiyanı artırmağa vadar oldu.
Qırımından görünür ki, Nikol Paşinyan sələfləri kimi torpaq qaytarmaq niyyətində deyil. Əksinə, “xalqın mandatı”nı əldə etdiyini iddia edən baş nazir daha uca səslə erməni xalqının və erməni diasoporunun iradəsindən kənara çıxa bilməyəcəyini nümayiş etdirir.
“Qarabağ problemini gələcək nəsillərə saxlamağa mənəvi haqqımız yoxdur”. Bunu professor İlham Rəhimov Moderator.az saytına müsahibəsində deyib. Azərbaycan naminə kifayət qədər xidmətləri olan hüquq professoru tam haqlıdır. Ermənistanda zənn edirlər ki, artıq Qarabağ məsələsi bitib. Necə ki, vaxtilə Serj Sərkisyan deyirdi Qarabağ məsələsini bizlər həll etdik, erməni gəncliyi də Ağrının taleyi ilə məşğul olmalıdır.
Bizim Qarabağ məsələsini gələcək nəsillərə saxlamağımız torpaqların əbədi itirilməsinə apara bilər ki, bu da çox təhlükəli məsələdir. İndi Azərbaycandan çox uzaqlarda yaşayan tanınmışlardan biri vaxtilə israrla bu sətirlərin müəllifinə deyirdi ki, Qarabağ məsələsinin həllini gələcək nəsillərə saxlamaq lazımdır. Guya savaşda iştirak etməyən nəsil yetişəcək və üz-üzə oturub sülhə gələcək, iddialar da bitəcək, işğal da. Əslində ermənilərin də istədiyi budur. Ona görə status-kvonu qoruyub-saxlamağa çalışırlar.
Brüsseldə, Kaliforniyada baş tutan aksiyanı ancaq təqdir etmək lazımdır. Ancaq erməniləri ifşa tədbirləri il ərzində keçirilməlidir. Düşmənə qarşı səfərbər olunsaq, bu, həm də bizim öz enerjimizi daxili konfliktlərə sərf etməyimizə, dedi-qodulara vaxt ayırmağımıza da mane olar. Zatən, düşmənin istədiyi də budur, bizi parçalasın və ərazilərimizi əbədilik qəsb etsin.
Elə İrəvandan qayıdan jurnalistin müşahidələri də bunu deyir. Ermənistan boşalır, əhalinin sayı 2 milyona düşüb – Azərbaycandan 5 dəfə az! Üstəlik, işğalçı ölkənin xarici borcu 6 milyarda çatıb – 45 milyardlıq ehtiyata malik Azərbaycandan fərqli olaraq! Amma yenə də iddiasından, işğaldan əl çəkmir. Sayları azalsa da, borcları çoxalsa da, Qarabağdan əl çəkən deyillər…