Ermənistan öz ərazisindən tranzit kəmərlərin keçməsində maraqlıdır. Bu barədə Nikol Paşinyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.

AZƏRTAC xəbər verir ki, siyasi ekspertlər bunu Ermənistanın məruz qaldığı təcrid siyasətinin yaratdığı çıxılmaz vəziyyətin etirafı adlandırırlar. Paşinyan Ermənistanın “Şimal axını-2” layihəsindən kənarda qaldığını təəssüf hissi ilə bildirib. O deyib: “Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə, misal üçün, A məntəqəsindən B məntəqəsinə qaz və ya neft ötürülsün”.

Ermənistanın baş naziri ölkəsinin beynəlxalq layihələrdə iştirak etməsini istəyirsə bunun çıxış yolu sadədir. Regionda həyata keçirilən beynəlxalq layihələrin əsas təşəbbüskarı və icraçısı Azərbaycan olduğundan Paşinyan hökumətinin qarşısında iki yol var. İşğala son qoyub təcriddən qurtularaq iqtisadi inkişaf yolunu açmalıdır, ya da sələflərinin səhvini təkrarlayaraq ölkəsinin iflasını seyr etməlidir.

Ermənistanda siyasi vəziyyət də gərgindir. Ötən ilin əvvəlinə kimi iqtidarda olan Respublikaçılar və Daşnaksütyun partiyalarının nümayəndələri yeni hökumət əleyhinə mətbuat konfransları keçiriblər. Parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Paşinyanın xarici və daxili siyasətini tənqid edib. O bildirib ki, Paşinyan Azərbaycanın dövlət başçısının siyasəti qarşısında aciz qalıb. Şarmazanov Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryanın “Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölümündə də yeni hökuməti günahlandırıb. Hüquq müdafiəçiləri isə bu hadisənin yaxşı nəticə verməyəcəyini deyirlər. Vurğulanır ki, hökumət keçmişdə hakimiyyətdə olan şəxsləri təqib etməkdən əl çəkməlidir. Ötən ilin dekabrında həbs olunan 51 yaşlı Mger Yegiazaryan 2014-2018-ci illərdə fırıldaqçılıq yolu ilə hərbçiləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda – 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham olunurdu. Ermənistan Polisinin qərargah rəisi Armen Quqasyan ilin yekunlarına dair mətbuat konfransında deyib ki, həbslərə siyasi don geyindirmək olmaz. Yegiazaryan fırıldaqçı olduğu üçün azadlıqdan məhrum edilib. Quqasyanın sözlərinə görə, ölkədə korrupsiya faktları xeyli artıb. Buna qarşı mübarizə tədbirləri nəticəsində dövlətə, təşkilatlara, fərdi şəxslərə 5,7 milyard dram, yəni, 11,7 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulub.

Загрузка...