Bakıdan olan Cavid adlı mühəndis Əbu-Dabidə öz qəhvə şəbəkəsini qurub. Onun qəhvə evləri 42 Coffee Roasters qısa müddətdə BƏƏ paytaxtı sakinlərinin ziyarət etdikləri sevimli yerə çevrilib.
Virtualaz.org bildirir ki, Azərbaycandan olan miqrantın BƏƏ-də uğurlu biznes qurmağa necə müvəffəq olduğu barədə adwonline.ae nəşri yazıb.
Ərəb jurnalistlərə verdiyi müsahibədə Cavid (soyadı göstərilmir-red.) bütün ömrü boyu yalnız çay içdiyini və nə vaxtsa həyatını qəhvə ilə bağlayacağını ağlına belə gətirmədiyini deyib.
Cavid taleyini dəyişən qəhvənin dadına ilk dəfə 7 il əvvəl Moskvada, soyuq bir gündə kafedə baxıb. Daha doğrusu, o, kafedə çay istəyib, amma orada çay olmadığından ona qəhvə təklif ediblər.
“V60 növlü qəhvə idi. Bunu xeyli sonra öyrəndim. Qəhvənin qeyri-adi dadı mənə o qədər xoş gəldi ki, ABŞ-dan bir qovurma maşını sifariş etdim və qəhvə dənələrini qovurmağı şəxsən sınaqdan keçirdim. Sonra qəhvə maşınını işə-dənizdəki qurğuya apardım və fasilələrdə qəhvə dənələrini qızardıb dəmləməyi orada da davam etdirdim”, – deyə Cavid bildirib.
Onun sözlərinə görə, qəribə də olsa, mühəndis peşəsi ona qəhvə biznesində çox kömək edib, çünki o, kiçik detalları necə ayırmağı bilir.
“Tezliklə qəhvəm, praktik olaraq, məni əhatə edənlərin hamısının xoşuna gəlməyə başladı. Hər dəfə ən yaxşı qəhvəmi dəmləyirəm və özüm üçün nəyisə yenidən kəşf edirəm”- o deyib.
Cavid danışıb ki, BƏƏ-yə neft sahəsində işləmək üçün köçüb, amma şəxsi qəhvəxana açmağa məhz Əbu-Dabidə qərar verib.
“Mən hesab edirəm ki, BƏƏ-də böyük brendlər kiçik biznesə dəstək verməlidilər. Biz burada hər şeyi əllə edirik. Bizim üçün hər bir müştəri dostdur, hansılarla ki, biz qəhvə hazır olana qədər, həyat haqda danışırıq. Mən həmişə müştəridən soruşuram ki, qəhvə xoşuna gəldimi… Axı söhbət puldan yox, dostluqdan gedir. Bütün uğurların sirri də bundadır”, – o vurğulayıb.
Virtualaz.org