Qarabağda çoxsaylı cinayətlər törətmiş “Yerkrapa” könüllülər ittifaqının rəhbəri Manvel Qriqoryanın yenidən həbs olunmasını tələb edənlər növbəti bəyanatlarla çıxış ediblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, davamlı aksiya keçirən şəxslər baş nazir Nikol Paşinyanla görüşmək istəyir. Onların tələbləri barədə mətbuata aksiyanın təşkilatçılarından biri, Djivan Abramyan bildirib.
“Nikol Paşinyandan başqa hakimiyyət nümayəndələrindən heç kimlə görüşmək istəmirik. Cənab Paşinyan, elə edin ki, üç gün ərzində bizim qrup sizinlə görüşsün. Bizim sizə sözümüz var”,-Abramyan bildirib.
O, növbəti aksiyanın da anonsunu verib. Deyib ki, növbəti yürüş Arşakunyants prospekti istiqamətində ola bilər. Abramyan prospektdə hərəkətin dayandırılmasını da istisna etməyib.
Xatırladaq ki, N.Paşinyana ultimatumla çıxış edən aksiya iştirakçıları M.Qriqoryanın həbsini tələb edirlər.
Onu da qeyd edək ki, M.Qriqoryanın hazırda Dağlıq Qarabağda olduğu iddia olunur.