Hər şeyi qara görmək kimi çıxmasın, açığı, mən o “Formula 1″ yarışmasının ildə-ildə Bakımızda (paytaxtımızdakı boş qalan yerlərin torpağı sanı yaşasın Hacıbala müəllim) keçirilməsində uğurlu və parlaq bir şey görmürəm.
Hərçənd ortalığa bu yarışmadan daxil olan gəlirlərə dair babat və real rəqəmlər qoyan olsa, bu mövqeyimdən “Ferrari” sürətilə geri çəkilə, hətta “Afərin, Rəhimov, sənk yu, Ceys Kerri” başlıqlı yazı da yaza bilərəm.
Düzdür, Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov “2016-2017 illərdə Azərbaycan ”Formula”dan 280 milyon dollar qazanıb” deyə bir söz deyib, amma bu mənə real rəqəmlər kimi görünmür, o gəlirlər hardan gəlib, nəyin müqabilində, hansı xidmətin, ticarətin qarşılığında olub, bunları bilmək lazımdır. Ona qalsa, o vaxt Rəsul Quliyevə irad tutulanda ki, bu milyonlar səndə hardandır, dedi, kitab yazmışam, qonorar almışam. Amma kitabın haralarda, neçədən satıldığını demədi.
O 280 milyonun haradan, necə gəldiyi isbat edilərsə, “Formula 1″ yarışı ərəfəsində saatlarla tıxacda qalmağımızdan çəkdiyimiz əziyyəti yarış təşkilatçılarına halal edər, avtomobildə addım-addım, qarış-qarış irəliləməyimizdən hiddətlənərək, dilə gətirdiyimiz tənqidi fikirləri geri götürərik.
Bir şey ki o yarışdan, sabirabadlılar demişkən, ebilə pıl gəlir, iqtisadiyyatmıza töhfə verilir, adam nə qədər eqoist və korafəhim olar ki, işıq gələn yerə barmaq tıxasın, nə var, nə var, 1 ay ərzində hər gün evinə, işinə yarım saat ləngiyəcək. Qoy büdcəmizə çoxlu pul gəlsin, biz lap tıxacda yarım gün qalaq, eybi yoxdur.
(Təbii ki, “tıxacda yarım gün qalaq” söhbəti təcili yardımla klinikaya aparılan xəstələrə, doğum evinə götürülən hamilə qadınlara aid deyil, onlar tıxacda nəinki yarım gün, heç yarım saat da qala bilməzlər).
Amma iş bundadır ki, söhbət eyzən bizim çəkdiyimiz xərclərdən gedir. O barədə də hərə bir söz deyir, dəqiq rəqəm yoxdur.
Ona görə də qədirbilən xalqımız bu sıxıntılı günlərdə maşınötüşdürmə yarışının üstümüzə baha oturacağından əndişəli və pəjmürdə haldadır.
Əslində bu sevindirici haldır. Lap əvvəllər camaatımız bu xüsusda çox səxavətliydi, mağazadan ərzaq alıb, pulun 3-5 qəpiklik qalığını almayan sovet adamları kimi deyirdi, 3-5 milyarddan bir şey çıxmaz. Amma bankir Cahangir o cür eləyəndən sonra xəlayiq sanki bir az ayılıb, dövlətin milyonlarına nəzarət etmək istəyir ki, boşuna xərclənməsin.
Çünki nəzarət eləməyəndə kimlərsə aparıb o milyonları Londonda 3 min funtluq çaxıra, şampana, 20 minlik çantaya, 15 minlik köynəyə verirlər.
Təbii ki, hər şeyə gəlir-mənfəət prizmasından da yanaşmaq düzgün deyil. Ortada ölkənin reputasiyası məsələsi də var.
Məsələn, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, bu kimi yarışlar ölkənin dünyada tanınması üçün vacibdir… Ola bilər ki, gerçəkdən də yarışlar ölkənin tanınması üçün vacib olsun.
Bəs ölkənin dünyada tanınmasının özü nə dərəcədə vacibdir? Tanınsaq, nə olacaq, tanınmasaq, nə olacaq?
Baxın, bu ölkədə Surinam adlı dövləti tanıyan 40-50 adam olar, ya olmaz. Biz o ölkəni Ruud Qullitə, Frenk Raykaarda, Edqar Davidsə (futbolçularıdır, əslən surinamlıdırlar) görə tanıyırıq. Amma bunun surinamlılara bir isti-soyuğu varmı? Salvador adlı ölkənin mövcudluğunu çoxumuz o gün prezidenti dəyişəndə bildik.
Odur, artıq neçə vaxtdır Venesuelanı bütün dünya tanıyır. Bu tanınmışlıqdan yazıq Venesuela xalqının yoxsulluğu azalırmı, valyutası güclənirmi, turisti başından aşırmı, siyasi böhranı həll olunurmu? Heç biri olmur. Boşuna tanınmaqdır bu.
Maldiv adaları heç bir yarışma, qurultay, forum, konfrans, festival, karnaval, olimpiada, çempionat, mundial təşkil etmir, amma dünyanın pul-paralı adamları, yeni evlənən cütlükləri ora axışır. Çünki orada yaxşı tətil infrastrukturu qurublar və belə görünür ki, otellərində təklif etdikləri xidmətin qarşılığında qiymətə öz dədələrinin nominal qiymətini yükləməyiblər, ona görə də il on iki ay turizmin inkişafından danışıb xəyallar qurmurlar – müştəriləri başlarının üstündədir.
Biz isə cürbəcür üsullarla ölkənin adını çıxarmaq, əcnəbi turist cəlb etmək istəyirik. Bu işin düsturu çox sadədir, cənablar: geniş infrastruktur, keyfiyyətli xidmət, ucuz qiymət və vizasız gediş-gəliş. Ondan sonra ildə 10 milyon turist gəlsin, siz də baxın. Yoxsa maşınötüşdməklə olmur bu işlər.