“Biri gələr, biri gedər hamamda,
Canımızın kiri gedər hamamda”
(“Papaq” kinosundan mahnı)
Ölkəmizin əsas dissidentlərindən və müxalifət liderlərindən biri Rüstəm müəllimin uzun sürən işgəncə, zülm, məşəqqət, əzab, dəhşətlərdən (təsəvvür edin, o, çoxdandır Şamaxıda əkdiyi üzümlərin çaxırını şəxsən süzə bilmirdi!) sonra qayıdıb vətənə gəldi. Düzdür, arada qardaşı öləndə yasa gəlmişdi, ancaq o sayılmır. Bizdə müxalifətçiləri türmədən anası öləndə bir-iki günlük buraxmaq ənənəsi vardır. Hətta elə müxalifətçi olubdur ki, humanizmin şiddətindən icazə vermişik 7 mərasiminə qədər qəbiristanlıqda otursun. O üzdən, görürsən kimsə tutulanda camaat deyir: “Anan ölsün, ay bala”. Uzaqgörən duadır. Çünki hamımız bilirik arvad ölsə uşağı azadlığa müvəqqəti də olsa buraxacaqlar. Dünya beş günlükdür, nə qapsan nəfdir. Mövzudan uzaqlaşmayaq, yoxsa sonra bizim də qayıdıb mövzuya gəlməyimiz üçün yuxarılardan icazə almalı olarıq.
Müxalifətin görkəmli simasının bir restoranda ədəbiyyat naziri Anar müəllimlə yeyib-içməsi isə ümumiyyətlə, iqtidar-müxalifət münasibətlərində isinişmədən, buzların əriməsindən, yazın gəlişindən xəbər verərək bizi sevindirməyə bilməz. Bəlkə bu görüşə görə dünən Abşeron yarımadasında yaz havası kimi bir hava var idi, baxmayaraq Umayra xanım qanımızı qaraldıb sulu qar yağacağını anons eləmişdi. Əsas odur bu sulu qar müvəqqəti bir şeydir, Mətanət xanım demişkən, küləkdir, əsib keçəcək. Yeri gəlmişkən, Əbdürrəhman Vəzirovun da 29 il sonra uca millətimiz üçün danışması, Rusiyada “Paxlava” kanalına intervü verməsi təsadüfi sayıla bilməz. Regionda qlobal istiləşmədir, buzlar əriyir. Çalışmaq lazımdır bu arada şəxsi gəmini aysberqə vurub batırmayasan. Məsələn, 90-ların əvvəlindəki bəzilərimiz kimi maymaqlıq etməyəsən.
Könül istəyir bu proses davamlı olsun. Əkrəm Əylislini xaricə buraxmaq lazımdır. Həm də ermənipərəst temasında heç-heçə yaranar – ikisi də burada olanda basırıqdır. Qoy biri gəlsin, biri getsin. O cümlədən türmələrdəki siyasi dustaqları azad eləmək yaxşı olardı. Çünki onların bəziləri məhz Rüstəm müəllimin prezident olmağını istədiyi üçün türmədədir (indi bu istək nə qədər karikatur görünsə də biz tariximizi danmayaq). ASAN-müxalifət, Bir pəncərə-tənqid, DOST-təhqir idarələri yaradılmalıdır. Hətta düşünürəm, daha uzağa gedib Əli bəyi təzədən deputat seçsək, Əliməmməd Nuriyevlə Asim Mollazadəni isə ona müavin qaytarsaq dövlətçiliyimizi, Lenin baba demişkən, “spiralvari inkişaf yoluna” döndərərik. Etibar Məmmədovu “Hyatt Recensi” hotelinin hovuzundan suyu süzülmüş çıxardıb deputatxana tribunasına aparmaq, Vəzirovla ağızlaşdırmaq isə prosesə lap rəng qatardı.
Hərçənd Rüstəm müəllim kinomuzun vəziyyətinin ağır olmasından şikayətlənmişdir, mayda kinoçəkənlərin qurultayını qayırmaq istədiyini bəyan etmişdir. Yəni deyir mən siyasətə qarışmıram. Guya biz qarışırıq. Bizdə heç kim siyasətə qarışmır. Qaldı kino, doğrudan da orada vəziyyət acınacaqlıdır. Aktyorlar bekarçılıqdan məktəb direktorlarını döyür, aktrisalar toyda oxuyur, rejissorlar xınayaxdı, operatorlar sünnət mərasimlərinə quruluş verir. Hətta dövlət imtahan komissiyası bu il məcbur oldu 3-cü qrupdan teatrşünaslıq və kinoşünaslıq ixtisaslarını ləğv eləsin. Tələbat yoxdursa, kino, teatr faktiki ləğv edilibsə, şünaslar nəyi öyrənəcəklər, araşdıracaqlar?
Hərçənd orada 1-ci qrupdan “kosmik texnika mühəndisliyi” ixtisasımızı niyə ləğv ediblər, anlamadım. İndi-indi göyə uçmağa başlamışdıq, Məleykə xanım pəl vurur. Hələ baytarlıq ixtisasının ləğvini demirəm. Artıq dabaq danaları sağaltmaq da vacib deyil? Bu necə ölkədir? Kosmosa uçma, kino çəkmə, dananı sağaltma…
Bəs dünya şöhrətli rejissora növbəti ad günü tədbirində dana basdırmasını haradan alıb verəcəyik?