Razılaşmaqdan başqa çarəsi yoxdur, sosial şəbəkələr, xüsusilə də Feysbuk peşəkar medianı üstələyib. Düzdür, mötəbərlik baxımından əvəz edə bilmir, amma populyarlıqda, ajiotaj, ictimai rəy yaratmaq xüsusunda ötüb keçib.
Bir də görürsən, elə mövzular olur ki, A.-dan (“Azərbaycan” qəzetindən) ta Z.-yə (“Zaman” qəzetinə) qədər heç kim yazmır, amma Feysbuka baxırsan, hər iki statusdan biri həmin mövzudadır. Hələ bununla qalmır, statusların şərh bölümlərində qırğın-qiyamət gedir, görürsən, polemika diskussiyaya qarışıb, müzakirə mübahisəyə dolaşıb və sair və ilaxır.
İctimai yerlərlə gedirsən, böyür-başdan hey eşidirsən ki, hamı Feysbukun gündəmindəki haqq-hesabdan danışır.
Elə bil, Feysbuk bir vahid saytdır və hamımız onun abunəçisiyik. Eyni zamanda hamımız o saytın adminiyik, yazarıyıq və hər birimiz ümumi mövzuda fikir bildirməliyik. Olur ki, o “admin-yazar”lardan biri gündəmdənkənar post yazır və ya şəkil paylaşır, ona fikir verən olmur. Əsas gündəmdəki məsələdir, onu müzakirə edib qurtarmamış, saqqız kimi çeynəyib şirəsini tükətməmiş heç kəs gündəmi dəyişə bilməz.
Bəzən də iki-üç mövzu eyni cür, bərabər şəkildə Feysbukun gündəminə oturur. O zaman şəbəkə fəalları hər üç mövzuya dair nəsə yazır, paralel müzakirələr başlayırlar və bu, heç kimə mane olmur. Hətta virtual həyat daha maraqlı olur.
Məsələn, bu günlərdə elə oldu, Feysbukda aclıq edən məhbusun məsələsi ilə kəndlilələrə “kəndçi” deyən deputata dair kampaniyanın şüddətləndiyi vaxtda qulluq mövqeyni icra edərkən fiziki təzyiqə məruz qaldığını deyən və aidiyyatı qurumlara şikayət edən cantaraq zabitin şəkli, necə deyərlər, “internetə düşdü” və istifadəçilər üç cəbhədə “vuruşmalı” oldular.
Belə bir vaxtda dördüncü məsələ – Ermənistanın sabiq prezidenti Robert Köçaryanın atasının azərbaycanlı olması söhbəti gündəmə oturmadı.
Əslində bu da maraqlı, araşdırılmalı, aktual, hətta önəmli məsələdir. O iddia ilə Haykaz adlı bir erməni yazar çıxış edib və çoxlu adlar çəkib, ünvanlar göstərib. Haykaz iddia edir ki, Köçəryanın göyçək maması Asmik ötən əsrin ortalarında Daşkəsəndə müəllimə işləyirmiş. Rayon təhsil şöbəsinin müdiri Məcid müəllim buna göz qoyub, məktəb direktoru təyin edib və onlar nikahdankənar münasibətə başlayıblar, arada Robert doğulub və Asmik onu aparıb Xankəndidəki qohumlarına verib. Sonra rayonun Əli (Haykaz soyadları da yazıb, sadəcə mən yazmıram) adlı başçısı (raykomu) da Asmikə tamah salıb və Məcid müəllimi rayondan uzaqlaşdırıb. Rayonda yeni eşq dastanı başlayıb – Əli-Asmik. Haykaz yazır ki, bu qadın ta 1988-ci ilə qədər Daşkəsəndə böyük vəzifələr tutub, hətta ikinci katib də olub. Hə, bir də yazılır ki, Asmik arada Sedrak Koçaryan adlı bir əlilə ərə gedib və oğlunu da onun adına saldırıb.
İndi bu, nə dərəcədə inandırıcı söhbətdir, bunu Məcid və Əli adlı müəllimlərin qohum-qardaşları, Daşkəsən camaatı, bir də təbii ki, sağdırsa, Asmik axçi özü bilər.
Razılaşaq ki, maraqlı söhbətdir – o qədər inandırıcı olmasa da. (Hərçənd niyə olmasın, o illərdə minlərlə vəzifə adamının bu sayaq macəraları olurdu, əksər dövlət idarə və müəssisələri katibə, mühasib, “kadr-otdel” işləyən asmiklərlə, onların “zavxoz” işləyən ərləri sedraklarla, anbardar qardaşları serojlarla doluydu).
Hətta bu, sırf Paşinyan tərəfdarı olan adamların Koçaryana qarşı başlatdıqları qara piar kampaniyasından ibarət olsa da, bizim Feysbuk iştirakçılarının geniş müzakirəsi üçün əla material idi. Fəqət fikir verən olmadı. Nəticədə gül kimi mövzu murdar olub getdi. Eybi yox, ara sakitləşəndə bu mövzuya yenə qayıtmaq olar. Sadəcə, mat qalmalı işdir ki, bizim istifadəçilər belə lirik-romantik-erotik-satirik mövzuları qoyub siyasətdən yazan deyildi, nə oldu birdən-birə…
O gün məşhur rejissor Karen Şaxnazarov kişi kimi boynuna almışdı (videosu da vardı) ki, ulu babası Məlik Şahnəzərov Şuşanı tikən azərbaycanlılardan biri olub. Bu, 200 il əvvəlin söhbəti olduğuna görə güman ki, o qədər müzakirə olunmayacaqdı, amma Asmikin cavanlığını görənlər “yada düşər xatirələr” silsiləsindən müzakirəyə qoşula bilərdilər. Heyf…