Hörümçəyin gözləri

“Öz qarnımla gəlib çıxdığım aydın və məntiqli nəticə belə oldu, çünki meymunlar qarınları ilə düşünürlər”
(Frans Kafka, “Akademiya üçün hesabat” hekayəsindən)

Cənubi Koreyada təkcə “Samsunq” telefonu qayırmırlar, orda həm də bizim təəccübümüzə baxmayaraq, qədim hörümçəkləri araşdıran alimlər yaşayırmış və həmin alimlər 110 milyon il qabaq yaşamış hörümçəyin daşlaşmış cismini tapıblar. Bu hörümçəyi başqa arxeoloji tapıntılardan fərqləndirən əsas detal isə onun gözləri idi. Gözlər işıq saçırdı! Təsəvvür elə, yüz milyon il keçir, ancaq sənin gözünün işığı hələ dünyaya düşməkdədir. Açığı, son illər belə romantik-poetik xəbərə rast gəlməmişdim. Bunu hörümçəyin gözündəki hansısa fosforla izah eləmək, əlbəttə, elmi məsələdir. Ancaq biz buna qədimlərdən düşən işıq kimi baxaq.

Sözgəlişi, bu həftə mən Azərbaycan dövlət radiosunda da təsadüfən elmi verilişə qulaq asırdım (diqqətli oxucular bilir, son çağlar məndə bu radioya təsadüfən qulaq asmaq xəstəliyi yaranıbdır, bu da mənim, necə deyərlər, nirvanaya, vəhdətül-vücuda yetişmək üsulumdur), orda bizim heyvanları öyrənmə elmi institumuzun müdiri danışırdı. Deyirdi aləm möcüzə ilə doludur, Quranda “Fil” surəsi, “Qarışqa”, “Arı” surələrinin olması da bunu isbat edir. Doğrusu, mənə elə gəldi bu institutu bağlayıb şeyxin idarəsinə tabe eləmək lazım gələcəkdir – möcüzəni araşdırmazlar, ona ibadət edərlər.

Elə AzTV-nin “Haqqın dərgahı” verilişində aparıcının dəyişməsi son islahatlarımızın daha bir tətbiqat sahəsi, 110 milyon illik hörümçəyin gözündən düşən işıqla (yadımdan çıxmamış, kitabda bu heyvanın da adına bölmə vardır, “Əl-Ənkəbut” adlanır) əlaqədardır. Sən demə bu veriliş bizim müstəqilliklə yaşıd olan nadir verilişdən biri imiş və hər həftə hörmətli Vasim müəllim orda 15 dəqiqə ərzində uca millətimizi haqqın dərgahına qaldırırmış, sonra keçmiş sədr Arif müəllim gəlib endirirmiş ki, bir az da fani dünyanın işləriylə məşğul olaq, misal üçün, dinamik islahatlarda iştirak edək, Şamaxıda torpaq tutaq, alver eləyək və sairə. İndən belə isə verilişi gənc molla Hacı Şahin aparacaqdır. Bu münasibətlə dindarlarımızı təbrik edirəm, hərəniz daha böyük dəsmal alıb saxlayın, ağlamalı verilişlər hələ indi gəlir. O cümlədən məsləhətdir “Nə alsan 1, 2, 3, 4, 5 manat” dükanından plastik vanna da alıb verilişə baxarkən böyrünə qoyasan, çün, dəsmalı tez-tez sıxmaq lazım olacaqdır. Vasim müəllim danışanda çox da ağlamalı olmurdu, əksinə, adamı elə yuxu basırdı İsrafil müəllim gəlib zurnasını çalsa oyanmazdın. Adam tanıyıram, 91-ci ildə Vasim müəllimin çıxışına qulaq asıb yatıb, hələ oyada bilmirlər.

Bu arada uzaq bütpərəstlərin, haram it-pişik əti yeyənlərin, yəcuc-məcuc qəbilələrinin məskunlaşdığı daha bir ərazidən – Yaponiyadan xəbər gəlibdir: onların qayırdığı kosmik qurğu bizdən (yəni, yaponlardan, bakılılardan, çeçenlərdən və sairədən) 300 milyon kilometr aralıdakı asteroidə enibdir. Ordan maddə götürüb Yerə dönəcəkmiş. Allahın işinə qarışmaqdır. Eyni zamanda, adam həsəd aparır ki, biz burdan 300 kilometr məsafədəki Qarabağa gedə bilmirik, lakin yapon 300 milyon kilometrə qurğu uçurdur. Möcüzədir. Ümid edirəm radioda bu temada veriliş qayırılar. Qulaqcığı indidən taxıram.

Dini tematika açılmışkən, məni çoxdan düşündürən bir temanı yazım. Nuh peyğəmbərin tufanı, gəmiyə hər heyvandan bir cüt yığması və sairə rəvayətini bilirsiniz. Hərçənd, artıq o qədər rəvayət də sayılmaz, çünki Naxçıvanda Nuh müəllimin qəbri tapılıb, üstü götürülüb, yerli orqanlar tərəfindən abadlaşdırılıb. Hətta məndə olan məlumata görə yerli hakimiyyət dünyadakı hər heyvandan yenə bir cüt alıb orda İlandağın başında müasir işıq dirəkləri, yelkənləri, parkları və oturacaqları olan gəmidə saxlayır – dünyanın işini nə biləsən? Putin Trampı hədələyir, Maduro Kolumbiyaya kəllə atır, fransızlar əlcəzairliləri qırır… Bir də gördün dünyanı təzədən su basdı. Üstəlik, Arktika-Antarktika əriməkdədir. Ancaq bu gün hələlik o işlərə qarışmaq, Qüdrət Nəsənquliyevin tərəfdarı kimi görünmək istəmirəm. İnşallah. Məni düşündürən o qədim gəmidəki heyvanların tufan boyunca nə yeməsidir. Axı sənədlərə görə dünyanı suyun basmağı azı 1 il çəkmişdir. Bəs bu islahatlar, keçid dövründə gəmi sakinləri nə yeyib-içmişdir? Yoxsa bir-birilərini basıb yeyiblər?

Məncə əsas məsələ elə keçid dövründə sağ qalmaqdır. Bir də gözündəki işığı sönməyə qoymamaq.

Загрузка...