Vəzifəli şəxslərə qarşı tədbirlər davam edir, zəhmətkeşlərimizi sevindirir. Misal üçün, bu yaxında mən xəbər lentində belə başlıq gördüm: “Fahişəxana işlədən vəzifəli şəxs saxlanıldı”.
Hadisə Sumqayıt ərazisində olmuşdu, vəzifəli şəxsi tutanlar da Sumqayıt polisi idi, ancaq təqsirləndirilən yoldaş hansı vəzifəni daşıyırmış, bu haqda bizə heç bir informasiya verilmirdi. Bundan yalnız bir nəticə çıxarda bilərik: adamın vəzifəsi elə fahişəxana, yaxud rəsmi formada desək, “əxlaqsızlıq yuvası” (yuva necə romantik, sentimental, hətta bir qədər də patriot səslənir) saxlamaq imiş. Min cür vəzifə vardır, hamısını tanımırıq ki? Üstəlik, informasiyada vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu yoldaşın axtarışda olduğu da yazılmışdı. Deməli, bunun vəzifəsinin fahişəxana direktoru (müdiri, rəisi, sədri – doğrusu bilmirəm orda vəzifənin adı rəsmi olaraq necə gedir) olması ehtimalı artır, çünki başqa dövlət vəzifəsi daşısa bunu niyə axtarışa verəydik? Ya da tərsinə, axtarışda olan adamı vəzifəyə qoymazdılar.
Gördüyümüz kimi, idarəçilik çətin sənətdir, bunun min dənə nüansları, incəlikləri var, dünən yumurtadan çıxan uşaq-muşaqların müxalifətçilik edib dövlət işinə iddiaçı olması gülüş doğurur. 92-93-də bir dəfə gəlmişdilər, gördük da bə. Biz mürəkkəb regionda yerləşirik, bizə idarəçilik üçün peşəkar, üzü-üzlər görmüş, vəzifə pillələrindən keçmiş adamlar lazımdır. Qabaqca komsomolda köməkçi, sonra ikinci katib, daha sonra raykom katibi işləməlidir. Ondan sonra apar hər hansı yuvaya qoy, ordan istənilən quşu çıxartsın. Özü dimdiyində çör-çöp, çırpı, çarpayı-mələfə daşıyıb yuva düzəltsin. Hətta yumurta qoymadan cücə əldə etsin. Peşəkarlıq iş zamanı yaranır.
Yeri gəlmişkən, bu yaxında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar müəllim 4 idarəni ləğv etdi. Bunlardan biri Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti adlanırdı. Ancaq siz Bakının hansısa xarici əlaqə və investisiyasını görmüşdünüzmü? Paytaxta nə pul qoyulubsa, özümüzün neft gəlirlərimizdən qoyulub. O cümlədən paytaxt ətrafındakı beş-üç müəssisəni dövlət xəttiylə yaratmışıq. Bəs bu idarə indiyə qədər nə işlə məşğul olubmuş? Niyə bunun hesabını köhnə başçıdan soruşan yoxdur? Təbii, soruşmağın mənası da yoxdur, heç kim belə risk etməz, çünki köhnə başçı mövzunu, sualı qırağa qoyub elə düşük nəzm parçaları, difiramblar oxumağa başlar ki, ətin tökülər, sualına peşman olarsan.
Ancaq bu investisiya dükanı hələ şükürlüsü idi, təsəvvür edin, ləğv olunan idarələrdən biri Bakı Şəhər Kino Xidməti İdarəsi adlanırmış. Hansı kinodan söhbət gedir? Xatırladım ki, Bakı ŞİH-in tərkibində ayrıca Mədəniyyət İdarəsi də var. Məntiqlə, kino üçün idarə qayırmışdılarsa, mədəniyyətin başqa qolları: rəssamlıq, teatr, musiqi, rəqs və sairə üzrə də idarələr olmalıydı. Bu mənada, keçmiş icra başçısı üzümüzə baxıb, yazığı gəlib bizə. O idarələri də düzəltsə nə edərdik? Məcbur idik büdcədən yemləyək. Mən Bakı Şəhər Kino Xidməti İdarəsinin hər halda nə iş gördüyünü öyrənmək üçün Bakı ŞİH-in baku-ih.gov.az ünvanlı saytına baxdım. (Maraqlıdır ki, orda bu idarə hələ strukturda qalırmış kimi görünür. Bəlkə ləğv etməyiblər? Nə biləsən… Ümumiyyətlə, o boyda paytaxt idarəsinin internet səhifəsi hansısa ucqar kolxozun ferma lövhəsinə oxşayır. Biabırçı bir şeydir. Düşünürəm elektron hökumət haqda rəsmi qərarları yerinə yetirməyin nəhayət vaxtı çatıbdır). Sən demə Hacıbala müəllimin bu “mini-Hollivudu” tam fəaliyyətsiz də deyilmiş! Bir dəfə Oskar mükafatı, iki dəfə Kannda palma budağı alıblar, sonra o budağı Bayılda sürüşmə zolağına sancıblar…
Zarafat edirəm, yersiz həyəcanlanmaq Bakımızın sakinlərinə yaraşmaz. Uzun sözün qısası, saytdan məlum olur ki, bu kino idarəsi hətta bir sənədli kino da çəkibdir. Haçan? Bax bu yerdə kinonun ağlamalı hissəsidir: 2003-cü ildə! 16 il qabaq. İdarənin fil qulağında yatması oradakı bu cümlədən də aydın görünür: “Kino İdarəsi ”Şərq-Qərb” kino festivalının keçirilməsində fəal iştirak edir”. He-he. Həmin festivalı Rüstəm İbrahimbəyov müəllimin qayırdığını, hətta bir dəfə özünə birinci mükafatı verdiyini bunlar bilmir? Rüstəm müəllim it ilindən bəri hökumətə düşmən olub, həmin gülməli festival da elə o vaxtdan bağlanıb gedib işinin dalıyca.