Erməni ekspert Tevan Poqosyan deyib ki, xalq Qarabağ problemini ərazi güzəştləri olmadan həll etmək üçün Paşinyana mandat verib. Diqqət edin: “’Ərazi güzəştləri olmadan”. Həmsədrlər də deyir ki, Parisdə xalqların sülhə hazırlanması barədə razılıq əldə olunub.
İrəvanda hələ də anlamırlar ki, Azərbaycanın atəşkəsə razılaşıb işğalçı ölkə ilə masaya oturmasının özü onlara böyük güzəştdir. Belə düşüncə ilə danışıqlar yüz il aparılsa belə, heç bir nəticə əldə olunmayacaq.
Əslində Nikol Paşinyan hakimiyyətə gələndən sonra sərgilədiyi ziddiyyətli mövqe ilə gərginliyi tətikləməyə çalışıb. Bir çoxları ümid edirdi ki, Köçəryan-Sərkisyan cütlüyündən fərqli olaraq, “müharibə partiyası”nın üzvü olmayan Paşinyan xalqını fəlakətli iqtisadi durumdan xilas etmək üçün ordunu Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkəcək. Ancaq Ermənistanın baş nazirinin fəaliyyəti bunun tam əksini deyir.
Ötən həftə Ermənistan parlamentində hökumətin proqramı müzakirə olunanda Paşinyan yenə də köhnə havanı oxuyub, deyib ki, danışıqlarda Ermənistanı təmsil edir, Dağlıq Qarabağın “öz hakimiyyəti” var.
Daha bu yerdə “STOP!” deyilməlidir. Həvəsdir, bəsdir! Gündə bir hava çalan adamla danışıqlara vaxt və əsəb sərf etməyin mənası yoxdur. Bəzi ekspertlər iddia edir ki, baş nazir bu yolla Qarabağ güzəştində məsuliyyəti separatçılarla bölüşdürmək istəyir. Yəni hakimiyyətinə Qarabağ klanından, yaxud erməni diasporundan təhlükə gələndə desin ki, mən güzəşt qərarını təkbaşına verməmişəm, Xankəndi ilə razılaşdırmışam. Amma onun belə bir məqsədi olsa belə, Qarabağ ermənilərini başa çıxartmaq olmaz!
Bu yaxınlarda Ermənistanın 55 deputatının imzaladığı ilginc bir sənəd yayılmışdı. 1992-ci ilin oktyabrında Bakıya müraciət edən ermənilər müharibəni dayandırmağı və dinc yaşamağı xahiş ediblər. Eks-prezident Ayaz Mütəllibov da danışırdı ki, 1991-ci ildə Xankəndidən bir heyət gəlib “bizi xilas edin” deyib yalvarırımış. Elə Heydər Əliyevin zamanında, uğurlu Horadiz əməliyyatından sonra da ermənilər yalvar-yaxarla atəşkəs istəyirdilər. Azərbaycan hər dəfə üstünlük əldə edəndə ermənilər cildə giriblər, sonra ilan olub boğazımıza dolanıblar.
Bu gün Nikol Paşinyan elə bir dalana girib ki, istəyir Qarabağla bağlı radikal mövqeyi sayəsində özünü xilas eləsin. Bu fürsəti ona vermək lazım deyil. O, rahat şəkildə seçki keçirmək fürsətini məhz Azərbaycanın sayəsində qazandığını dərk etmədi. Sərkisyan, ya da Köçəryan Dağlıq Qarabağ ətrafındakı rayonlardan danışırdısa, Paşinyan deyir həmin 7 rayon Dağlıq Qarabağa “birləşdirilib”. Üstəlik, deyir Azərbaycandan güzəştlər tələb olunmalıdır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov tamamilə haqlıdır, belə bir vəziyyətdə danışıqlar aparmağın heç bir mənası yoxdur.
Odur ki, Münhendə Azərbaycan və Ermənistan XİN başçılarının Qarabağdan danışmaması, hətta bir yerdə şəkil çəkdirməməsi çox yaxşı oldu. Yanvarda 4 saatlıq danışqları olmuşdu, nə dəyişdi ki…
Paşinyanın yanlış addımlar onu həm Rusiyadan, həm də ABŞ-dan təcrid etməkdədir. Ermənistanın Suriyaya 83 hərbçi göndərməsi Vaşinqtonda qəzəblə qarşılandı. ABŞ Dövlət Departamentindən “Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik” bəyanatı gəldi. Eyni zamanda, Ermənistanın “Flight Travel” şirkəti adı ABŞ-ın “qara siyahı”sında olan İranın “Mahan Air” hava yolları şirkəti ilə əməkdaşlıq etdiyinə görə “ikinci dərəcəli” sanksiyaya məruz qaldı.
Digər tərəfdən, Rusiya İrəvanda amerikalı ekspertlərin iştirakı ilə keçirilən “rəngli inqilab”müzakirələrini qıcıqla qarşılayıb. Təsəvvür edin, Moskva Paşinyanı yola salmaq istəyir, amma erməni baş nazir “Sorosun uşaqları”nı yığıb onlara MDB məkanında, həmçinin Rusiyada rəngli inqilab etməyin yollarını müzakirə edir.
İndi də Paşinyan İrana üz tutur, 27 fevralda qonşu ölkəyə gedəcək. Ölkəsini acınacaqlı vəziyyətdən xilas etmək üçün onsuz da ağır durumda olan Tehrandan kömək istəyəcək. Keçən il “ABŞ tələb etsə, İranla da sərhədi bağlaya bilərik” deyən Nikoldur bu. Yəni ermənidir. Onunçün müttəfiqlik anlayışı yoxdur.
Beləcə, İrəvanın “haça-paça” siyasəti qısa müddətdə iflasa uğramaqdadır. Bizsə bu fürsətdən Qarabağ üçün yararlanmalıyıq. Torpaqlarımızdakı düşmən əsgərlərinə verdiyimiz möhlət yetərlidir. Günahı özlərində axtarsınlar. Güzəşt limiti çoxdan bitib. Özü də təkcə Paşinyana yox, bütün Ermənistana. Ermənilər güzəşti başqa cür anlayırlar. Poqosyan kimi… Deməli, onları danışıqla başa salmaq mümkün olmayacaq. 100 il keçsə də…