“Bura girən hər kəs, ümidlərini eşikdə burax”
(Dante Aligyeri, “İlahi komediya”)
Deyir, Bakıda Nobel prospektində asfalt yol təzədən çökübdür, qara dəlik açılıbdır. Bəlkə də o dəlikdə başqa dünyalara, paralel kainatlara yol açılır. Elə bir dünyalar ki, orada korrupsiya, yaltaqlıq, qorxaqlıq yoxdur. Əlbəttə, bu mənfi hallara heç bizdə də rast gəlinmir, mən Ermənistandakı dözülməz vəziyyəti nəzərdə tuturam.
Yolun çökməsi səbəblərinə gələndə, su idarəsi yol idarəsini, onlar ekologiya idarəsini (ağaclar qırılmasa yollar çökməz), ekoloqlar müəllimləri (yaxşı dərs keçsələr, yolqayıran mühəndislər savadlı olar), müəllimlər baytarları qınamışdır. Bəli, həqiqətən kənd təsərrüfatının bu işdə mühüm rolu vardır. Keçən il Biləcəridə tutulan kanalizasiya xəttindən dana kəllələri çıxmamışdımı?
Eyni zamanda biz küçənin adına diqqət verməliyik. Nobel prospekti nə deməkdir? Axı nə olsun 130-140 il qabaq Alfred Nobel müəllim və onun qərdeşləri Bakıya gəlib burada nöyüt çıxarıblar? Pul qazanıblar da bə, özləri üçün. Bəyəm həmin Nobellərin Azərbaycana iqtisadi, mədəni, siyasi, sosial baxımdan hansısa xeyri dəyibmi? Bakı üçün hansı yaddaqalan iş görüblər, kimin yaralı barmağına məlhəm olublar, harada bir tarixi obyekt, memarlıq qurğusu yadigar qoyub gediblər? Yoxdur belə şeylər. Bəs biz paytaxtımızın eşşək boyda bir prospektini bunların adına nə üçün qoymuşuq? Səbəb nədir? Yenə görüm-baxım üçün indi Nobel mükafatını Fikrət Qocaya, Anar müəllimə, Kamal Abdullayevə, Qulu Ağsəsə versəydilər, fikirləşərdik, qanacaqları çatdı. Yoxsa o boyda neft pulumuzu qazanıblar, o kinoda deyilən kimi, adi sosiska mükafatı da almamışıq.
Əgər Bakıda neft çıxardan hər şirkətin, adamın adına prospekt qoyulacaqsa, təklif edirəm, Babək prospektini dəyişib Britiş Petrolium prospekti edək. Xərci də az çıxar – ilk hərfləri eynidir. Üstəlik, bp-nin apardığı neft Nobelin apardığından qat-qat artıq olar. Bəs ədalət haradadır? Yəqin elə Kamal müəllimə Nobel verilmədiyi ədalətsizliyi üzündən o yol hər aybaşı çökür. Buna son qoymalıyıq. Qoy ədalət zəfər çalsın!
Sözgəlişi, küçələrimizə dəxli olmayan adların verilməsini dayandırsaq yaxşıdır. Misal üçün, birdən Bakıda qarşına küçə çıxır, görürsən yazılıb: “Kral Hüseyn küçəsi”. Qalırsan məəttəl. Bu hansı Hüseyndir, hansı ölkənin kralı olub, camaat da bilmir. Yaxud Biləcəridə Məhəmməd Füzuli küçəsini özüm görmüşəm. Ulu şairin bura nə aidiyyəti olub? Bəlkə rəhmətlik buradan qatara minib Bağdada gedibdir? Ən yaxşısı küçələri coğrafi mövqeyinə, ərazidəki obyektlərə görə adlandırmaqdır. Örnək üçün, bugünlərdə Böyük Şor gölünü kəsən yola Böyükşor küçəsi adı verildi. Necə gözəldir, orijinaldır! Yaxud küçədə haçansa yiyəsiz itlər bir adamı parçalayıbsa, nədən ora İtqapan adı qoymayasan? Həm yadda yaxşı qalır, həm tarixi məna daşıyır. Yoxsa metrodan çıxırsan, görürsən yazılıb Dakar meydanı. Heç dəxli var? Bəlkə bu dəqiqə Seneqalda heç kəsin yadına düşmür ki, it ilində, sovet hökumətinin vaxtında Bakı ilə qardaşlaşmış şəhər olublar. Orada camaat ev bazarı açıb neçə illərdir. Gəl indi o meydanın adını Makler meydanı qoy, gör necə gözəl olur. Vaxtilə Bakıda adlar elə bu cür qoyulurdu. Misal üçün, Kömürçü bazarı deyilən yer vardı. O cümlədən, yüz ildir min dənə ad dəyişiblər, ancaq xalq hələ də Bakının Şimal çıxışındakı küçəyə “Şamaxinka” deyir. Niyə, çünki bunun mənası var! Buradan yol Şamaxıya gedir. Sən ora nə qədər Moskva, Tiflis adları qoy, millət onu qəbul etməyəcək, təsəvvürünə gətirməyəcəkdir.
Elə bu Nobel prospektini biz Qara dəlik prospekti adlandırsaq dünya astrofizikləri üçün sevimli ünvana çevrilərik. Hər yerdə qəzetlər-zadlar yazar ki, Bakıda Qara dəlik adına prospekt var. Nəticədə Qarabağ dərdimiz azalar, Azərbaycan həqiqətlərini dünyaya çıxardarıq.