Avtomatik qaralama

Cəmiyyətdəki, siyasi arenadakı aqressiyanı müşahidə etdikcə adam xoflanır. Düşünürsən ki, bu işin bu günü belədir, bəs sabahı necə olacaq?
Düşünmək qorxunc, proqnozlaşdırmaq çətindir.

Ona görə də ölkənin irəlini-gerini düşünən adamları getdikcə bu fikirə köklənirlər ki, bütün sferalarda yumşalma, mülayimləşmə labüddür, zəruridir.

İndiyədək siyasi rəqiblərinə qarşı sərt siyasi xətt yerindən iqtidarın son addımlarında da bir qədər mülayimləşmə elementləri sezilir və xəfif ümidlər yaradır.

Bu, hələlik özünü ictimai rəyin operativcəsinə nəzərə alınması faktlarında göstərir.

Məsələn, xalqın mühüm bir hissəsi, xüsusilə də ictimai-siyasi fəallar gənc bloqqer Mehman Hüseynovun ikinci müddətə həbsdə saxlanılması perspektivinə qarşı narazılığını bildirdi və bu nəzərə alındı. Artıq o, 15-20 gündən sonra azadlığa çıxacaq.

Şəhid ailələrinə qanpulu verilməsi məsələsi də ictimai rəydə arzulanan kimi, həm də ədalətlə həll edildi. 20 il öncə övladını, ailə başçısını itirən və buna görə təxminən 10 dollar həcmində qanpulu almış ailələr indi dövlətdən 11 min manatlıq təzminat ala biləcəklər.

Bir də bu günlərdə baş verən “meşə qadağası” qalmaqalında verilmiş sərəncama operativ şəkildə düzəliş edildi. Düzdür, ölkə əhalisinin 99,9 faizi bu hüquqdan bəhrələnməyəcək və meşələrə daraşıb itburnu və sair giləmeyvələr toplamayacaq, amma bu qərardan vaz keçilməsi ictimaiyyəti məmnun etdi.

Çünki bir məşhur filmdəki replikaya nəzirə olaraq söyləsək, məsələ itburnuda deyildi, ölkədə uçan-qaçan, sürünən, yerdən fışqıran, göydən tökülən nə varsa, hamısına dair qadağalar tətbiq edilməsində, bir də iqtidar komandasının diqqətcil olmasında idi.

İndi söylənilənlərə inansaq, Novruz bayramı ərəfəsində əfv fərmanı da veriləcək. Bu da ölkədəki aqressiyanın azalmasına xidmət edə bilər. Bir şərtlə ki, kriminal elementlərlə yanaşı, bu və ya digər şəkildə siyasi mötivlərlə həbs olunmuş şəxslər (xüsusilə də siyasi partiyaların üzvləri və jurnalistlər) də azad olunsun.

Bunlar olsa, aqressiya, söyüş-qarğış, şiddətə çağırışlar səngiyəcək.

Hazırda bir xeyli insan ona görə bu tutumdadır ki, aciz duruma salınıblar. Məlum olduğu ki, söyüş və qarğış məhz acizlərin, zəiflərin, əli bütün mübarizə vasitələrindən çıxmış insanların silahıdır.

Ölkədə qarşı duran, rəqabət aparan siyasi qüvvələrin arasında polemika, mübahisə aparmaq platforması olsa, camaat onlara, hər tərəfin intellektual sözçülərinin mədəni şəkildə, arqumentlərlə apardığı tolk-şoulara baxar, ağzından eyzən latayır axıdan, hərzə-hədyan danışan adamlara baxmaz.

Keçmişdə bunun parlaq nümunələri vardı. ANS-in “Nəzər nöqtəsi”ndə, eləcə də “Space” telekanalında yayımlanan başqa adlı tolk-şouda ictimaiyyətin geniş marağına səbəb olan polemikalar aparılırdı və tamaşaçılar oturub diqqətlə baxır, öz mövqelərini müəyyən edir, ertəsi gün əmək kollektivlərində kimin haqlı, kimin haqsız olmasına dair mübahisə edirdilər. Amma heç kəs qarşısındakını söyüb biabır etmirdi. Çünki bütün bu debatlar, diskussiyalar mədəni platformada gedirdi, öz həddini, ağzının danışığını bilməyənlərin orada işi yox idi.

Həmin platformalar hansısa səbəbdən (güman ki, müxalifəti xalqa çıxış tribunasından məhrum etmək arzusundan) ləğv olunduqdan, dövlət qeydiyyatından keçmiş leqal müxalifət zəiflədilib küncə qısnanılandan sonra meydan hakimiyyətə gəlməyin yeganə yolunun seçki olmadığına əmin olan dini-ektremist qüvvələrə qaldı. Onlar da zəiflədiləndən sonra indi meydanda uzaq ölkələrə sığınaraq, xalqı radikallığa səsləyən və heç kəsdən qorxmadıqlarını sübut etmək üçün söyüşlə danışan adamlar at oynadır. Ən pisi odur ki, onlara qulaq asanlar gündən-günə artır. Ona görə ki, ölkə daxilində daha təmkinli, daha ağıllı fikirlər irəli sürən adamların tribunası yoxdur.

Çıxış yolu ölkədə çoxçeşidli polemika platformasını, gerçək dialoq mühitini bərpa etməkdir. Qoy o dialoqlar eyzən kəskin mübahisələrlə keçsin, amma axırda dava düşməsin, tərəflər ortaq məxrəcə doğru addımlar atsınlar. Söz yox ki, mədəni platformada heç kəs söyüşlə, ağır sözlərlə, alçaldıcı ifadələrlə danışmayacaq. Çünki üz-üzdən utanır.

Danışıb anlaşmaq insana xas özəllikdir.

Загрузка...