Adətən xalqlar ona görə inqilab edir ki, daha yaxşı güzərana qovuşsun, inkişaf yoluna çıxa bilsin. Ermənilər də ötən il eyni məqsədlə ayağa qalxdılar, Qarabağ klanını, xunta rejimini hakimiyyətdən uzaqlaşdırdılar. Bu gün onların çox öyündüyü “məxməri inqilab”ın düz 9 ayı tamamlanır. Bəs nəticə?
Əvvəla, 9 ay az müddət deyil. 9 ay ana bətnində bir insanın yaranışı, vücud alması üçün gərəkən qiymətli zaman kəsiyidir. Dəniz suyunun dadına baxmaq üçün yetərli sayılan damladan da böyük bir ölçüdür. Yəni nə var, artıq ortadadır. Ermənilərin gözlədiyi iqtisadi möcüzə baş versəydi, verərdi. Möcüzə gözlənilmir, çünki Nikolun böhran əleyhinə sehrli çubuğu yoxdur.
Nəticəyə gəlincə, 9 ayda Ermənistan əhalisinin güzəranında yaxşıya doğru köklü heç bir dəyişiklik, ölkə iqtisadiyyatında inkişaf qeydə alınmayıb. Vəd olunan böyük xarici sərmayələr, çoxsaylı iş yerləri də hələ ki gözə dəymir. Həmçinin ölkədən əmək qabiliyyətli insanların kütləvi köçü səngiməyib. Qarabağ problemi, blokada rejimi davam edir. Yalnız korrupsiya ilə mübarizədə yeni baş nazir Nikol Paşinyan müəyyən uğurlara imza atıb, keçmiş cinayətkar rejimin bəzi odioz simalarının məsuliyyətə cəlb edib, o sırada eks-prezident Robert Köçəryanı Moskvanın etirazlarına rəğmən, həbsə atıb.
Ancaq Nikol Paşinyan tərəfdarı olan bir erməni siyasi şərhçisinin yazdığı kimi, xalqa daha tamaşa yox, çörək lazımdır, real nəticədən danışmaq zamanıdır. Nəticə üçün isə siyasi-iqtisadi islahatlar, daxili və xarici siyasətin uğurla uzlaşdırılması, bütün bunlar üçünsə 3 əsas şərt lazımdır: 1. Legitimlik. 2. Güclü komanda. 3. Güclü iradə.
1-ci şərt təmin olunub. Paşinyanın legitimliyi heç kəsdə, hətta Moskvada belə, şübhə doğurmur, hərçənd son vaxtlar reytinqin azalması meyli müşahidə edilməkdədir. Güclü komanda məsələsi isə həll olunmayıb. Bu xüsusda Nikolı indi ona rəğbəti olanlar da haqqına tənqid edirlər.
Bundan da vacibi isə əlbəttə ki, siyasi iradə, qətiyyətdir. Siyasi iradə olacaqsa, onda güclü komanda da, uğurlu daxili siyasət və onun davamı sayılan xarici siyasət də olacaq. Demək, Nikol daxili dayaqlarını möhkəmlədə biləcək. Ələlxüsus, problemlərin problemi sayılan Dağlıq Qarabağ məsələsində Paşinyanın iradə göstərməsi lazım gələcək.
Paşinyan isə Ermənistanı hansı istiqamətə aparacağını hələ də dəqiqləşdirməyib. Əlbəttə, öz xalqını o, yaxşı günə çıxarmaq istəyir. Ancaq istək ayrı, reallıqlar – ayrı. Nikolun əsas problemi də arzu ilə gerçək arasında fərqi görə bilməməkdir. Görsəydi, anlayardı ki, bir yandan ABŞ başda olmaqla Qərbin, NATO-nun, başqa yandan isə Rusiya və İranın dost-müttəfiqi olmaq mümkünsüzdür. Paşinyan isə eyni vaxtda Qərbdən maliyyə dəstəyi, Rusiya və İrandan isə hərbi-təhlükəsizlik və siyasi dəstək, zəmanət umur.
İnqilabçı baş nazirin Qarabağ siyasətində də nala-mıxa vurması özünü açıq göstərir. Gah o, dünyaya “sülh partiyası”nın rəhbəri kimi özünü göstərir, gah da oğlunu Azərbaycanın işğal altındakı ərazilərinə hərbi xidmətə göndərməklə sələfləri – keçmiş xunta rejiminin başçıları Sərkisyan-Köçəryan kimi hərəkət edir və “müharibə partiyası”nın təmsilçisi kimi danışır. Gah İlham Əliyevlə saatlarla Qarabağı müzakirə edir, gah da iddia edir ki, “mən Qarabağ ermənilərinin əvəzinə danışa bilmərəm, separatçılarla Bakı özü anlaşmalıdır”.
Amma baxırsan ki, təmas xəttində öldürülən erməni əsgərlərinin mütləq əksəriyyəti Ermənistan vətəndaşıdır, gəlmələrdir. Yaxşı, bu, sırf Bakı ilə Qarabağdakıların problemidirsə, onda Ermənistan hərbçilərinin, Paşinyanın oğlunun Dağlıq Qarabağda, yad dövlətin ərazisində nə ölümü? Bir ovuc Qarabağ ermənilərinin özlərinə qalsaydı, onlar çoxdan Azərbaycan konstitusiyasını qəbul etmişdilər – ya xoşluqla, ya da zorluqla…
Belə getsə, bu “saqqallı uşağa” bəzi gerçəklikləri başa salmaq üçün Azərbaycan əsgərinin müdaxiləsi lazım gələcək. Ümid edək ki, buna lüzum olmayacaq. Hər necə olmasa, əli azərbaycanlıların qanına bulaşmayan Paşinyan öz xalqı üçün unikal tarixi şansı düzgün hesablayıb İlham Əliyevlə anlaşmağa özündə təpər tapa bilər. Əks halda, erməniləri yeni müsibətlər və daha təhqiramiz rus boyunduruğu gözləyir…