“Ağ adamın həddindən çox rəisləri var”
(hindu ata sözü)
Karl Saqanın ilk dəfə 1996-cı ildə çap olunmuş “İblislərlə dolu dünya elmin şam işığında” kitabında ABŞ-da savadsızlıq haqda belə bir yer var idi: “ABŞ Təhsil Nazirliyinin sifarişi ilə aparılan bir araşdırma ortaya çıxardı ki, 40 milyon vətəndaşımız güclə oxuyub-yaza bilir. Vəziyyətin daha pis olduğunu göstərən başqa araşdırmalar da var”. Bu mənim yadıma ABŞ prezidenti Trampın təzə bir “tvit”i haqda xəbəri oxuyanda düşdü.
Tramp qlobal istiləşmə, planetar ekoloji problemlər temasında həmişə skeptik yanaşması ilə tanınıb, üstəlik, prezident olandan sonra ölkəsini parnik qazlarına qarşı Paris anlaşmasından çıxartdı. Başqa bir belə anlaşmanı – Kioto protokolunu isə Buş pozmuşdu. Bunu qısaca “Planetin canı cəhənnəmə, biz salim olaq, cümlə-cahan batsa da batsın” kimi yozmaq olar.
Qayıdaq Trampın tvitinə. O boyda ölkənin yiyəsi ekologiya haqda necə dayaz savadı olduğunu göstərərək qlobal istiləşmədən danışan alimlərə lağ edib. Hazırda ABŞ şiddətli soyuqlar, Arktik siklonla üzləşib, bəzi ştatlarda 50 dərəcə şaxta var, Tramp isə yazıb ki, qlobal istiləşmə, səndən ötrü darıxdıq-zad… Yəni deyir bəs hanı sizin istiləşmə? Elə bilir “qlobal istiləşmə” elə həmişə və hər yerdə qlobal istilər deməkdir. Əslində orta statistik qara camaatın da çoxu belə zənn edir, ancaq bu, terminin adından doğan yanılmadır (Bu üzdən bir çox alimlər indi “qlobal iqlim dəyişməsi” termini işlətməklə çaşqınları düz bilgiyə qaytarırlar). Məsələ ondadır ki, qlobal istiləşmə, parnik qazlarının çoxalması Yerin ümumi iqlim tarazlığını pozur. Hava dərəcəsi 1-2 Selsi artırsa, nəticədə isti hava qütblərə axın edib, oradan soyuq havanı burulğan şəklində ekvatora doğru qovur. Nəticədə bu saat ABŞ-ın Kanada ilə sərhəd Miçiqan ştatında hava Arktikadan, Alyaskadan soyuqdur. O cümlədən Avstraliyada dəhşətli quraqlıq, istilərdir, temperatur 40-45 dərəcəyə qalxıb. Yadınıza gəlirsə, bu Arktik soyuq hava burulğanı bir neçə il qabaq bizə də gəlib çatmışdı, hətta Sumqayıt, Tağıyev qəsəbəsi tərəflərdə Xəzər sahil boyunca donmuşdu.
Əlbəttə, bunlar hamısı düzələcək, mən planetimizin və insanlığın gələcəyi sarıdan o qədər bədgüman deyiləm. İnsan elə bir bəd xərçəng hüceyrəsidir ki, Kainatın harasına atsan, orada metastaz verib yayılacaqdır. Sadəcə, adama gülməli gəlir ki, o cür nəhəng ərazinin başçısının iqlim dəyişmələri haqda savadı biabırçı səviyyədədir. Karl Saqanın yazdığı o 40 milyon “höccələyən”in biri yəqin elə Tramp olub. Ancaq sonra bisavadlar birləşib öz adamlarını prezident qoyublar.
Əlbəttə, oxucular deyə bilər bundan sənə nə. Yanılırsınız. Sabah bunun altını ilk növbədə biz çəkirik. Misal üçün, xalqımızın görkəmli oğlu Rəsul Quliyev Vaşinqtonda yaşamırmı? Yaşayır. Əgər Amerika prezidenti savadsız olsa, Rəsul müəllimin taleyində mənfi təsirlər doğurar. Misal üçün, pensiyasını vaxtında ala bilməz.
Yaxud Trampın bir Bolton soyadlı işçisi var. İki gün qabaq brifinqə çıxanda jurnalistlər fikir veriblər ki, bunun qoltuğuna vurduğu bloknotun üstündə “Kolumbiyaya 5000 əsgər” cızmaqarası yazılıb. İndi bütün dünya çözməyə çalışır görəsən bu nə deməkdir, yoxsa ABŞ Venesuelada Maduronu aşırtmaq üçün qonşu Kolumbiyaya ordu çıxardacaqdır? (Qrenadaya hücum kimin yadına gəlir?) Elənçik olsa, gərək biz də bir-iki batalyondan-zaddan hazırlayıb aerodromda hazır qoyaq, çünki neçə ildir Sem dayı planetin qaynar nöqtələrində asayişi yalnız bizimlə təmin edir. Əfqanıstan, İraq, Kosovo, Quantanamo, nə bilim, başqa hansı cəhənnəmin dibi… Biz bunların hamısına sülhyaratma qüvvələri göndərmişik. Baxmayaraq özümüz 30 ildir qaçqın yaşayırıq və bu 30 ildə Amerika lobbisi bizim bir köçkün düşərgəsində lobya kolunun dibinə “piş” eləməyibdir. Ancaq biz özümüzü o bisavadlara tay edə bilmərik, biz planetin gələcəyi, keçmişi, indisi sarıdan ciddi sorumluluq daşıdığımızı başa düşürük. Hərçənd, dəli şeytan deyir, Venesuelaya əsgər getməyə dəyər, çünki orada qəşəng, hətta çox qəşəng qızlar yaşayır. Biz bunların seriallarına baxırdıq bir aralar. Həmçinin haçan baxırdın, gözəllik yarışmasında ilk üçlükdə mütləq bir venesuelalı olurdu.
İndi söz əlaqədar təşkilatlarındır.