27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

20 Yanvar hadisələrinin 29-cu ildönümüdür.

Həmin hadisələr zamanı, 20 Yanvar gecəsi canını Azərbaycanın istiqlaliyyəti uğrunda fəda etmiş Vətən övladlarından biri də Şəhid Şövkət Həsən oğlu Ağayevdir.

Qeyd edək ki, Ş.Ağayevə nə az, nə çox, düz 27 il sonra Şəhid statusu verilib. Belə ki, Ş.Ağayevin bu gün də harada öldürüldüyü və dəfn edildiyi məlum deyil. Onun 20 Yanvar gecəsi sovet hərbçiləri tərəfindən öldürülərək, Xəzər dənizinə atıldığı ehtimal edilir.

Ötən illərdə də Ş.Ağayevin ailəsi-həyat yoldaşı Həqiqət xanım və tək qız övladı Sevinc xanım çox ağır sınaqlardan, sarsıntılardan, əzab-əziyyətlərdən keçiblər, həm mənəvi, həm də maddi mənada.

Amma bu gün tək təsəlliləri odur ki, 27 ildən sonra ölkə prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin avqust ayında Ş.Ağayevin haqqı tanınıb, ona Şəhid statusunun verilməsi ilə bağlı sərəncam imzalanıb.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

Biz də Oxu.Az olaraq 20 Yanvar hadisələrinin 29-cu ildönümündə Ş.Ağayevin ailəsi – həyat yoldaşı Həqiqət Babayeva ilə görüşməyi qərara aldıq.

– Sizin üçün nə qədər ağrılı, acılı olsa da, 29 il öncəyə, elə bu günlərə, 19-dan 20-nə keçən gecəyə qayıtmaq istərdik. Şövkət müəllimi axırıncı dəfə nə vaxt gördünüz, sonuncu sözü necə oldu?

– Bu barədə danışmaq mənim üçün çox ağırdır. Mənim üçün o günləri xatırlamaq çox əzablıdır. Qeyd edim ki, biz onda 8-ci mikrorayonda, 21 nömrəli binada yaşayırdıq.

Öz evimiz idi. Sonradan o evi satdıq, çünki qızım xəstə idi, onu müalicə etdirməyə imkanımız, pulumuz yox idi. Həm onkoloji xəstəliyi, həm də astması vardı. Bu gün də səhhətində problemlər qalmaqda davam edir. 2001-ci ildən kirayələrdə sürünürük, yaşayırıq. Bu günə kimi 18 mənzil dəyişmişik.

Bir daha sualınıza qayıdaraq, bildirmək istəyirəm ki, 19-u axşam güllə, atışma səsləri eşitməyə başladıq. Baxmayaraq ki, 20 Yanvar (keçmiş 11-ci Qızıl Ordu) dairəsi  bizdən xeyli aralı idi, amma silah səslərini eşidirdik, camaat bayırda idi, qışqırıq, səs-küy aləmi bürümüşdü. Yoldaşım dedi ki, mən xalqımı müdafiəyə çıxmalıyam, mütləq getməliyəm.

Dedim, getmə, bizi ana-bala təkbaşına qoyub hara gedirsən?! Amma dedi ki, yox, gedirəm və o gedən oldu. Bir daha geri dönmədi, ondan bir daha xəbər ala bilmədik.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

– Həmin vaxt Şövkət müəllimin neçə yaşı vardı və harada çalışırdı? 

– Həmin vaxt onun 54 yaşı vardı. 1936-cı ildən, əslən qarabağlı idi və Poladtökmə zavodunda vəkil işləyirdi. Ancaq ondan əvvəl hüquqşünas, keçmiş Orconokidze rayonunda – indiki Suraxanı rayonunda xalq hakimi işləmişdi. Hamı ondan razı qalmış, dəfələrlə fəxri adlarla təltif olunmuşdu.

– Saat neçədə evdən çıxmışdı və onu nə vaxt axtarmağa başladınız?

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

– Evdən çıxanda 19-u axşam saat hardasa 22:00 olardı. Gördüm ki, gəlib, çıxmır, təşvişə düşdüm, ürəyim az qalırdı yerindən çıxa. Həmin vaxt qızımın cəmi altı yaşı vardı, onun da  əlindən tutub, özümlə sürüyə-sürüyə, pay-piyada evimizdən 20 Yanvara qədər getdik. Gördük ki, hamı, bütün camaat ordadır. Ölənləri, güllələnərək, qətlə yetirənləri öz gözlərimizlə gördük. Amma nə qədər axtardıqsa, yoldaşımdan xəbər tuta bilmədik.

Elə ağlaya-ağlaya uşağın qolundan tutdum ki, gəl, gedək, görək başımıza nə gəlir. Ancaq o gündən yoldaşımından heç bir xəbər çıxmadı, meyitini də tapa bilmədik. Bir neçə gün keçəndən sonra Respublika Prokurorluğuna getdim və dedim ki, sizin iş təcrübənizdə itkin düşmüş şəxs məsələsi olurmu?

Dedilər ki, bəli, olur. Hətta mənə bir arayış da verdilər. Bunun üstündən illər keçəndən, yoldaşımdan əlimiz üzüləndən sonra (amma hər zaman inanırdıq ki, o, ölməyib, yaşayır və bir gün qapını açıb içəri girəcək) Binəqədi rayonunun məhkəməsinə müraciət elədim. Binəqədi məhkəməsi 1996-cı ilə qərar verdi ki, yoldaşım 20 Yanvar hadisələri zamanı itkin düşüb, qərar verilərkən həmin arayış da əsas götürülüb, yəni, nələr varsa, hamısı orada göstərilib.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

Onu da deyim ki, həmin hadisələr zamanı xeyli insanımız itkin düşüb, deyilənlərə görə, həmin vətəndaşlarımız öldürülərək, dənizə atılıb. Odur ki, yoldaşımla bağlı belə təxmin edilir ki, o da həmin qırğın gecəsi dənizə atılmışların içində olub (gözləri dolur). Elə deyirlər, bizə elə məlumat verdilər.

2016-cı ildə məhkəmə tərəfindən qərar verildi ki, Şövkət Ağayev 90-cı ildə ölmüş hesab olunsun. Şəhidlər xiyabanında artıq onun büstü qoyulub. 02.08.2017-ci ildə prezident İlham Əliyev həyat yoldaşıma Şəhid statusu verilməsi ilə bağlı sərəncam imzaladı. Yəni, həmin gündən yoldaşım rəsmən Şəhid sayılır, belə bir status daşıyır.

– Eşitdiyimizə görə, Şəhid statusu ilə bağlı ailəsinə verilməli olan müavinət məsələsində xeyli çətinliklərlə, problemlərlə üzləşmisiniz.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

– İnanırsınız, artıq yorulmuşuq. Axırıncı dəfə dünən (yanvarın 16-da – red.) kağız yazıb verdilər ki, o yığılan pullar sizə dörd ay ərzində veriləcək. Ayın 25-də pensiya alanda həmin pulun 10 min manatını almalıyıq. Bizə elə deyiblər, sonra isə üç ay ərzində üç dəfəyə 30 min alacağıq.

İnanmaq istəyirik ki, heç olmasa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yasamal Rayon Sosial Müdafiə Şöbəsi verdiyi sözün üstündə duracaq, bizi get-gələ salmayacaq, incitməyəcək.

– Bu məsələ ilə bağlı keçmiş və indiki nazirin qəbulunda olmusunuzmu? 

– Hər ikisinin yanına getmişəm, qəbulunda olmuşam və deyim ki, bu məsələdə birinci təqsirkar Səlim Müslümov olub. Çünki bizim sənədləri götürmüşdülər, maliyyədən də bizim üçün pul ayırmışdılar, amma onlar – Səlim Müslümov o pulu bizə vermədi. Dedi ki, məhkəmənin qərarı olmalıdır. Bizə deyilirdi ki, yığılmış pulların birdəfəlik verilməsi qanunvericilikdə yoxdur.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

Sonra indiki nazir Sahil Babayev gəldi. Onun da qəbulunda oldum, hansı ki o zaman nazir müavini idi. Nazir təyin ediləndən sonra onun birinci müavininin, İlqar Rəhimovun yanında oldum.

O da dedi ki, inzibati məhkəməni qazanmısınız, apellyasiyanı da qazansanız, mən sizə yığılan pullarınızı verəcəyəm. Belə oldu ki, o da çıxdı, getdi, bu işi heç kəs həll eləmədi. Dedilər ki, bizdə məlumat yoxdur. Sonra yenidən Sahil Babayevin qəbulunda oldum, dedim ki, müavininiz bir-iki ay bundan əvvəl dedi ki, apellyasiyanı da qazansanız, sizin pulunuzu verəcəyəm.

O dedi ki, yox, səhv deyib, hələ apellyasiyadan sonra Ali Məhkəmə də var, Ali Məhkəməni qazansanız, məhkəmənin qərarını mənə gətirsəniz, bir ayın ərzində o pulu sizə ödəyəcəyəm.

Beləliklə, bizə çatacaq pul verilmədi, çək-çevirə saldılar. Məni – 78 yaşında xəstə qadını nə qədər ora-bura sürüyərlər? Təzədən Sahil Babayevin qəbuluna girmək istədim. Dedilər ki, o sənədlərin hamısını yığıb, düzəldib, göndərib özünün səlahiyyətində olan Zakir Babayevə, Sosial Müdafiə Fonduna. Zakir Babayevin də müavini var, Əminə Seyidzadə.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

O da yazır ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon Şöbəsinə. Babayeva Həqiqət Ağabəy qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fonduna 10.12.2018-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılması və nəticəsi barədə Bababyevaya məlumat verilməsi sizə tapşırılır”. 

Şöbənin rəisi dedi ki, bizə Sahil Babayev göstəriş verib ki, yığılan pullar birlikdə, yəni bir yerdə verilməsin, hissə-hissə verilsin, yəni min manat, min manat verilsin. Dedim, yox, heç cür razı deyiləm, vəkilim də razılaşmadı.

O zaman dedi ki, dörd dəfə bölüb verəcəyik, biz də dedik ki, onda  yazılı surətdə kağız verin ki, bunu nə vaxta ödəyəcəksiniz. Çünki bizim vəziyyətimiz, şəraitimiz çox pisdir, kirayələrdə yaşamaqdan bezmişik.

Nə isə, rəis istəmirdi ki, yazılı kağız versin. Ancaq qızım dünən (yanvarın 16-da – red.) onu məcbur elədi və nəticədə, bizə yazılı şəkildə bildirildi ki, ayın 25-də ilk on min manatı verəcəklər.

Pulun ilk on minini alandan sonra gedib ev axtaracağıq ki, danışaq, hissə-hissə ödəyək, nəhayət, başımızı soxmağa bir komamız olsun.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

Amma biz hələ üç ay, dörd ay burda əziyyət çəkməliyik, kirayədə qalmalıyıq.

– Ayda bu mənzil üçün nə qədər pul ödəyirsiniz?

– 160 manat. 160 manat da gəlir çıxır qazı ilə, suyu ilə, işığı ilə birlikdə 220-230 manata. Özünüz görürsünüz ki, şəraitimiz necədir. Özüm xəstə, qızım xəstə, üstəlik onun uşağı da xəstə.

– Bəs necə dolanırsınız?

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

– Özüm əmək pensiyası alıram. Qeyd edim ki, mən Neft Akademiyasını bitirmişəm, 35 il Gelogiya İdarəsinin əməkdaşı olmuşam, plan şöbəsinin müdiri işləmişəm. Əvvəllər 163 manat pensiya alırdım, sonra yoldaşımın işi ilə əlaqədar “preraşot” elədilər, 163-ü 393-ə çıxardılar. Halbuki vəkilim deyir ki, 393-ü də düzgün hesablamayıblar, çünki yoldaşım hakim işləyib. Hakimlərin maaşı min manatdır.

Yəni həmin min maatın 80 faizi məbləğində mənə pensiya düşür. Bu minvalla pensiyam 800 manat olmalıdır. Bu işləri yoluna qoyaq, sonra vəkilimlə çalışacam ki, pensiya məsələsini həll edək. Pensiyadan əlavə, yoldaşıma Şəhid statusu verilən vaxtdan bu yana ayda 300 manat da müavinət alram. Üç nəfərlik ailə bu pulla birtəhər çulumuzu sudan çıxarmağa çalışırıq. İndi gözümüzü alacağımız o pula dikmişik. O pulu ala bilsək, ev məsələsini həll etməyə çalışacağıq.

– Ötən müddət ərzində ev, mənzil məsələsi ilə bağlı dövlətə, imkanlı şəxslərə müraciət etmisinizmi?

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

– Açığını deyim ki, yox. Həm mən utanmışam, həm də qızım. Utanmışıq kiməsə ağız açmağa, müraciət etməyə. 1990-cı ildən indiyədək başımız həm səhhət məsələsinə, həm sənədlərin düzəldilməsinə, məhkəmələrə qarışıb. Amma özünüz də bir daha canlı şahid oldunuz ki, nə vəziyyətdə yaşayırıq.

18 ildə ayrı-ayrı vaxtlarda 18 mənzildə kirayə yaşamışıq, indi də Binəqədi qəsəbəsində, neft buruqlarının arasında, bu mənzildə kirayə qalırıq. Bizim üçün çox çətindir belə bir şəraitdə yaşamaq.

27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

Загрузка...