Belə müdrik fikir var, deyir reklam ticarətin mühərrikidir. Doğrudan da reklam nəinki ticarət, iqtisadiyyatın bütün sahələri üçün hərəkətverici qüvvədir. Bazar iqtisadiyyatında reklamsız hər hansı məhsulu satmaq, çalışdığın sahəni qabağa aparmaq faktiki mümkünsüzdür.
O üzdən dünyanın böyük şirkətləri reklam kampaniyalarına bəzən milyardlarla dollar sərf edirlər. Misal üçün, 2011-ci ildə (internetdə qarşıma ilk bu çıxdı, düşünürəm yeni rəqəmlər də fərqlənməz) Koka Kola firmasının reklam xərci 3 milyard 256 milyon dollar olub. Həmin il Apple reklama 933 milyon dollar, Maykrosoft isə 1 milyard 900 milyon dollar xərcləyib. Bəyəm bunlar dəli olublar? Pullarını çölə tökürlər? Yox. Özünü hər gün göstərməlisən. Rəqabət şəraitində daim yeni üsullarla bəzənib-düzənib millətin qarşısına çıxmalısan. Əks halda uduzarsan.
Nə üçün bunları yazıram? Fikir versəniz bizim ölkədə reklam bazarı həm məzmun, keyfiyyət, həm statistika, say baxımından olduqca kasaddır. Bu, iqtisadiyyatda rəqabət mühitinin olmadığını göstərən önəmli indikatorlardan biridir. Hər sahə monopoliya altındadırsa, bazar iqtisadiyyatı, liberal marketinq və menecment yoxdursa, gəlirlər əsasən dövlət sektorunda (həm rəsmi, həm qeyri-rəsmi anlamda) cəmlənibsə, nəyi reklam edəcəksən? Kiminlə yarışacaqsan? Ehtiyac yoxdur. Birincisi, ziyana düşmək qorxusu, uduzmaq həyəcanı sıfırın altındadır, çünki onsuz ziyan eləsən dövlət büdcəsindən dotasiya alacaqsan. İkincisi, sənin bazarda itirdiyin yerə elə özün başqa adla girəcəksən. Mən keçən il bir supermarketimizdə eyni firmanın altı müxtəlif adla satışa çıxardığı günəbaxan yağı saymışdım. Guya bu yolla bizdə bazar iqtisadiyyatı, fərqlilik, rəqabət nümayiş etdirilir. Gülməlidir. Uşaq başı aldatmaqdır.
90-cı illərdə, lap elə 2000-lərin əvvəlində bizim iqtisadiyyatda pul indikindən az olsa da, neft gəlirləri hər yeri doldurub qaraltmasa da reklam bazarı bundan zəngin idi. Yadıma gəlir, 1998-ci ildə çalışdığım müxalif qəzet Bakıdakı reklam sərgisində iştirak edirdi və biz reklam tərəfdaşımız olan şirkətlərin adlarını (orada xeyli transmilli şirkətlə yanaşı yerli sektor da təmsil olunmuşdu) bir tabloya yazmışdıq. Yerləşdirmək çətin olmuşdu. İndi kimə desəm inanmaz: 110 şirkətin adı vardı o tabloda! Müxalifət qəzetinə reklam verən 110 şirkət… Nağıl kimi gəlir. Nağıllar dünyasında yaşamışıq, xəbərimiz olmayıb.
Məhz rəqabət və başqa iqtisadi faktorlar reklam bazarında yaradıcılığı da inkişaf etidirirdi. Çəkilən reklam rolikləri az qala qısa filmləri xatırladırdı. Misal üçün, bir mobil rabitə şirkətinin bazara “-Hüdudları aşacaqsınız! -Axı necə?” sloqanı, qazlı su içib qatarı saxlayan adam, “Aytənin ayrobikası”, hətta bir qədər sonrakı dövrün “O hər şeydə atasına oxşamaq istəyir” reklamı və sairə maraqlı işlər idi. İndi gəlin görək son 5 ildə hansısa yaddaqalan reklam görmüşükmü? Belə reklamlar nə internetdə, televiziyada, nə də küçədə rastımıza çıxmır. Sözgəlişi, bizdə 2017-ci ildə hətta Dövlət Reklam Agentliyi də yaradılıb. Bu ADRA-nı yaratmaqda məqsəd küçə reklamlarını satmaq üçün vahid mərkəz yaratmaq olsa da, məncə adı bizdəki vəziyyəti əks etdirir. ADRA-nın öz brendi isə 30-cu illərin sovet kolxoz plakatlarını xatırladır.
Yeni il öncəsi internetdə qarşıma bir reklam çıxmışdı. Orada evə elçi gəlirdi, elçilər ağzını açmamış ata qızını verirdi, deyirdi şirinçay gəlsin. Sən demə dükan faizsiz kredit kampaniyası keçirir, ata da tələsir ki, qızı versin, cehizi tez ala bilsin. Təsəvvür edin. Məncə bu, insana, qız uşaqlarına hörmətsizliyin ən həyasız nümayiş üsullarından biri idi. Ata heç maraqlanmır bu gələn tiplər hansı yuvanın quşudur. Təki cehiz alma kampaniyasına düşsün. Elə bil qızı kreditlə ərə verirdi.
Yaxud, buna mən özüm qulaq asmamışam, bir dost danışıb, deyir radioda reklam gedirdi, ər boru ilə nəsə qayırır, arvad da deyir Allah atana rəhmət eləsin. Ər deyir sağ ol, arvad isə deyir sənin atana rəhmət oxumurdum ki, borunu istehsal edən şirkətin müdirinin atasına rəhmət oxuyurdum. Mən təsəvvür eləmək istəmirəm hər hansı orta statistik azərbaycanlı ailəsində o ər o boru ilə həmin arvadın başına hansı oyunu açardı.
Müqayisə üçün fərqi göstərirəm. Eyni vaxtda bir beynəlxalq bankın reklamına rast gəlirik. Ana mətbəxdə iş görə-görə noutbukda, onlayn dükanda körpələrinə paltar seçir. Bu zaman uşaqlar ağlayır, hərəsini bir əlində qucağına alır, o anda bankın hesabında alışı təsdiq düyməsini basmaq lazım gəlir və… düyməni burnu ilə basır. Gözəl, optimist duyğular oynadan maraqlı bir reklam çarxı idi. Çünki azad bazar mühitində yaranmışdı.