Son 10-15 ildə ölkəmizdə bir sosioloji dəb var: ilin müəyyən vaxtlarında sovet xiffəti baş qaldırır.

Bu, əsasən may, noyabr və dekabr aylarında baş verir. Dekabrın son günü üzünü bizə tutub Yeni ilin gəldiyini xəbər verəndə sovet nostaljisi kükrəyir.

Adamlar mütləq sovet dövründə keçirilən bayramların təntənəsini, təmtərağını xatırlayır, xiffət çəkirlər, ötən günlərdən danışdıqca danışırlar: “O vaxt eləydi, beləydi…”

Bunu bir qədər təbii qarşılamaq lazımdır. İnsanların xiffət çəkdiyi şey heç də əski sovet-kommunist rejimi deyil, ötüb keçmiş gənclikləridir. Gənc olanda hər şeyin dadı-duzu başqa, rəngi də al-əlvan olur axı.

Ona qalsa, ömrünün ən yaxşı 20 ilini (25-dən 45-ə qədər) Maqadanda həbs düşərgəsində keçirmiş sabiq dustaqlar da görüşəndə bir-birinə deyirmişlər: “Eh, necə də gözəl günlər idi, 45 dərəcə şaxtada Kolımdan Maqadana etap edilməyimiz yadındadırmı…”

Ancaq artıq “uzaq keçmiş” adlandıra biləcəyimiz (30-35 il artıq çox da yaxın tarix deyil) o günlər retuşlanıb, romantikləşdirilib, “dünyanın düz vaxtı”, “hər şeyin gözəl olduğu dövr” kimi təqdim ediləndə o zamanları görməyən gənc nəslin qafası qarışır, onlarda fərqli bir siyasi-ideoloji düşüncə formalaşır.

Yalan nəyə lazım? Sovet rejiminin qılıncının dalı da, qabağı da kəsən çağlar əslində qələmə verildiyi kimi, gözəl, parlaq dövrlər deyildi.

O zaman da ayrı-seçkiliklər vardı, raykomların, prokurorların, rəislərin övladları böyük pul-para gücünə ən yaxşı universitetlərə qəbul edilirdilər, Moskvada, Leninqradda kef edə-edə oxuyurdular, qayıdıb gəlir, ən yaxşı vəzifələrdə işləyirdilər. Kasıbın balası illərlə işsiz qalırdı.

Düzdür, böyük vəzifəlilər bahalı evlər tikdirə, özlərinə şəxsi avtomobil qarajı düzəldə bilmirdilər, amma hamısının bəs qədər pul-parası vardı, ən bahalı, defisit geyimləri geyir, ən yaxşı, delikates qidaları yeyirdilər.

Harın övladlar mövzusu indinin söhbəti deyil ki. Sovet dövrünün harınlarını görəydiniz. İndi heç olmasa onların harınlığından, qudurğanlığından mediada, sosial şəbəkədə nəsə yazılır, sovet dönəmində bu, mümkün deyildi. Məsələn, bir dəfə küçədə yolu keçən qəşəng qızlara baxan bir vəzifəli şəxsin oğlu dayanacaqda avtobus gözləyən 3 fəhləni divara yapışdırıb və hadisə yerindən qaçıb. Onun vəzifəli atasının bir zəngi ilə həmin iş yat-yut edilib, sənədləşdiriblər ki, maşın bir saat öncə qaçırılıbmış və qəzanı da həmin avtomobil oğrusu törədib.

İndi yarmarkalar, mağazalar ucuz-ucuz geyimlərlə təpili-tıxılıdır. Sovet dövründə ən keyfiyyətsiz malları belə tapmaq olmurdu, kimin dost-tanışının, qohum-əqrəbasının yolu Moskvaya, Leninqrada düşürdüsə, orada ayaqqabı, palto, köynək, kostyum alıb gətirirdi. Ya da bütün bunları alverçilərdən 3-7 qat bahasına almalıydıq. Məsələn, adi cins şalvar (hazırkı qiyməti 20-30 manat) o zamanlar 250 manat idi, Yuqoslaviyada, Finlandiyada istehsal olunmuş kostyumlar 500 manatdan başlayırdı. Mühəndis, müəllim 150-200 manat, fəhlələr isə əsasən 75-100 manat maaş (bəzi sahələr istisna) alırdılar.

Ərzağa gələk. Elə bir qıtlıq hökm sürürdü ki, indi elə bir şey olsa, millət ya qırılıb gedər, ya da dünyanı dağıdar. Böyük yağ-pendir zavodunun fəaliyyət göstərdiyi varlı rayonun əhalisi toy edəndə yağı gedib Gürcüstandan, ya da Ermənistandan alıb gətirirdi. Aylarla qənd, şəkər tozu tapılmırdı.

Geniş yayılmış bir fikir var ki, sovet dövründə haqq-ədalət vardı, şikayətə-zada baxırdılar. Əfsanə söhbətdir. Hər gün Moskvaya bir neçə ton şikayət məktubu gedirdisə, o necə ədalətli quruluş imiş? Ədalətli ölkədə bu qədər şikayət edən, Kremldən mədət uman olardımı?

Bir ara doğrudan da israrlı olanda, məktubun ünvanına çatması barədə bir çamadan dolusu bildiriş toplayandan sonra doğrudan da şikayətə baxan olurdu, amma son illərdə mində bir şikayətə baxırdılar.

On minlərlə insan Azərbaycanın Astarasından keçib İran Astarasındakı, bəridəki Culfadan aşıb İran Çulfasındakı qohumlarını görmədən ölüb getdilər. Arazı o taya keçmək, Sədərəkdən Türkiyəyə adlamaq üçün Moskva icazə verməliydi və vermirdi. Nəticədə xalqımız dünyada bizim kimi olan, bizim kimi danışan xalqların mövcudluğundan bixəbər qalmışdı.

Söz yox, sovet dövrünün örnək götürüləsi cəhətləri də vardı – təhsil, səhiyyə və s. Hətta gənclərin Rusiyanın uzaq guşələrinə aparılıb işlə, evlə təmin edilməsini də müsbət hal kimi qeyd etmək olar (hərçənd bu, rusifikasiya siyasətinin tərkib hissəsiydi). Dürüst, prinsipial kommunist rəhbərlər də vardı.

Onunla da razılaşmaq olar ki, bir çox şeylər indi daha pisdir.

Bununla belə, sovet dövrü heç öyüləsi, xiffəti çəkiləsi vaxtlar deyildi. Biz irəliyə baxmalıyıq. Bu günə də qane olmamalıyıq, daha yaxşı, daha mükəmməl bir dövran yetişdirməliyik. Dönüb-dönüb geriyə boylanmağın faydası yoxdur.

Загрузка...