Ötən il Qazaxıstanda yaşayıb-işləyən həmkarlarımla söhbətləşirdik, Orta Asiya respublikalarındakı vəziyyətdən danışırdıq. Söhbət hərlənib-fırlanıb Özbəkistanın üstünə gəldi.

Televiziya işçisi olan həmkarım dedi ki, indi vəziyyət dəyişib, amma Kərimovun (o, prezident İslam Kərimovu nəzərdə tuturdu) vaxtında müsibət idi, işimizin gərəyi Özbəkistana keçib-qayıdanda zülm çəkirdik.

Heç demə, o vaxtlar Kərmovda belə bir qənaət varmış ki, başqa ölkələrdən Özbəkistana kim gəlirsə, yüzdəyüz casusdur, hansısa ölkəyə işləyir və gəlib təxribat-diversiya işləri aparacaq, Əndican, Fərqanə kimi yerlərdə xalqı üsyana qaldıracaq, ölkənin sirlərini öyrənib ora-bura satacaq.

Bəlkə də Kərimovu bu qənaətə gətirən əsas səbəb vaxtilə ölkəsində baş vermiş xalq üsyanları və qanlı iğtişaşlar olmuşdu. Amma bu düşüncə özbək liderdə xeyli irəliləmiş və paranoyya səviyyəsinə çatmışdı.

Yoxsa Azərbaycandan gedən, Orta Asiya respublikaları üzrə xüsusi müxbir işləyən adamların dalınca birdən-birə niyə dörd kəşfiyyatçı təhkim etdirsin ki?

Daha sonra başqa bir eloğlu da özbək aşının bərəkətinə and içdi ki, Kərimovun vaxtında rast olduğun, danışdığın istənilən özbək orqanların çuğulu çıxırdı.

Yəni hazırkı prezident Şavkat Mirziyayevin sələfi o boyda ölkədə, əmir Teymurun vətənində yekə bir “əcnəbi xofu” əmələ gətiribmiş.

İndi Özbəkistandan gələn xəbərlər fərqlidir və xeyli dərəcədə ürəkaçandır.

Birincisi, çuğulların, kəşfiyyatçıların sayı xeyli azalıb, deyilənə görə, artıq Özbəkistanın hüdudlarından içəri adlayan əcnəbilərin dalına dörd kəşfiyyatçı qoşmurlar. Ola bilər, hər ehtimala qarşı birini qoşurlar.

İkincisi, insanların hüquqları gündən-günə artırılır, gah bu, gah da digər mütərəqqi qanunlar qəbul olunur, Kərimovun vaxtından qalan bir çox yasaqlar ləğv edilir.

Dünən-srağagün isə bu xanədən daha bir fərman imzalanıb. İndən belə Özbəkistanda 100 min dollarlıq mal-mülk alan adama bu ölkədə yaşamaq hüququ veriləcək.

Bu, Avropa fəndidir. Bildiyimiz kimi, bir çox Avropa ölkələri də belə edib, kim bir çamadan pul gətirib bu ölkəyə sərmayə qoyur, daşınmaz əmlak alır, iş yeri açırsa, ona yaşamaq hüququ da verirlər, vətəndaşlıq da.

Elə ona görə də bu saat dünyanın korrupsioner ölkələrinin varlı-pullu, odioz, mafioz məmurları Avropa ölkələrinə gedir, orada otel, restoran, villa alır, iş qurur, şirkət açır, əmin-arxayın yaşayırlar, bilirlər ki, sabah öz ölkələrində işləri dolaşığıa düşsə, gecəylə aradan çıxıb gəlib bu tərəflərdə rahat yaşayacaqlar. Olmasın Badamdarkı villa, olsun Baden-Badendəki villa, nə fərqi var. İqlim də təxminən eynidir.

O vaxt  bankir Cahangir nahaq yerə xalqın milyardlarını daşıyıb aparıb Londonda yerləşdirməmişdi kiE Düzdür, hazırda özü içəridə tualet növbəsində durur, amma ailəsi dumanlı Albionda asudə yaşayır.

İndi Mirziyayev də istəyir ki, öz ölkələrində milyonlar çırpışdıran adamlar həmin pul-paranı Özbəkistana gətirsinlər, iri şəhərlərdə ev alsınlar, restoran, otel tikdirsinlər.

Göründüyü kimi, ağıllı fənddir. Düzdür, deyilə bilər ki, avropalılar bu qərardan sonra Özbəkistana axışan deyil. Elədir. Amma Şavkat müəllim bu fərmanı avropalı əcnəbilər üçün verməyib kiE Onun öz regionunun pullularına nə gəlib? Tacikistan, Qazaxıstan, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan və digər ölkələrin pulluları Özbəkistana axışsalar, bəsidir.

Hətta bizimkilər də oraya gedə bilər. Ona görə ki, hələ sovet vaxtında bizim camaat Özbəkistanda yaxşı baş çıxarırdı, orada böyük vəzifə tutur, uğurlu biznes qururdu. Bu günə bu gün bizimkilərdən biri diyircəkli çamadanını qablayıb Daşkəndə gedər, üç ildən sonra bir də baxarıq, ortaya nə “Daşkənd Vahid”lər, “Səmərqənd Samir”lər, “Buxara Gülağa”lar, “Xarəzm Nazim”lər çıxıb.

Yəqin ki, Mirziyayev ingilislər kimi etməz, 3-4 ildən sonra ölkəyə milyonlar gətirmiş adamları “çirkli pul yumaq”da təqsirləndirib varidatlarını əllərindən almaz. Seyid adamdır…

Загрузка...