Bu gecə saat 3-dən başlayan külək Bakıda ağacları kökündən qoparıb və bir sıra fəsadlar yaradıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.
Qurum rəsmisi bildirib ki, bu saatlara qədər paytaxtda 4 ağac aşıb.
“Hələlik bizə verilən məlumata görə 4 ağac aşıb. Problemi aradan qaldırmışıq. Axşam külək nəhəng şam ağacını kökündən qoparıb və bir neçə metr kənara atıb”, – deyə Orxan Məmmədov bildirib.
Qurum rəsmisi paytaxt sakinlərinə güclü küləklə bağlı müraciət də edib:
“Sürücülərdən xahiş edirik ki, maşınlarını böyük ağacların altında saxlamasınlar. Hətta insanların özü də ağacların altında dayanmasınlar. Son dərəcə diqqətli olmaq lazımdır”, – deyə Orxan Məmmədov bildirib.