Doğan qazanlar ölkəsi

“Styopa kağıza göz gəzdirdi və quruyub qaldı. Hər şey yerli-yerində idi. Birincisi, Styopanın öz dəsti-xəttiylə çəkdiyi göz çıxaran qol! Yan tərəfdən maliyyə direktoru Rimskinin çəpəki icazəsi ki, yeddi çıxışa görə artist Volanda çatası otuz beş min rubldan on min rubl ödənilsin. Üstəlik, Volandın artıq on min aldığı barədə qəbz də burada idi”

(Bulqakov, “Master və Marqarita”)

Bu yaxında unikal bir fırıldaq üsulu öyrənmişəm, istərdim hörmətli oxucularımıza da çatdırım. O mənada yox ki, dərhal bunu həyatda tətbiq eləsinlər. Qətiyyən. Biz – oxucularım və mən düzgün adamlarıq. Dövlətçilik, sabitlik, xalqımızın dinamik gələcəyi bizdən ötrü hər şeydən önəmlidir. Bəzi oxucularım ətəklərini namaz qılmaq üçün arendaya verirlər. Hətta bir oxucum var, onun cırıq ayaqqabısını qaynadıb dəvəquşu yumurtasının sarısı ilə əzib qarışdıranda, alınan məhlulu hamilə qadınların başına çəkəndə oğlan doğulması ehtimalı 95 faiz artır. Başqa birisi Şeyxin Praqa nümayəndəliyində vaiz işləyir. Çox başınızı ağrıtmayım, qaldı fırıldağı niyə yazıram, onun iki səbəbi vardır. Birincisi, üzləşəndə çaşmasınlar, ikincisi, dünyanın işini nə biləsən, bəlkə sabah dövlətçilik naminə özün bu işlə məşğul oldun?

Fırıldağın qısa məzmunu isə belədir ki, tutalım sənə təcili 3-4 min manat pul lazımdır. Banklardan bu miqdarı kredit şəklində almaq sərf etmir, həm faizlər yüksəkdir, həm də bank bunu sənə vermək üçün əlli min dənə sənəd-sünəd istəyəcək. Nə etməli? Tanışda, qohum-əqrəbada 3-4 min manatlıq hər hansı elektronika məhsulu, mebel-filan almaq istəyən adam tapırsan. Adamı aparırsan dükana, bundan daha bahalı, daha keyfiyyətli, misal üçün, 5 min manatlıq bir mal seçir. Sən bunu kreditlə alıb elə dükanın qapısı ağzında satırsan həmin şəxsə. Ödədiyi həmin 3-4 mini qoyursan cibə, gedib problemini həll edirsən. Dükanın kreditini də il ərzində bala-bala ödəyirsən (adətən bu, bankın faizlərindən sərfəli alınırmış), ya da heç ödəmirsən. Kimdir səni axtarıb tapan?

Məndə olan məlumata görə, bu dəqiqə ölkə ticarət sistemi bu cür ödənilməyən, vaxtı keçmiş kreditlər əlində yesir vəziyyətindədir. Məhkəmələr borc çəkişmələri ilə doludur. Tacirlər niyə bu kreditləri etibar edib verir? Əlac yoxdur. Sən kreditlə mal satmasan, başqası satacaq, bazar əldən gedəcək. Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış kimi gülünc sənədlərlə verilən malların batmaq ehtimalı da, yuxarıda yazdığım kimi, əllinin əlliyədir. Necə deyərlər, cəhənnəmdə bir daş var, götürən də peşmandır, götürməyən də. Sözgəlişi, müxalifət də durumun kritikliyini yaxşı tutub və yanılmıramsa Milli Şura növbəti mitinqini kreditlərə həsr etmək fikrindədir.

Tacirlərin qarmağa keçirilməsində həmçinin, az dozalı kredit iynələrindən yararlanırmışlar. Mexanizm belədir: qabaqca kiçik məhsulları kreditlə alıb, pulunu verib dükanda etibar qazanırlar. Misal üçün, 20 manatlıq ütü, 50 manatlıq şirəçəkən, 100 manatlıq tozsoran və sairə bu kimi malları almış, pulunu vaxtlı-vaxtında ödəmiş müştəri bir gün gəlib 5 min manatlıq televizor istəyəndə tacir adətən tələyə düşür. Kredit tarixçəsi müsbətdir axı.

Ümumən maliyyə-kredit fırıldağından hər bir zəhmətkeşimizin zərər görmə ehtimalı yüksəkdir. Burada savad-zad qəti rol oynamır. Təzəlikcə bir cavan oğlan şikayətlənmişdi, deyir fırıldaqçılar onun… 5 milyon dollarını qapazlayıblar. Mexanizm isə yuxarıda yazdığımızın bənzəri olubdur: qabaqca bundan az miqdarda borclar alıb vaxtında qaytarıblar, öyrəşdiriblər, axırda külli miqdarı götürüb yox olublar. Daha doğrusu, hüquq-mühafizə orqanları həmin lotuları tutub, ancaq indi azadlıqda gəzirlər – yəqin azadlığı da hissəvi şəkildə, fırıldaqla əldə ediblər. Həmin cavan isə küçədən keçən birisi deyil, Mərkəzi Bankda, İpoteka Fondunda, canım sənə desin, Dünya Bankında çalışıb (İş yerlərinin adına baxanda dəli şeytan deyir ki, bizim lotular “oğrudan oğruya halaldır” prinsipiylə işləyiblər).

Bir də bu “öyrəşdirmə üsulu”nun Molla Nəsrəddində əhvalatı var. Molla qonşudan balaca qazan alır, qaytaranda içinə daha balaca qazança qoyur. Qonşu soruşur bu nədir, deyir qazanın doğub. Qonşu şirniklənir, sevinir. Sonra Molla bundan çox yekə bir qazanı alıb qaytarmır, istəyəndə deyir qazanın ölüb. Qonşu deyir qazan ölərmi, Molla deyir bəs doğanda niyə soruşmurdun qazan doğarmı? Doğan bir gün ölər.

Çalışmalıyıq qazanımız həmişə doğsun, borclu qalmayaq. Bunun üçün xalqımızı, onun keçmişini, folklorunu, adət-ənənə və fırıldaqlarını öyrənməyə borcluyuq.

Загрузка...