Qulu Xəlilov: “Bütün özəlləşdirmə prosesini online qaydada izləmək üçün müvafiq mexanizm yaradılıb”
Prezidentin struktur dəyişiklikləri ilə yanvarın 17-də imzaladığı fərmanında Nazirlər Kabinetinə üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etmək tapşırılır.
Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcək.
Bu prosesin yekununda dövlət qurumlarındakı artıq avtomobillərin hərraca çıxarılması gözlənilir.
Azərbaycanda belə hərraclar necə keçirilir? Avtomobillərin satışında hansısa problemlər qeydə alınırmı? Bu suallarla bağlı apardığımız kiçik araşdırma zamanı ziddiyyətli rəylər üzə çıxdı. Hərracların qanun-qaydalara uyğun keçirildiyini, avtomobillərin real dəyərinə uyğun satıldığını deyənlər də oldu, əksinə, prosesin formal xarakter daşıdığını, normal vəziyyətdə olan avtomobillərin qabaqcadan alıcı ilə danışılaraq hərraca çıxarıldığını bildirənlər də. Bəzi mənbələr hərrac zamanı əvvəlcədən danışılan avtomobillərin qiymətinin qəsdən aşağı müəyyənləşdirildiyini qeyd etdilər.
Onu da bildirək ki, avtomobillərin hərracı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həyata keçirilir.
Hərracda iştirak etmək üçün hərrac komissiyasına hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək sifarişçinin şəxsiyyətini təsdiq edən, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənədlər təqdim olunmalıdır. Avtomobil üçün beh onun ilkin elan olunmuş dəyərinin 10 faizi miqdarındadır. Beh Mərkəzi Bankda – müvafiq nömrəli hesaba köçürülməlidir.
Hərracları keçirən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov “Yeni Müsavat”a prosesin tam şəffaf aparıldığını deyir: “Ümumiyyətlə, bütün özəlləşdirmə prosesini online qaydada izləmək üçün müvafiq mexanizm yaradılıb. Avtomobillərə gəlincə, onlar üçün sifariş elektron formada verilir. Bu sistemdə heç bir qanunsuzluq etmək mümkün deyil. İstənilən şəxs elektron qaydada sifariş verib, evindəncə online qaydada hərracda iştirak edə bilir. Yəni hərrac da elektron keçirilir deyə hər hansı qaninsuzluqdan söhbət belə gedə bilməz”.
Komitədən verilən məlumata görə, 2018-ci ildə dövlət qurumlarına məxsus 170 ədəd avtomobil hərrac vasitəsilə satılıb. Bu ilin ötən dövründə isə avtomobillərin satışı üzrə 4 dəfə -15 yanvar, 22 yanvar, 29 yanvar və 12 fevralda hərrac keçirilib. Bu hərraclara çıxarılan avtomobillərin böyük əksəriyyəti ilkin start qiymətinəcə satılıb. Yalnız 15 yanvarda hərraca çıxarılan 6 nəqliyyat vasitəsindən 4-ü elan edilmiş ilkin qiymətindən baha satılıb.
22 yanvarda hərraca çıxarılan 5 avtomobilin hamısı ilkin start qiymətinə satılıb. Bu hərracda cari il üçün ən bahalı satış qeydə alınıb. Belə ki, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə məxsus 2008-ci il istehsallı “Mercedes Benz S350” elan olunmuş ilkin qiyməti olan 27 min manata satılıb.
29 yanvarda satışa çıxarılan 4 avtomobildən 1-i üzrə belə hal qeydə alınıb. İlkin qiymətindən ən çox yüksək qiymətə satılan isə Vergilər Nazirliyinə məxsus 2006-cı il istehsallı KİA Optima markalı avtomobil olub – 6 min manat ilkin satış qiymətinə qarşı 10100 manata satılıb.
12 fevralda Daxili İşlər Naziurliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 12 avtomobili satışa çıxarılıb. DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, QAZ-3110 və “Volksvagen Passat” avtomobilləri təqdim edib. Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobilləri olub – ilkin start qiyməti 5200 manat. “Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manat. Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayıb. Avtomobillərin hamısı satılıb.
DİN-in adıçəkilən qurumu martın 19-da keçiriləcək hərraca daha 2 avtomobil təqdim edib. Bunlar QAZ-3102 və UAZ-3741 markalı maşınlardır. Birincinin start qiyməti 1800, ikincininki isə 3500 manat müəyyənləşdirilib.
Əmlak Komitəsinin İnternet saytında illər üzrə satılmış avtomobillərə dair sonuncu məlumat 2013-cü ilə aiddir.
“Yeni Müsavat”