Yaxud Meydan hərəkatımıza elmi-tarixi baxış
Deyir Eynşteyni “niprav” çıxardan, bütün günü müsəlmançılığın xeyirlərindən danışan bir başabəla eks-siyasətçimiz internetdə harasa intervü verirmiş, bu zaman onun arxasında ekrana yekə araq butulkası düşübdür. İndi dostumuz açıqlama verib, butulkanın ona dəxli olmadığını, sadəcə, həmin otağa ancaq intervü vermək üçün girdiyini söyləyibdir. Sən demə özünün müstəqil şəkildə “Skayp”dan başı çıxmırmış (anan ölsün, Eynşteyn). Lap hesab edək belədir. Ancaq işi şübhəli edən bir detal tamaşaçıların gözündən yayınmayıbdır. Deyir veriliş gedərkən kimsə böyürdən çıxıb butulkanı fondan yığışdırıbdır. Məqsəd nədir? Əgər sənə dəxli yox idisə, niyə axıracan qalmayıb? Bunlar bizim daxili siyasətdə olduqca mühüm detallardır. Vaxtilə araq içdiyinə görə hoydu-hoyduya götürüb böyrünə vedrə bağladığımız siyasətçilərimiz olmuşdur. Onlardan biri hətta çaşıb prezident kürsüsünə çıxmışdı.
Ancaq köhnə palan içi eşələmək fikrim yoxdur, üstəlik, mən siyasətə qarışmıram. Sadəcə, bu araq butulkası əhvalatı tələbəlik dövrümüzü yadıma saldı. O zaman İqtisadiyyat Universitetinin Dərnəgüldəki yataqxanasında, 2-ci qatda qalırdıq, həmin qatda isə çox maraqlı tiplər toplaşmışdı – içi mən qarışıq (təvazökarlıq olmasın). Örnək üçün, bir şahmat qrossmeysterimiz (Sərxan Quliyev), bir gələcək alimimiz (Qubad İbadoğlu) vardı. Boksçu, şair, qəzetçi, naxçıvanlı və sairə də yadıma gəlir. Mərtəbənin öz itoynadanları, mədəni dildə yazsaq, komikləri də vardı, bunlar isə Biləsuvar uşaqları idilər. 3 nəfər – Elçin, Vəli və Zahid bir otaqda qalırdı. Onların yataqxanada çıxartdığı oyunlar dillər əzbəri olmuşdu, daha doğrusu, Elçinlə Vəlinin. Zahid onların tam tərsi, sakit, yumşaq xasiyyətli, necə deyərlər, başı aşağı bir tələbə idi. Bir gün Zahid yatarkən onun çarpayısının yanına stul qoymuş, üzərində araq butulkası, xiyar turşusu-filan düzmüşdülər, şəklini çəkmişdilər. Elçin həm də yaxşı fotoqraf idi – o zamanlar, 90-cı illərin əvvəlində bunu hər adam bacarmırdı. Yadımdadır ki, uşaqlar bir neçə il fağır Zahidi həmin foto ilə şantaj edib məzələndilər, deyirdilər bunu sənin atana göndərəcəyik. Zahidin atası isə Biləsuvarda çox hörmətli din xadimlərindən biri idi, hətta yanılmıramsa axund idi.
Bütün bunları niyə yazdım? Doğrusu, heç özüm də bilmirəm niyə yazdım. Hər yazının səbəbi mütləq olmalıdırmı? Özü də siyasətə qarışmayanların ölkəsində… Sadəcə, ömür ötdükcə baxırsan ki, tez-tez dejavyu yaşayırsan. Misal üçün, 25-30 il qabaq bizim bir müxalifətçini rayonda dana oğrusu kimi ittiham eləmişdilər. İndi hərdən eşidirəm dostumuz internetdə millətə ağıl öyrədir. Millət də qulaq asır. Heç yadına salmır ki, ey dadi-bidad, axı bu bizim həmin dana oğrusudur. Bəlkə bu üzdən kasıb kəndlilərə verilən dana proqramı fıs çıxdı, arıq heyvanlar millətin əlində qaldı? Nə biləsən… Vaxtilə bu zırıltını bizə “səbəb-nəticə əlaqələri” adıyla öyrədirdilər. Fəlsəfə dərsində.
O zamanlar tələbələrin dərsdən qaçıb mitinqlərə getməsi də modda idi. Guya xalq hərəkatının hərəkətverici qüvvəsi idik. Əslində isə auditoriyada oturub hansısa gic professorun marksizm temasında mühazirəsini dinləməkdənsə küçədə “Laqeyd olmayın, bizə qoşulun, istefa, Siyaməkə azadlıq!” anqıran idiotların ardıyca düşmək maraqlı gəlmişdi. Bu, yeni, ekzotik bir şey idi, o macəraların axırının indiki kimi qurtaracağı ağlımıza gəlmirdi. Ağıl var idi ki?
Həmin Siyaməklə bağlı da bir gülməli xatirəm var. Bir gün yenə küçəyə düşüb hay-huyla (indi bəzi tarix dərsliklərində o günlərin “milli-azadlıq hərəkatı” adıyla tədrisini görəndə qıdığım gəlir), səbəbini, ünvanını bilmədən “istefa, azadlıq” qışqırıb gedirdik. Qarşı küçədən hansısa dəstə “Siyaməkə azadlıq” qışqırıb gəlirdi, biz bunu eşidəndə duruxduq. Heç kim adamı tanımırdı. Hətta kimsə dedi ki, səhv eşidirsiniz, Neyməti tutublar (“y” hərfini inandırıcı olsun deyə xüsusi vurğulamışdı), camaat da “Neymətə azadlıq” qışqırır. Ancaq yaxınlaşanda gördük Nemət söhbəti yoxdur, həqiqətən Siyamək adlı adamdan söz gedir. Sözgəlişi, üstündən 30 il keçir, mən hələ də bilmirəm o nə Siyamək fırıldağı idi, ortaya kim atmışdı. İrandan bura keçmiş, sərhəddə tutulan hansısa tip bizim Meydan hərəkatının qəhrəmanına dönmüşdü. Bəlkə də o, tiryək keçirərkən tutulmuşdu, nə biləsən…