Korrupsiyanın bənnaları

“Yalan qısa dövrdə xeyirli görünsə də, vaxt ötdükcə mütləq ziyanları qaçılmazdır. Doğru isə əksinə, indi ziyanlı görünə bilər, zaman keçəndə isə xeyirli olması ortaya çıxır”

(Deni Didro)

Korrupsiya ilə mübarizə komissiyasının katibi Kamal Cəfərov sosial şəbəkədə canlı yayım zamanı deyib ki, Azərbaycanda ən çox korrupsiya olan sahə… tikintidir. Məncə, tək elə bu fakt ölkədə korrupsiya ilə mübarizəyə necə qeyri-ciddi yanaşıldığını göstərir. Korrupsiya ilə mübarizə komissiyasının katibi korrupsiyanın mənasını bilmir. Bilsə, tikintidə bir mənzilin bir neçə nəfərə qanunsuz satışını korrupsiya adlandırmazdı. Bu, dələduzluq, fırıldaq, saxtakarlıq kimi cinayətlərə aiddir. Korrupsiyanın başqa cinayətlərdən əsas fərqi isə onun tərəflərindən birinin mütləq dövlət, hakimiyyət orqanı, vəzifəli şəxs olmasıdır. Cinayət işində vəzifəli şəxsin adı keçmirsə, burda korrupsiya yoxdur – qısa, konkret. Ancaq biz Bakıda mənzillərin qanunsuz satışına dair cinayət işlərində haçansa şəhər rəhbərliyinə, notariuslara, əmlak qeydiyyatı üzrə başqa məsul şəxslərə rast gəlmişikmi? Yox. Bəs onda burda korrupsiya hardadır? Yəqin bənnalar daşı əyri qoyanda, beton qarışdıran fəhlələr sementi az vuranda korrupsiyaya yol veriblər. Ay sizi xətakarlar…

Problemləri ört-basdır eləməklə problemlər yoxa çıxmır. Əksinə, üst-üstə yığılıb qar uçqunu effektiylə adamın (oxu: hakimiyyətin) üstünə gəlir. Yadınıza salıram, son bir aya qədər elə bu iqtidarın nümayəndələri ölkədə hər hansı sosial gərginlik ocaqlarının olmasını, şəhid ailələrinin, aztəminatlı insanların, pensiyaçıların, tələbələrin, mətbuatın, təhsilin və sairənin hər hansı dərdi olduğunu boyunlarına alırdımı? İndi dövlət rəhbərliyi çevik tərpənib problemləri şəxsən həll etməyə məcbur olanda hamısı ağız-ağıza verib uğurlu siyasətdən danışırlar. Halbuki, prezident əslində o yaltaqların görməli olduğu işi görməyə məcbur qalıb. Həmin yaltaqlar vaxtilə Eldar Mahmudovun MTN-inə, Cahangir Hacıyevin bankına da təriflər vurur, yalan məlumatlar şəbəkəsi ilə problemlərin üstünü örtməyə çalışırdılar. Axırı məlumdur.

Qonşu Rusiyada bütün vəzifəli şəxslərin, dövlət məmurlarının, deputatların gəlir deklarasiyası, əmlakı haqda məlumatlar açıqdır. Hər bir vətəndaş o məlumatlarla tanış ola bilər. Bənzər qanunvericilik bizdə də var, ancaq biz nəinki nazirlərin, heç adi JEK rəislərinin də gəlirləri, malı-mülkü haqda qanuni bilgiləri əldə edə bilmirik. Bunlar rəsmi şəkildə dövlət sirri kimi bir şey elan olunub. Niyə? Həmin korrupsiya üzrə raykom katibi dostumuz tikintidə svarşiklərin eynəyinin dalına baxmaqdansa, bu sirlərin örtüyünü azacıq qaldıra bilərmi? Qaldıra bilmirsə, bizə nağıl danışmasın.

Rusiya demişkən, orda tənqidi sözə, jurnalistikaya münasibət də bizdəkindən yaxşıdır. Kim rusca bilirsə, təklif edirəm “Exo Moskvı” radiosunun saytına girib orda Putin haqda, Rusiya hakimiyyəti haqda tənqidlərin dozasına diqqət eləsin. Heyrətə gəlinəsi tekstlər, söhbətlər olur. Radionun sponsoru və yiyəsi isə “Qazprom” şirkətidir. O şirkət ki, səhmlərinin 50 faizindən çoxu Rusiya dövlətinə, el dilində desək, Putinə məxsusdur. Amma o tənqidlərə görə radionu bağlamaq kiminsə ağlına gəlmir.

Qayıdaq öz arealımıza. Bu yaxında deputatlar Ədliyyə Nazirliyinin bələdiyyələrə nəzarətinə də müsbət rəy verdilər. Guya bizdə bələdiyyə varmış. Bələdiyyənin ölü doğulmuş, hətta daha dəqiq yazsaq, abort edilmiş bir qurum olduğunu hamı bilir. Bütün dünyada yerli özünüidarəetmənin, müstəqilliyin, azadlığın, cəmiyyətin dayağı olan bələdiyyə Azərbaycanda icra hakimiyyətinin ayaqaltısı, qapı ağzına sərdiyi cırıq palaz kimi bir şeydir. Bakı bütün Avropa məkanında, bəlkə də Asiyada da mer, böyük şəhər bələdiyyəsi seçkisi keçirməyən yeganə paytaxt şəhəridir. Ancaq deputatlar və nazirlik bundan razı imiş. Kimi aldadırsınız? Özünüzü, bizi, yoxsa gələcəyimizi?

Загрузка...