Kölgələr xəritədə yox olur

“Madımak toplayıp yesem o anda,

Yola revan olsam aynı zamanda,

Bir gece misafir Azerbaycan’da,

Kalmadan ölürsem ona yanarım”.

(Ozan Arif)

“Ya Qarabağ, ya ölüm, Başqa yolu yox artıq” türküsünü yazan türkiyəli şair Ozan Arif 13 fevralda öldü, ancaq biz Qarabağın üzünü görmürük. Belə getsə, deyəsən, heç görməyəcəyik də. Çünki hökumət Qarabağ Komitəsinin mitinqlərinə icazə verməyib, bundan sonra komitədən istefalar başlayıb. Ən son olaraq Ağasif bəyin Gələcək Azərbaycan Partiyasından 8 nəfər gedibdir. Belə gələcək Azərbaycan bizə lazım deyildir.

Bu yaxında Qarabağdan və ətraf rayonlardan (açığı, hər dəfə bunu yazanda ağlıma belə söz oyunu gəlir: “Qarabağ yaxşıdır, ətrafı pisdir”) fotolar verilmişdi. Uzun bir silsilə idi. Dağılan evlər, toz basmış televizorlar, cırıq pərdələr, minarələrdə oturmuş ermənilər və çinli turistlər və qapılar, qapılar, qapılar… Bir darvaza formasının insana bu qədər hüzn gətirəcəyini fikirləşməzdim. Ancaq Qarabağda, Şuşada darvazalar elə həmin köhnə, 92-93-cü illərin, sovetlərin dizaynında qalıb. Dəmir lövhənin üzərinə bərkidilmiş olimpiya halqaları, alüminium tozu ilə rənglənmiş naxışlar… O vaxtdan bəri bizdə hər cür daravazalar çıxıb. Hətta iki tayı birləşəndə aslan ağzı forması alan qapılar da var, lakin Qarabağı itirmiş Azərbaycan heç vaxt aslan ola bilməz. Olsa olsa ev pişiyi olar.

Bir də o kədərli fotoların qatarına baxanda ağlıma gəldi ki, Qarabağ sözünün ən uyğun qafiyələrindən biri “xaraba” sözü imiş. Niyə indiyə qədər bunu düşünməmişəm, heç bilmirəm. Yəqin Qarabağa xaraba qalmağı yaraşdırmamışam.

Adam tanıyıram, balaca dükanda kompüter, çap maşını qoyub dəftərxana xidmətləri göstərir. Cəbrayıllıdır. Keçən həftə dükandan nəsə alırdım, məndən soruşur: “Quqlda yeni şəkilləri necə tapmaq olur, bilmirsən?” Baxıram ekranda məşhur “Google Earth” proqramını açıb. Məlum məsələdir – fokus Cəbrayıl üzərindədir. Aerofoto və ya peyk çəkilişinin tarixini axtarıb baxırıq. Keçənilkidir. Prinsipcə, baxdığımız yerin ən yeni çəkilişidir. Orda qabaqkı çəkilişləri də izləmək olur. Görürsən ki, 10 il qabaq hansısa kənddə salamat qalmış axırıncı divar 5 il qabaq artıq yoxdur. 7 il öncə kölgəsi düşən ağac da quruyub. Baxanlar, bu proqramın köçkün-qaçqın “xəstələri” bu kölgələrdən yaxşı xəbərdardır. Bəzən elə arzu edirsən ki, tanıdığın bir ağacın kölgəsi qalsın… Heç olmazsa. Cəbrayıllı öz coğrafi kəşflərini sanki bir Fernando Magellan kimi mənə göstərir: “Bax, bunu təzə tikiblər. Uzun çardaq kimini deyirəm, görürsənmi? Deyəsən hərbçilər qalır. Bu da bizim vaxtımızda yox idi. Təzə məhəllə kimi şey salıblar. Hərbi hissədən, cəbhə xəttindən çox aralıdır. Fikirləşirəm bəlkə köçürülmə ermənilərin yeridir”. Adama yazığım gəlir. Məncə, o, bir daha Cəbrayılı görməyəcəkdir. Yalandan nağıllar danışmağın nə mənası var? Elə Magellan da Portuqaliyanı bir daha görə bilməmişdi. Onu indiki Filippin adalarında yerli qəbilələr öldürmüşdülər. Ancaq təsəlli də var: hər halda, Magellanın ekspedisiyasından yeganə “Viktoriya” gəmisi ilk dünya dövrə-səyahətini başa vurub vətənə qayıtmışdı. 18 matrosla. Başlanğıcdakı 5 gəmi və 280-ə yaxın dənizçidən qalan bu olmuşdu.

Qarabağ və ətrafının xarabalıq fotolarında Suriya ermənilərinin Zəngilanda yerləşdirilməsi temasında da xeyli şəkil vardı. Bu nə həyasız mövqedir? Nə üçün bizim XİN danışıqlarda, ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə bu qanunsuz məskunlaşdırmaya diqqət yönəltmir, etiraz eləmir? Məncə, Elmar müəllim Zəngilandan ümidini bu qədər tez üzməsin.

Ozan Arifə isə rəhmət diləyirəm. O boyda Türkiyədən, o qədər dava ərzində bizi fikirləşən beş-üç kişidən biri olmuşdu. Dərdə yanan az olanda, o azlar daha qiymətli görünür. Dərd nə boyda olur olsun…

Загрузка...