“Canlanır hər qarış yer Sumqayıtda,
Xarüqələr yaradır el Sumqayıtda”
(sovet mahnısından)
Mərkəzi Bankın sədri yenə dolayısı ilə ölkədəki iqtisadi durumu tənqid etmişdir. (Bundan öncə də gizli iqtisadiyyatın ölkəmizdə böyük pay yiyəsi olduğunu demişdi). Ona sual veriblər, niyə bank kreditlərinin faizləri yüksəkdir, deyib, faizləri aşağı salmaq üçün tək Mərkəzi Bankda, pul bazarında islahatlar yetmir, gərək başqa sahələrdə də ciddi islahatlar aparılsın. Deyir növbəti illərdə çalışacağıq inflyasiyanın alternativ təsir lövbərini yaradaq. Manatın üzən məzənnəsinə lövbər atmaq lazımdır – zəhmətkeşlərimiz istəsələr bunu belə anlasınlar. Ya da heç anlamasınlar, bizim fikirlərimiz kimə maraqlıdır?
Ancaq bütün hallarda Elman müəllimin realist adam olması göz qabağındadır. Dolayısı ilə də olsa həqiqəti deməkdən çəkinmir. Bir növ, bizim iqtisadiyyatın Ezopudur. Yalan olmasın, nağıl və əfsanələrimizdəki həqiqətpərəst, cəsarətli obraza çevrilməkdədir. Çünki qiymətlər durmadan qalxırsa, inflyasiya varsa, banklar kredit faizlərini təbii ki, kəlləçarxda saxlayacaqlar. Neft iynəsi ilə manatı hallandırmaq əlac deyil, real iqtisadi artım lazımdır. Rəqabətli sahələr yaranmalıdır. Liberal bazar iqtisadiyyatı olmalıdır. Bizdə isə bilinmir nədir. Gah özəlləşdirmə proqramı elan edirlər, gah baxırsan hansısa sahə yenidən dövlətin əlinə keçdi. Qiymətli kağızlar bazarımız, səhmdarlar, vergi ödəyən milyonçular, heç olmazsa 10 il dözüb duran yerli marka və brendlərimiz… Bunlar hardadır? Ümid edək yaxın gələcəkdə yaranacaqdır, çünki Elman müəllim hansısa islahatların gözlənildiyini bildiribdir. Hər 30 ildən bir belə ümidlərimiz yaransa bəsimizdir. “Yeməkdən ümid yaxşıdır” məsəli olan camaata başqa nə lazımdır?
Yemək demişkən, təzəlikcə açıqlanan bir iqtisadi göstərici də vəziyyətimizin acınacaqlı olmasından xəbər verir. “Evronyus” BMT-yə istinadla dünyada ət və ət məhsullarını hansı camaatın çox yediyini açıqlayıbdır. Birinci yerdə ispanlardır – ildə adambaşına (bəlkə də “adamqarnına” yazmaq daha düzdür) 94 kiloqram ət yeyirlər. İkinci yerdə 91 kilo ilə Avstriya, üçüncü yerdə 87 kilo ilə Fransa gəlir. Ümumiyyətlə, ən çox ət yeyənlər ABŞ və Qərbi Avropa sakinləridir – orta rəqəm 80 kilodur. Azərbaycanlılar isə ildə adambaşına cəmi 31 kilo ət yeyir. Ət məhsulları xüsusən azyaşlılar və yeniyetmələr üçün vacibdir. Bu, beynin, yaddaşın möhkəmlənməsi, xəstəliklərə müqavimət, qan yaratma və sairə üçün əvəzi olmayan məhsuldur. (Bioloqlar vegetarianlığa, ətdən imtinaya müəyyən orta yaşa çatandan sonra başlamağı məsləhət görürlər. Yaşlılara ət hətta zərər vura bilir). Sonra baxırsan millətin boyu çıxmır. Qan azlığından rəngi ƏDV-dən azad edilməmiş qəzet kağızına oxşayır. Böyründə kimsə asqıranda sətəlcəm olur. Asqırmaq demişkən, həmin hesabatda Gürcüstan bizdən də pis durumdadır. Orada ildə adambaşına 28 kilo ət yeyirmişlər. Bəlkə qripdən ölüm halları həm də buna görədir?
Sonda iqtisadi durumdan çox narahat olmadığımı bir daha bildirirəm. Hamısı düzələcəkdir. Əsas odur xalqımız gələcəyə inamla baxır. Odur, Sumqayıtdan sevindirici xəbər almışıq, deyir 30 gənc 1 qıza görə bıçaqlaşıb, 4 idmançının leşini xəstəxanaya aparıblar. “Leş” deyəndə, pis olmayın, mübaliğə üçün yazdım, salamatlıqdır. Gənclər kəsici-deşici yaralarla palataya uzadılıb. Qeyrətli uşaqlardır, fəxr edirik. Düzdür, bir az aclığın səviyyəsini də göstərir, çünki 30 gənc 1 qıza görə niyə dalaşsın? Ancaq Elman müəllim söz verib, islahat olacaq. İnşallah, gələn il bu vaxt 30 qız 1 gənc idmançının üstündə elmi-mənəvi diskussiya aparar. Cıdır düzündə.