Şimal ayısına yaslananlar, cənub şirinə güvənənlər

Bu ölkədə siyasətdən az-çox baş çıxaran hər kəs fərqindədir ki, şərqlə qərbin, şimalla cənubun qovuşuğunda olan regionumuzda kiçik ölkə olmaq, olub da baş girləmək çox çətindir.

Şimal ayısı bir tərəfdən, cənub şiri o biri tərəfdən üstümüzə diş qıcayır. Hələ bunun bizi diri-diri udmaq istəyən qərb akulaları var. Gerçəkdən çətindir.

Bu qədər qəliz regionda və zamanda 10 milyon əhalisi, 86 min 600 kvadrat kilometr ərazisi (de-yure) olan dövlətin müstəqilliyini, mövcudluğunu qorumaq da asan deyil.

Kənardan baxan düşünə bilər ki, nə təhlükə var, hansı iri dövlət qoşunla hücum edib BMT üzvü olan dövləti işğal edə bilər?

Elə deyil. Birincisi, regionumuzda elə bir gizli niyyət daşıyan və tarixi fürsət gözləyən iki böyük (Rusiya və İran) dövlət var.

İkincisi, bu niyyətini gizlətməyən və biz qarşı açıq aqressiya nümayiş etdirən, əzəli ərazilərimizin hesabına böyümək istəyən kiçik dövlət də mövcuddur.

Üçüncüsü, bu saat dünyada silahlı, qanlı işğallardan çox, mədəni, iqtisadi işğala üstünlük verirlər. Elə şərait yaradırlar ki, bir dövlət xarici qoşunu öz ərazisinə yalvararaq çağırır, iqtisadiyyatının dayağı olan müəssisələri böyük dövlətlərə yalvararaq satır, hər hansı bir müstəqil qərar qəbul edəndə mütləq özünə ağa saydığı paytaxtdakı baş iqamətgaha baxır və s.

Ermənistanın günü göz önündədir. Gürcüstanın başına nə oyun gətirildi, gördük. Ukrayna hansı günlərə qalıb, izləyirik. ABŞ Əfqanıstandan qoşununu çıxarmaq istədi, ölkənin prezidenti “etməyin, eləməyin” deyə yalvardı. İraq da eləcə.

Yuxarıda adları mötərizə arasında yazıldı, ancaq Rusiya və İran vaxtilə anllaşıb böldükləri ölkəmizi hələ də özlərinin “arxa bağçası” sayır. Rusiyanın da bir ayağı buradadır, İranın da. Hər iki dövlətin ölkəmizdə saxladığı casuslar şəbəkəsi, 5-ci kolonu, tərəfdarlar korpusu var.

Bu korpuslar Azərbaycanı müstəqil dövlət kimi tanımırlar, içində yaşasalar da, qəlbləri Tehran və Moskva ilə həmahəng döyünür. Onların televizorlarının peyki Moskvaya və Tehrana tuşlanıb, siqnalı oradan gözləyir, tarixi fürsətin yetişəcəyi günün intizarını çəkirlər.

Keçmiş vaxtlarda öz ölkəsinin başqa bir böyük dövlətin əyaləti olmasını istəyənlərin tutarlı arqumentləri vardı, yeri gələndə deyirdilər: “Azərbaycanın işıqlı gələcəyi Rusiyaya bağlıdır”; “Biz istəyirik ki, Azərbaycan dili, dini, mədəniyyəti bir olan qardaşı ilə daha da yaxınlaşsın”.

O devizlər hələ də gündəmdədir, yeri gəldikcə işlədilir.

Bunlar əsl niyyətin diplomatik ibarələrlə pərdələnməsidir. Hamı bilir ki, məqsəd şəxsi mənsəb və mənfəət naminə ölkə xalqının mənafeyini satmaqdır.

Görünür, ötən əsrin 20-ci illərində, düz 99-100 il öncə müstəqil Azərbaycanı Rusiyaya satıb əyalətə çevirənlərin aqibəti (Nərimanovdan Çingiz İldırıma qədər) bir çoxlarına dərs olmayıb.

O xainlərin hamısını ya zəhərlədilər, ya da güllələdilər, sürgünlərdə çürütdülər, heç biri xoşbəxt olmadı. Çünki öz dövlətlərini böyük dövlətə satdıqları andan öz talelərinin sahibi deyildilər. Əllərinin üstündə əl vardı və o əl bir gün onların öz əlini bağlayıb, üzlərini divara çevirdi…

Hələ şimal ayısının etibarına bələd olanlar nisbətən çoxdur, cənub şirinə güvənənlər isə duza gedirlər. Onlar da elə bilirlər ki, Azərbaycan müstəqil dövlət yox, İranın tərkibində Lənkəran, Gəncə, Şirvan, Qarabağ, Quba ostanlıqları olsa, xalq daha xoşbəxt olar.

Bu, avantüradır. Dünyanın ən demokratik ölkəsi belə müstəqilliyini əlindən vermiş xalqı xoşbəxt edə bilməz. Zatən, müstəqil dövlət qurduğu halda özünü idarə edib xoşbəxt ola bilməyən xalqlar qısa müddətdən sonra köləliyin nə qədər böyük bədbəxtlik olduğunu anlayırlar, amma gec olur, yenidən müstəqilliyin bərpa edilməsi azı 30-40, bəzən isə 70 il çəkir.

5-ci kolon fəallarının müstəqil dövlətin içində kompakt yaşayan azsaylı xalqların arasında fitnə-fəsad işləri apararaq, separatizmə meylləndirməsinə də bu prizmadan yanaşmaq lazımdır.

O adamlara müstəqil mikrodövlət -filan lazım deyil. Nəhəng dövlətlərin əhatəsindəki 5-10 milyonluq əhali kütləsinə malik dövlətlər problemlər məngənəsində sıxılırsa, daha kiçik dövlətlərin nəinki ağ günə çıxmaq, heç uzun yaşamaq şansı da yoxdur. Sadəcə, böyük dövlətlər onlardan maşa kimi istifadə etmək istəyir.

Загрузка...