Paytaxtın Xətai rayonunda yaşlı qadının qətli ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qatil İnqilab İsmayılov küçəsindəki 52 nömrəli çoxmənzilli evlərin birində yaşayan 83 yaşlı Patimat Kucayevanın baş nahiyəsinə yeddi, sifətinə iki, boynuna isə bir bıçaq zərbəsi endirib.
Qadının meyitini ilk olaraq qonşular aşkarlayıb. Kucayeva bir neçə gün evdən çıxmayıb və bu, qonşuları şübhələndirib.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Kucayeva bir neçə gün əvvəl öldürülüb. Hələlik qatilin hansı məqsədlə qadını qəddarcasına qətlə yetirdiyi məlum deyil.
Faktın araşdırılması üçün polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayətin baş verdiyi yerdə kriminalistlər işləyir.
***
Paytaxtın Xətai rayonunda yaşlı qadın qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, rayonun İ.İsmayılov ünvanında yaşayan 1936-cı il təvəllüdlü Patimat Kudjayeva öz evində baş və boğaz nahiyəsi kəsilərək qətlə yetirilib.
Qeyd edilir ki, qadın evində tənha yaşayıb. İlkin ehtimallara görə, o, tamah məqsədilə öldürülüb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
83 yaşlı qadını qətlə yetirən şəxs və ya şəxslərin axtarışlarına başlanılıb.