ABŞ prezidenti Donald Tramp Türkiyəni Suriyanın şimalında kürdlərə zərbə endirməkdən çəkinməyə çağırıb.
Virtualaz.org xəbər verir ki, Tramp özünün Twitter hesabında bu barədə yazıb və Türkiyəni təhdid edib.
“İŞİD-in mülki xilafətinin qalan az qismini də sərt və bir çox istiqamətdən vurmağa davam edərkən uzun müddətdir planlaşdırdığımız kimi Suriyadan çəkilməyə başlayırıq. Yenidən cəmləşsələr yaxınlıqdakı bazalarımızdan yenidən hücum edəcəyik. Kürdlərə hücum etsə Türkiyəni iqtisadi baxımdan məhv edərik. 20 minlik təhlükəsiz bölgə quracağıq. Eyni zamanda kürdlərin də Türkiyəni təxribata çəkməsini istəmirik”-Tramp yazıb.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ prezidentinin bu sözlərinə Twitter-dən cavab verib. “Hörmətli Tramp, kürdləri ABŞ-ın da terror təşkilatları siyahısında yer alan PKK-nın Suriya qolu PYD/YPG ilə bir tutmaq böyük səhvdir. Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə edir. Kürdləri və digər suriyalıları terror təhdidindən qoruyacağıq”-o bildirib.