İki qoçunun başı bir şəhərdə zibil qaynadanda....

Ağlı kəsən uşaq və dəliqanlı yeniyetmə olan vaxtlarımızda əsgərlikdən yenicə gəlmiş qohumlarımızın, qonşularımızın dizinin dibini kəsdirib söhbətlərinə ağzıayrıq halda qulaq asmaq kimi maniakal bir şakərimiz vardı.

Təkcə yaxın qohum-əqrəba, qonum-qonşu deyildi, zatən 3-4 cavan oğlan bir yerə düşən kimi söhbət mütləq əsgərlik xatirələrindən düşər və vaxt varsa, bir neçə saat uzanardı. Təbii ki, bizim dost-tanışların hamısı əsgərliyin ilk 6 ayında, yəni “molodoy” vaxtlarında incidildiklərini etiraf etsələr də, bu epizodun üstündən sürətlə keçib, “blatnoy”luq etdikləri vaxta adlayardılar.

Bizimkilərin hamısı əsgərlikdən “blatnoy” gəlmişdi. Bir yarısı düz deyirdi, çünki əsgərliyə 55 kiloyla gedən qaraşın, sısqa oğlanların iki ildən sonra 85-90 kiloyla, üstəlik, polyak gəncləri qədər ağappaq sifətlə qayıtdıqlarını görəndə o saat bilirdin ki, bunun günü xoş keçib, yoxsa bu durumda olmazdı. Amma getdiyi kimi qayıdanlar da vardı. Üstəlik, onlar kəndin özündə də “çurban” idilərsə, uzaq Sibirdə, Qazaxıstanda, Murmanskda necə “blatnoyluq” edə bilərdilər?

Bizim keçmiş “blatnoy” əsgərlərin söhbətlərində həmişə bir məqam olardı ki, mənə qəribə gələrdi. Onlar danışar, özlərini bir saat tərifləyər, amma hekayətin ortasında belə bir cümlə işlədərdilər: “Amma bizim çastda bir çeçen vardı, kopolunun gədəsi çınqıydı” (“Çınqı” – yəni od-alov, qığılcım) ; “Bizim çastda vəziyyətə biz baxırdık, bir də iki çeçen vardı, idmançıydılar, heç kəsə yendirmirdilər”; “Qroznudan bir oğlan vardı, Barayev, ondan komandirlər də qorxurdu” və sair və ilaxır.

Bu kimi söhbətləri dinləyəndə bizdə adlarına “çeçen” deyilən oğlanların cəsur, döyüşkən olmaları haqqında təsəvvür formalaşırdı.

Ancaq bu cür söhbətlərin ən səmimisini həmyaşıdım Əlizamindən eşitmişəm. Bir metr 90 santim boyu, 90 kilo çəkisi olan Əlizaminin söhbəti beləydi: “Bir gün iki azərbaycanlı, iki özbək, bir tacik yığışdıq, hərbi hissədə lotuluq edən çeçeni kaptorqa söhbətə çağırdıq. Özbəyin birinə dedik, sən dur qapının ağzında, biz içəridə bunun hesabını çəkək. Biz içəri girən kimi çeçen heç imkan vermədi, əlimizi açaq, fırfıra kimi fırlanır, dirsək, təpik, diz, yumruq, necə gəldi, bizə döşədi. Demə, bu alçaq karate üzrə qara kəmər yiyəsiymiş. Əlindən çıxanımız qaçırdı qapıya tərəf. Amma özbək də qapının arxasında durub, qışqırır ki, əkə, vur. Nə vur. Padles dördümüzü də yerlə bir elədi, hələ çıxanda ”yengə” özbəyi də şillələyib getdi”.

Sonradan sovet ordusunda xidmət keçən başqa millətdən olan adamlarla da rastlaşdıq, təbii ki, hamını birləşdirən ordu xatirələrini bir də onların dilindən eşitdik. Onlar da hərbi hissələrdə azərbaycanlıların “borzuluq” etdiklərindən danışırdılar. Çita tərəflərdə qulluq edən bir ukraynalı danışırdı ki, onun xidmət etdiyi hissədə ən qoçaq uşaqlar azərbaycanlılar idi. Deyirdi ki, hissəmizdə kim şəhərdə davaya düşür, döyülüb gəlirdisə, kömək üçün azərbaycanlıların üstünə qaçırdı. Onun sözlərinə görə, bir dəfə bir çeçeni, iki inquşu və bir osetini şəhərdə diskotekada möhkəm döyüblər. Döyülmüş çeçen hissəyə girən kimi, “Azerbı, pomoqite, ubyut” deyə bağırıb və bayılıb.

Vətəndən kənarda olanda bu cür söhbətlər istər-istəməz adamda qürur hissi oyadır, bilirsən ki, sənin millətinin oğulları əksəriyyət etibarilə əfəl, mağmın, “çurban” deyillər, qoçaqları, cəsurları çoxdur, harda olsa, baş çıxardırlar.

Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş qovğa-mərəkəyə bir də bu prizmadan, “iki qoçun başı bir qazanda qaynamaz” hikmətindən baxmaq olar. Ancaq böyük sovet ordusunda azərbaycanlı və çeçen əsgərlər bir-birinə mane olmadan baş girləyə bilirdilərsə, demək, bu hər platformada ola bilər. Gərək onlar Moskva kimi iri bir şəhərdə bir-birinə qarşı qoçuluq edib zibil qaynatmasınlar.

Könül istər ki, bizim vətəndən kənarda yaşayan yüz minlərlə eloğlumuz başı salamat şəkildə pul-paralarını qazansın, nə heç kəsin üstünə yeriməsinlər, nə də kimsənin onların üstünə xoruzlanmasına imkan verməsinlər.

Məşhur qanqsterimiz Hacı Məmmədovdan aylıq xərac istəyən üç çeçen avtoritetin başına Qarabulaqda gələn haqq-hesabı isə, imkan olar, başqa vaxt nəql edərəm. Amma kimin hövsələsi çatmırsa, bu epizodu Hacı Məmmədovun məhkəmə materiallarından tapıb oxuya bilər. İbrətamiz əhvalatdır.

Загрузка...