Son günlər ictimai-siyasi gündəmi məşğul edən bir mövzu da azərbaycanlı-erməni barışığı barədədir. Azərbaycan və Ermənistan XİN başçıları Paris görüşündən sonra xalqları sülhə hazırlamağın zəruriliyini bildiriblər. Bütün intriqa da elə bunun üstündədir.
Demək ki, söhbətin hər birimizə dəxli var. Axı xalq deyəndə təkcə siyasilər, diplomatlar nəzərdə tutulmur. Enində-sonunda məhz cəmiyyətlər barış yolu tapmalı, “xalq diplomatiyası” işə düşməlidir ki, atəşkəs yeni savaşla yox, sülhlə sonuclansın.
Şablon çıxsa da deməliyik ki, istənilən müharibənin axırı sülhdür. Bu da o vaxt mümkün olur ki, hər iki tərəf bunu səmimi şəkildə istəsin. Əlbəttə, normal insan heç vaxt müharibə arzulamaz, ölüm-itim, dağıntı istəməz, gənclərin ölümündən zövq almaz. O tərəfdən də, bu tərəfdən də kimi dindirsən, eyni şeyi deyər.
Fəqət, öncə sülhü o tərəf arzulamalıdır ki, müharibəyə qırğınlara bais olub. Söhbət təbii ki, Ermənistandan gedir. O Ermənistan ki, məhz onun əsassız ərazi iddiası üzündən 30 ildə dinc sakinlər də daxil, on minlərlə azərbaycanlı və erməni həlak olub, yüz minlərlə adam qaçsın durumuna düşüb, Ermənistan özünü dünyada yeganə monoetnik dövlətə çevirib.
İndi savaşı tətikləyib sülhü uzaqlaşdıran məkrli bir iddia ortadaykən, xalqları sülhə hazırlamaq mümkünmü? Oğru yağmaladığı evin bir hissəsinin ona çatmalı olduğunda israr edirsə, ev sahibi ilə anlaşma realmı?
Əsla. Odur ki, sual əvvəlcə erməni soyuna ünvanlanmalıdır ki, siz sülhə hazırsızmı? Yəni həqiqətənmi torpağını ələ keçirdiyiniz azərbaycanlılarla barışıq üçün əldən gedirsiz, bu işğala görə, Xocalı soyqırımına görə peşmansınız, yoxsa hələ də işğalı, yağmalamağı, etnik təmizləməni rəsmiləşdirmək arzusu ilə yaşayırsız?
Ermənilərin sülhə hazırlığı ilə bağlı bu günlərdə qonşu ölkədə iki video-sorğu keçirilib. Yerli İTV kanalı və BBC. Respondentlərin, demək olar, hamısı suala pozitiv cavab verməyə çalışıb. Hər iki xalqın vaxtilə mehriban yaşadığını, hətta qohumluq əlaqələri qurduğunu xatırladıb, müharibənin nə erməni, nə də azərbaycanlı analara gərək olmadığını qeyd ediblər. Di gəl, iki qonşunun arasını vuran səbəbin – ermənilərin torpaq iddiasının üstündən sükutla keçiblər. O zaman sülh necə bərqərar olsun bəs?..
Bir gün Napoleon döyüşdən məğlub qayıdan bir qrup əsgərin komandirindən uğursuzluğun səbəblərini soruşur. Komandir deyir: “Birincisi, barıtımız nəm idi, ikincisı…” Napoleon dərhal onun sözünü kəsir: “Kifayətdir”. Doğrudan da, barıt yaşdırsa, başqa səbəbləri sıralamağa dəyməz.
İndi ermənilər də. Əsas məsələyə – torpaq iddiasına toxunmadan öz qapılarından müharibəni uzaqlaşdırmağı necə təsəvvür edirlər görəsən? Yoxsa azərbaycanlıları vətən-torpaq hissi olmayan manqurt və unutqan toplum hesab edirlər? Axı sülh istəyən müharibəyə səbəb, vəsilə olmaz…
Sorğularda diqqət çəkən ikinci məqam: videolardan aydın görünür ki, münaqişənin davam elədiyi 30 ildə nə paytaxt İrəvan, nə də ələlxüsus əyalətlərdə ciddi inkişaf, tikinti-abadlıq işləri getməyib. Yaşayış və inzibati binalar əsasən sovetdən qalma, yollarda gözə dəyən avtomobillər isə daha çox Rusiya istehsallıdır.
Bunun əsas səbəbi “barıtın nəm olması”dır. Yəni müharibə nəticəsində Ermənistana böyük sərmayələrin gəlməməsi, ölkənin yarım blokada şəraitində olması, əmək qabiliyyətli insanların böyük qisminin ölkədən qaçmasıdır.
Bədbəxt erməni, axı 30 ildir davam edən torpaq davası ilə nəyə nail oldunuz? Sizə məğlubiyyətə bərabər “qələbə” lazım idimi? Məğlub olsaydınız, indi Azərbaycanın hesabına qat-qat yaxşı gündə idiniz. Zatən, onsuz da məğlub kimisiniz, azad deyilsiniz, rusun qulusunuz.
Bizdə məsəl var: “Şərin yarısından qayıtmaq da xeyirdir”. Biz torpağı işğal edildiyi üçün müharibəyə hazırlaşmaq zorundayıq. Bizim sülh istəməyimizin önəmi yoxdur. Bəs siz gerçəkdənmi müharibə istəmirsiz? Elə isə dünyanı və bizi buna inandırın. Sizin olmayanı qaytarmağa başlayın!
Heç olmasa, “Bizim olmayan torpaqlardan çıxmalıyıq” deyin. Yoxsa bu yaxınlarda Ter-Petrosyanın partiyasından olan bir erməni siyasətçi xanımın az qala başını yarırdınız. Nədi-nədi o demişdi ki, problemin həlli üçün Dağlıq Qarabağ ətrafındakı 7 rayon qaytarılmalıdır.
Bəla da burasındadır ki, xəstə təfəkkürlü ermənilər bircə erməninin belə heç vaxt yaşamadığı bu ərazilərin də boşaldılmasına qarşı çıxır, onları “azad edilmiş torpaqlar” adlandırırlar. Demək, bu ermənilərlə qarşı sülh göyərçini yox, haqq etdikləri top, mərmi uçurtmaq lazımdır!..