Dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli xanım ATV-də yayımlanan “Bizimləsən” verilişinə gələrək kömək istəyib.
BAKU.WS-in məlumatına görə, övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün kömək istəyib.
O, 3 il əvvəl ipoteka ilə götürdükləri bir otaqlı mənzilin 13 min manat borclu qaldığlarını və bu məbləği ödəməkdə çətinlik çəkdiyini bildirib:
“Ailəsinə yaxşı baxırdı, ondan narazıçılığım olmayıb. Xəstəlikdən əziyyət çəkirdi, qazancı ona gedirdi. Amma birotaqlı ev almışdıq. İpoteka krediti idi, 3 illikdir. Vaxtımız bitdi, Zahid 6 ay vaxt almışdı. Zahidin 40-na qədər vaxt veriblər. 13 min borcumuz qalıb, ödəməsək, satışa çıxaracaqlar. Zahidi sevənlərdən dəstək istəyirəm, gücü çatan yardım etsin. Bura gələndə də çox tərəddüt edirdim, amma əlacım qalmadı”.
Sözügedən layihənin aparıcısı Zaur Baxşəliyev mərhumun sənət dostlarına müraciət edib. Aparıcının bu müraciətinə ilk səs verən isə müğənni Səidə Sultan olub. Ötən gün studiyaya gələn S. Sultan Leyli xanıma maddi yardım edib.
Göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb. O, Zahidi narkoman adlandıranlarına söz atıb:
“Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Bu gün həmin insanların yanaşması da düzgün deyil. “Əşi, ona görə vermirəm”. Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil”.
Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Aftandil İsrafilov Z.Sabirabadlıdan danışarkən onun narkotik maddədən dünyasını dəyişdiyi üçün yasına getmədiyini söyləmişdi:
“Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni qələt eləyin, siqaret də çəkməyin. Beş dəfə Amerikada olmuşam, bir dəfə siqaret çəkməmişəm. Sağlamlığa gərək baxasan. İnsanlar sağlamlıqlarının qayğısına qalmırlar. Amma mənim azca canım ağrıyanda gərək özümə baxım”.