İnsan haqları dövlətlərin daxili işi deyil. Əfsus ki, bunun real tətbiqini çox vaxt yalnız kiçik dövlətlər üzərində görürük. İri dövlətlərə isə sanki hər şey müstəhəbdir. Onlar öz maraqları naminə təməl haqları pozub o yana da keçərlər.
Universal dəyər sayılan insan haqlarına münasibətdə bu üzdən hərənin öz tərifi ortaya çıxıb – dünyada indi sanki həqiqi, bir növ “brend” insan haqları var, bir də dünyaya sırınan saxta, “kitayski” haqlar. “Kitay” demişkən, Çində uyğurların başına gətirilənlər, hakimiyyətin onları zorla öz türk kökündən, mədəniyyətindən, dinindən qoparıb manqurtlaşdırmaq siyasəti aparması bu dövlətin iç üzünü bir daha açıb.
Çin böyük nüvə dövlətidir, amma demokratik ölkə deyil. Burası bəlli. Amma demokratik azadlıqlar onun da daxili işi sayılmır! Rəsmi Pekinin XXI əsrdə (!!) ölkədə “təzədən tərbiyələndirmə” adı ilə konsentrasiya düşərgələri qurub sırf etnik əlamətə görə yüz minlərlə insanı ora doldurması doğrudan da insanlığa həqarətdir. Qardaş Türkiyə buna haqlı olaraq sərt etiraz bildirib. Xüsusən də uyğur ozan və milli fəal Əbdürrəhim Heyitin düşərgədə ölməsi milli haqlar bir yana, elementar insan haqqı mövzusunu yenidən gündəmə gətirib.
XXI əsrdə bu cür düşərgələrin qurulması əlbəttə ki, iyrənc, bəşər adına utancvericidir. Ancaq Pekin yetkililəri unudur ki, informasiya-texnologiya əsrində belə gizli konslagerlər yaradıb özünü sivil dövlət kimi aparmaq daha mümkün deyil. Dünya çox kiçilib.
İnsafən, məsələyə Ankara ilə yanaşı, Vaşinqtondan da kəskin etirazını gördük. Ola bilsin, ABŞ Çinlə ticarət savaşı içində olduğu üçün Pekinin üstünə getməyə bəhanə tapıb və Çinin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışır. Yəni Amerika da insan haqlarından ilk növbədə öz maraqları naminə istifadə edir. Hər necə olmasa, ABŞ-ın təməl haqlara münasibətini jurnalist Camal Qaşıqçının qətlinə reaksiyadan gördük. Ağ Ev maddi maraqları, Səudiyyə Ərəbistanı ilə çoxmilyardlıq silah kontraktlarını insan haqqından üstün tutdu.
İstənilən halda Vaşinqtonun uyğurlarla bağlı reaksiyası təqdiredicidir. Əfsus ki, analoji reaksiyanı əhalisinin yarıdan çoxu türk olan qonşu İrandan və ərazisində 20 milyona yaxın türkdilli xalqların yaşadığı Rusiyadan görmədik.
Son vaxtlar Güney Azərbaycanda güneyli siyasi fəalların təqibini gücləndirən İranın oxşar siyasəti yürüdən Çindən əslində böyük fərqi yoxdur. Hərçənd, Çində heç olmasa, türkdilli uyğurların muxtariyyəti var, İranda isə 30 milyonluq azərbaycanlı türk mədəni muxtariyyətə belə həsəddir, azərbaycanlı balalar farsca təhsil almaq zorundadır.
Bunlar bir qırağa. Məsələ ondadır ki, Çin türklərin yaşadığı ərazilərdə üstəlik, “kitayski islam” yaradaraq, yerli əhalini həm də dini kökündən qoparmağa çalışır. O zaman özünü “İslam Respublikası” sayan İran nədən buna reaksiya vermir? Nə üçün o, heç olmasa, ümmət maraqlarından çıxış eləmir? Axı uyğur türkləri də müsəlmandır.
Cavab bəsitdir: çünki Tehran üçün də bu məsələ dövlət maraqlarına gedib çıxır: İran ona görə etiraz eləmir ki, Çin ABŞ-dan fərqli olaraq, İrana qarşı sanksiyalar siyasətinə qoşulmayıb, əksin, İranın böyük neft alıcılarından biridir. Bu basabasda, Amerika sanksiyaların tüğyan elədiyi dönəmdə “it əti yeyənlər”in xətrinə dəymək olmaz…
Rusiyaya gəlincə, xarici işlər naziri Sergey Lavrov uyğurların başına gətirilən dəhşətlərlə bağlı “məlumatsız olduğunu” bildirib. “Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq və əlaqələrimizdə problem tapmağa çalışmırıq. Onu bilirik ki, Sinzyam-Uyğur Muxtar rayonunda ekstremistlərlə bağlı problem nə dərəcədə ciddidir” – Lavrov deyib.
Lavrov beləcə, uyğurlara qarşı zorakı, anti-insani siyasətə haqq qazandırıb. Azadlıq istəyən məğrur çeçen xalqına qarşı repressiyaları da Moskva eyni motivlə həyata keçirmişdi. Üstəlik, hazırda Çin və Rusiya ABŞ-a qarşı eyni düşərgədə təmsil olunub. Yəni ki, cəhənnəm olsun insan haqqı, müttəfiqin xətrinə dəymək olmaz…
Amma Rusiya Bakı hava limanından geri qaytarılan erməni əsilli bir neçə vətəndaşına görə Azərbaycana az qala nota verdi. Məsələni Bakı qarşısında dönə-dönə qaldırdı. Di gəl, Xankəndində illərdir haqsız yerə həbsdə saxlanılan və işgəncələrə məruz qalan başqa bir Rusiya vətəndaşının – Dilqəm Əsgərovun taleyi nə Lavrovun, nə də ümumən Rusiya hökumətinin vecinədir.