Müşfiq kimi

– Sən necə bilirsən, bu quzuya çoxmu ot lazımdır?

-Necə məgər?

-Axı mənim evimdə hər şey çox azdır…”

(Ekzüperi, “Balaca şahzadə”)

Dillər Universitetindən qadın müəllim şikayətlənir, deyir rektor məni necə sıxışdırırsa, özümü Müşfiq kimi hiss edirəm. Əlbəttə, biz buna inanmaq istəmirik, çünki oranın rektoru Kamal müəllimdən belə hərəkətlər gözləmirik. Mədəniyyət Fondunun müdiri olub, sonralar Multikulturizm İdarəsinə başçılıq edib və sairə. Asudə vaxtlarında da şeir yazır. Ola bilərmi şair ruhlu insan öz idarəsində repressiya rüzgarları əsdirsin, işçilərini Nargin adasında öldürmək fikrinə düşsün? Ola bilməz. Əksinə, bizdə şairlər qaz idarəsinə müdir olub əhalini qızdırıblar, evlərə istilik gətiriblər. Bu yaxında radioda bir kişidən reportajı özüm dinlədim, deyir polisdə polkovnik olub, ancaq 45 dənə şeir kitabı çıxıbdır. Səhər cinayətkara qandal vurub axşam ilham pərisi ilə qucaqlaşırmış. Bəs niyə belə söhbətlər ortaya çıxır? Görünür, bu temada “Gizli Xarici Dillər” adlı ədəbi-bədii, lirik-sentimental, pullu-monumental araşdırmaya ehtiyac vardır. KİVDF-dən proje gözləyirəm.

Ancaq ümumiyyətlə, bizdə Müşfiq ömrü yaşamaq istəyən insanlar çoxdur. Nəyi pisdir ki? Qısa müddətdə kitabını yazıb, xalqın sevimlisinə çevrilib öldürülməyə gedirsən. Yoxsa vəzifədə otur, səni yazıçılar ittifaqına katib-zad qoysunlar, sən də ev alveri ilə, qəlyan ticarəti ilə, nə bilim, arvad-uşağın əyin-başını fikirləşməklə çürü. Hərçənd bizim uca millətimiz elə qanacaq və hörmət yiyəsidir ki, Müşfiqin ölüm hökmünü kəsən, başını istəyən şairlərə də Müşfiqə bəslədiyi məhəbbət qədər məhəbbət bəsləyir, hələ bəlkə daha çox. Bu ziddiyyəti başa düşmək çətindir. Misal üçün, bu yaxında Latviyada KQB arxivlərini açdılar, xeyli hörmətli adamlar – keşişlər, aktyorlar, deputatlar-zad agent çıxdı. Aləm qarışdı bir-birinə, adı SSRİ zamanı agent çıxan yoldaşlar bundan qətiyyətlə imtina etməyə çalışdılar. Biri dedi, adımı qeyd elətdirmişəm, ancaq kimsəni satmamışam, işverən olmamışam. O biri dedi, KQB məndən xaricdəki proseslər haqda məlumat alırdı, daxildə, Latviyada işim olmayıb və sairə. Mən o zaman fikirləşdim ki, bənzər arxiv bizdə açılsa nə olardı. Əlbəttə, adı çıxanlar fəxr edərdilər! Millət də həmçinin. Hətta bəzi analar uşaqlarına, arvadlar isə ərlərinə qapaz vurardı ki, kül sənin kişi başına, camaat agentlik eləyib, pul qazanırmış, sən isə bizi acından öldürürdün, kolbasa növbələrində ayağımıza su gəlmişdi. Bunu fərziyyə üçün, ehtimal kimi yazmıram, ortada min dənə faktlar var. Misal üçün, şairlər var, komsomol mükafatı almasını indi də qürurla tərcümeyi-halına yazır. Elə bil Nobel, Buker alıb. Yazıçımız var, mənasız cızmaqaralarının 70-ci illərdə sovet proletkult propaqandası idarəsinin xətti ilə buşmen dilinə tərcümə edilib Mozambikin banan kolxozunda çapdan çıxmasını böyük uğur sayır, deyir, əsərlərim dünyanın filan qədər dilinə çevrilmişdir.

Ancaq gəlin qanımızı qaraltmayaq. Düzələcək. Elə Afrikadan söz açmışkən, bu həftə aldığım sevindirici xəbəri hörmətli oxucularla bölüşməyin ləzzətini yaşamaqdan məmnunluq duyduğumu Nəsimi adına Dilçilik İnstitutunun müdiri Mirmövsüm ağaya bildirmək istərdim. Bildiyiniz kimi (oxucuların boynuna qoyursan, sonra ağlına gələni yazırsan – bu, yeni stildir), kənd təsərrüfatı idarəmizin nümayəndə heyəti Cənubi Afrika Respublikasına səfərdən qayıtmışdır. Deyir, oradan yeni qoyun sortları almışıq, ölkəmizdə yayacağıq. Açığı, biz elə bilirdik qoyunlarımızın dünyada analoqu yoxdur, əti ən dadlı, yunu ən yumşaq, quzusu ən şirin mələyən, canım sənə desin, qoçu ən bərk kəllə atan qoyunlar ölkəmizdə yaşayır. Elə deyilmiş. Elə olsa niyə dünyaya yayılıb qoyun yığırıq? Hətta qoyunu da ixrac etməyə məcburuqsa, daha niyə yaşayırıq? Respublikamızın gələcəyinə ümidlərim bir az sarsılmışdır.

Sonda rektorlardan xahiş edirəm, işçilərinə Müşfiq münasibəti göstərməsinlər, onların dərisini soysunlar. Çünki bizdə Nəsimi ili elan olunub, Müşfiq yox. Dövlət tədbirinə qarşı çıxmayın.

Загрузка...