“25 il sonra ayrılacağımızı bilsəydik, yenə də evlənərdik”
“Amazon” şirkətini quran Jeff Bezos 2017-ci ildə “Microsoft”-un təsisçisi Bill Gatesi arxada qoyaraq “Forbes” nəşrinin reytinqinə görə dünyanın ən zəngin adamı oldu.
Bəllidir ki, 2016-ci ilin sonuna olan məlumata görə, Bill Gates xeyriyyəyə işlərinə 31 milyard dollardan artıq vəsait ayırıb. Bezos isə 2015-ci ilin sonunadək həmin məqsədlərə 100 milyon dollar yönəldib.
“Bill Gates xeyriyyəçiliyə bu qədər pul verməsəydi, Bezos dünyanın ən zəngin adamı adını heç vaxt qazana bilməzdi”, – “Forbes” yazıb.
Bu gün isə “The Sun” yazır ki, 4 uşaq atası olan dünyanın ən zəngin adamı 25 illik evliliyə son verib. Hazırda varidatı 160 milyard dollar olan 54 yaşlı Jeff Bezos Twitter hesabında bildirib ki, “insanları həyatımızda baş verən bu yenilikdən xəbərdar etmək üçün” xanımımla birlikdə ortaq bəyanat yaydıq. Ayrılsaq da, bir ailə və əziz dost olaraq qalırıq. 25 il sonra ayrılacağımızı bilsəydik, yenə də evlənərdik.
Milyarderin 48 yaşlı xanımı MacKenzie yazıçıdır. Onlar 1993-cü ildə Nyu-Yorkda birgə çalışdılar və altı ay sonra nikaha girdilər.
Musavat.com